İnsan ömrü qəribə bir yoldu. Yolun başlanğıcını insan özü seçmir. Harada doğulacağını, hansı torpağın havasını ilk dəfə ciyərlərinə çəkəcəyini, hansı küçənin uşaqlıq yaddaşına çevriləcəyini əvvəlcədən bilmir. Amma yolun sonrakı dayanacaqlarında öz imzasını özü qoyur. Həyatın mənası da bir az elə bundadır – verilən ömrü necə yaşamaqda1..
Nataşa Cəmil qızı Bədəlovanın ömür yolu da uzaq bir məkandan — Ermənistanın Qafan rayonundan başlayır. 5 sentyabr 1966-cı ildə dünyaya gələn Nataşa xanımın uşaqlıq illəri, gəncliyə açılan ilk addımları həmin torpağın yaddaşında qalıb. Sonralar həyat onu başqa ünvanlara aparacaqdı. O ünvanların içində Sumqayıt xüsusi yer tutacaqdı.
Sumqayıt…
Bu şəhərin adını çəkəndə adamın gözünün qabağına ilk növbədə zəhmət adamları gəlir. Zavodların tüstüsü, fabriklərin səsi, səhər tezdən işə tələsən insanlar… Bu şəhər illər boyu minlərlə insanın ömrünü öz taleyinə qatıb. Nataş Bədəlovanın da həyat kitabında Sumqayıtın ayrıca bir fəsli var.
Amma əmək yoluna çıxmazdan əvvəl təhsil yolu keçməli idi. 1986-cı ildə Azərbaycan Texnologiya İnstitutunun Mühəndis-texnoloq fakültəsinə daxil olan gənc Nataşa altı il sonra ali təhsilini başa vurur. Tələbəlik illəri yalnız ixtisas öyrənmək deyil, həm də həyata hazırlaşmaq illəridir. Auditoriyalarda alınan biliklər sonralar həyatın daha böyük auditoriyasında – əmək meydanında sınanır. Və həmin meydan açılır.
Sumqayıt Xovlu İpək Fabriki onun əmək həyatının ilk dayanacaqlarından biri olur. Fabrikdə çalışan insanların əməyinin özünəməxsus səsi var. O səs dəzgahların səsinə qarışır, günün-gündüzünə, illərin-illərinə çevrilir. İnsan burada yalnız iş görmür, həm də kollektivin bir parçasına çevrilir. Birgə görülən iş, bölüşülən məsuliyyət, gündəlik zəhmət insanın xarakterini cilalayır. N.Bədəlovanın əmək yolu bununla bitmir. Sonralar Sumqayıt Şəhər Komitəsində, daha sonra “Aztelekom” İctimai Birliyində çalışır. Müxtəlif iş yerləri, müxtəlif insanlar, müxtəlif məsuliyyətlər…
İllər bir-birini əvəz etdikcə insanın əlində qəribə bir sərvət toplanır: təcrübə. Bu sərvətin nə ölçüsü var, nə də qiymət etiketi. Onu illər verir, həyat verir, insanlar verir. Bəzən bir iş yoldaşının sözü, bəzən çətin bir gün, bəzən də məsuliyyətli bir tapşırıq insanın yaddaşında uzun müddət qalır.
Nataşa xanımın həyatında əmək fəaliyyəti ilə yanaşı, ictimai mövqe də özünəməxsus yer tutur. O, 2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Bu, onun ictimai-siyasi həyata münasibətini müəyyən edən faktlardan biridir.
İnsanın həyatını yalnız tarixlərlə danışmaq mümkündürmü?
05 sentyabr 1966-cı il – doğum tarixi.
1986–1992-ci illər – tələbəlik illəri.
Sonra əmək illəri…
2008-ci il – ictimai-siyasi həyata daha bir bağlılıq mərhələsi…
Kağız üzərindəki tarixləri mənə yubilyraın rəfiqəsi, sirdaşı Şelli Tağıyeva təqdim etdi. Şəxsən mən onu tanımıram. Amma Şelli xanım bu faktları elə şövq və həvəslə Verdi ki, istər-istəməz onun haqqında yazmaq keçdi könlümdən. Bəli, Şelli xanımın təqdim etdiyi tarix insan ömründə kök salmış xatirədir. Hər il yaşanmış günlərin toplusudur. Hər iş yeri insanın çevrəsi, hər səhər yeni başlanğıcdır. Məhz buna görə Şelli xanıma minnətdaram ki, belə nurli ziyalı xanımın yubileyini bizə xatırlatdı…
İllər keçdikcə adam anlayır ki, həyatın ən böyük sınağı çox yaşamaq deyil, yaşadığın illərə məna verməkdir. Bəzən bunun üçün böyük sözlərə, gurultulu hadisələrə ehtiyac olmur. Vicdanla görülən iş, insanlarla qurulan münasibət, ailəyə və cəmiyyətə münasibət, zəhmətə hörmət – bunların özü bir ömrün məzmununa çevrilə bilər.
Bu gün Sumqayıt onun həyatının əsas ünvanıdır. Vaxtilə gənc mütəxəssis kimi qədəm qoyduğu şəhər artıq onun ömrünün yaddaşına çevrilib. Burada onun işlədiyi müəssisələr, tanıdığı insanlar, keçdiyi küçələr, yaşadığı illər var.
İnsan bəzən bir şəhərdə yaşamır, şəhər insanın içində yaşayır. Sumqayıt da Nataşa Bədəlovanın həyatında belə bir şəhərə çevrilib.
İndi geriyə baxanda bir ömrün müxtəlif mənzərələri görünür: Qafanın uzaq illəri, tələbəlik auditoriyaları, fabrik dəzgahlarının səsi, iş otaqları, kollektivlər, illərin gətirdiyi təcrübə…
Bütün bunlar bir-birindən ayrı görünür. Amma hamısını birləşdirən bir xətt var: əmək yolu.
Bəlkə də insan haqqında ən doğru söz onun gördüyü işlərin arxasınca deyilir. Çünki söz unudula bilər, vəzifə dəyişə bilər, zaman keçə bilər. Amma halal zəhmətin izi qalır. Nataşa Cəmil qızı Bədəlovanın ömür yolu da belə bir izin hekayəsidir — doğulduğu torpaqdan başlayan, təhsildən keçən, əmək meydanında davam edən və illər ötdükcə insanın özünə qayıdan bir yol…







Daşdəmir ƏJDƏROĞLU



