ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məxfilikdən çıxardığı arxiv sənədləri arasında yer alan bir kitab internet dünyasında və konspirasiya nəzəriyyəçiləri arasında böyük ajiotaj yaradıb. Söhbət amerikalı yazıçı Çan Tomas tərəfindən 1966-cı ildə qələmə alınan “Adəm və Həvva Hekayəsi” (The Adam and Eve Story) adlı qadağan olunmuş əsərdən gedir.
“Daily Star” nəşrinin yazdığına görə, uzun illər kəşfiyyatın seyflərində gizlədilən bu sənəd bəşəriyyətin tarixi, dinlər və qiyamət ssenariləri ilə bağlı tamamilə fərqli iddiaları ehtiva edir.
Guya hər 7000 ildən bir gələn qiyamət…
Kitabın əsas tezisinə görə, Yer kürəsindəki sivilizasiyalar hər 7000 ildən bir qlobal fəlakətlər və dövri apokalipsis nəticəsində tamamilə məhv olur. Müəllif iddia edir ki, bu dövri kataklizmlər Müqəddəs Kitablarda bəhs edilən “Ümumdünya daşqını” (Nuh Tufanı) ilə birbaşa bağlıdır və bəşəriyyət mütəmadi olaraq bu fəlakətlərlə sıfırlanır.
“İsa peyğəmbər bəşəriyyəti xəbərdar etmək istəyən alim olub…”
Çan Tomasın əsərində ən radikal və sensasiyalı iddialar İsa peyğəmbərin şəxsiyyəti ilə bağlıdır.
Müəllif iddia edir ki:
• Xəbərdarlıq missiyası: İsa ənənəvi dini mənada bir peyğəmbər deyil, Hindistana səyahət edərək gizli elmlərə yiyələnmiş bir alim olub. O, bəşəriyyəti yaxınlaşmaqda olan bu qlobal 7000 illik fəlakətdən xəbərdar etməyə çalışıb.
• Çarmıxdakı son sözlər: İsa peyğəmbərin çarmıxa çəkilərkən qədim dildə dediyi son sözlər əslində ilahi nida deyil, yaxınlaşan qaranlığın və fəlakətin etirafı olub.
• Pasxa günü və UNO(Uçan Naməlum Obyekt) iddiası: Müəllifin ən fantastik iddiasına görə, Pasxa günü İsa göylərə ilahi şəkildə ucalmayıb, o, yadplanetlilərin kosmik gəmisi (UNO) tərəfindən ərazidən təxliyə edilib.
Müasir elm və tarixçilər isə bu iddiaların heç bir sənədli əsası olmadığını bildirərək onları tamamilə rədd edir.
Müəllif kimdir və CIA niyə onunla maraqlanıb?..
Kitaba olan marağı artıran digər məqam müəllif Çan Tomasın şəxsiyyətidir. O, dövrünün məşhur aerokosmik şirkəti olan “McDonnell Douglas”-da tədqiqat qrupunun üzvü olub. Həmin qrupa rəhbərlik edən doktor Robert Vud sonradan ABŞ-ın ən tanınmış UNO və anomal hadisələr üzrə ekspertinə çevrilib.
Vud öz xatirələrində Toması yadplanetlilərlə birbaşa təmasda olduğunu iddia edən, olduqca qeyri-adi və dahi bir mütəfəkkir kimi təsvir edib. Məhz bu ufoloji keçmiş yarım əsr əvvəl yazılmış sıradan bir konspirasiya əlyazmasını bu gün CIA arxivlərinin ən gizli mifinə çevirib…



