Gündəlik həyatda hər birimiz ehtiyaclarımızı, tələbatımızı təmin etmək məqsədilə hansısa malların, xidmətlərin alıcısı kimi nağd hesablaşmaların iştirakçısı olaraq, ödənilmiş pulun əvəzində qəbz alırıq. Hər gün təkrarlanan bu proseslərin adiliyinə baxmayaraq, nağd hesablaşmaların rəsmiləşdirilməsi qaydaları və formalarından, bu rəsmiləşdirilmənin maraqlarımızın təmin olunmasından, nağd pul hesablaşmaların aparılması zamanı tərəflərin hüquq və vəzifələrindən hər birimiz məlumatlı deyilik.
Gələcəkdə hər birimizin yalnız istehlakçı deyil, həm də iş adamı qismində çıxış etməyimiz də istisna olunmur. Ona görə də nağd hesablaşmaların aparılması ilə bağlı lazımi hərəkətlər barədə məlumat vacibdir.
Reallıq göstərir ki, bəzi xidmət göstərənlər hələ də yeni nəsil nəzarət kassa aparatlarının istifadəsində maraqlı deyillər, qanuni ödənişlərin, kassa aparatlarının quraşdırılması əvəzinə kimlərəsə rüşvət verməyi seçirlər. Halbuki “işin üstü açılacaq” qorxusu ilə kiməsə rüşvət verməkdənsə, qanuni ödəniş edib rahat bir şəkildə fəaliyyət göstərmək daha məqsədəuyğundur. Bəs bəzi sahibkarlar niyə qanuni yolu yox, qorxaraq verdikləri rüşvət yolunu seçir?
Məsələ ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, problemin aradan qaldırılmasının yolu şəffaflıq və maarifləndirmədir:
“Şəffaflıq, hesabatlılığın, maarifləndirmənin gücləndirilməsi istiqamətində başlanan işlər davam etdirilməlidir. Harada kassa aparatı yoxdursa, qanunvericiliklə çoxdan müəyyən olunmuş əsaslarla kassa aparatı qoyulmalıdır”.
İqtisadçı Natiq Cəfərli açıqlamasında bunun çoxdankı və xroniki problem olduğunu vurğulayıb:
“Onun aradan qaldırılmasının ən yaxşı yolu maarifləndirmədən keçir. Bəzən kassa aparatı ilə işləmək sahibkarlara daha çox sərf edir, nəninki hər hansı “şirinlik” və ya rüşvət vermək cəhdi. Ona görədə çalışmaq lazımdır ki, iş adamları bu sahədə bilgilənsin. Bəzilərinin ümumiyyətlə məlumatı yoxdur ki, hansı növ vergi dərəcələri var. Əgər sadə vergi ödəyicisidirsə və dövriyyəsi azdırsa, hansı vergi növünə görə ödəniş etməlidir və s. Bu sahədə kifayət qədər məlumatsızlıq və bilgisizlik var. Bu məlumatsızlıq və bilgisizlik də insanları qanundan kənara, rüşvətə sövq edir”.
Onun sözlərinə görə, bu baxımdan maarifləndirici addımların atılmasına ciddi ehtiyac var:
“İstər televiziyalarda, istərsə də yazılı mətbuatda iş adamlarını məlumatlandıra biləcək daha çox verilişlərin, izahedici xəbərlərin,diskussiayların yayınlanması lazımdır. Əsasən də kiçik iş adamları, xırda bizneslə məşğul olanlar anlayarlar ki, onların qanuni işləməsi daha sərfəlidir, nəninki qorxa-qorxa, rüşvət verərək işləməsi.Yəni onlar bu məsələnin dərinliklərini bilsələr, qanuni formada işləməyə üstünlük verərlər. Sadəcə bilgi, məlumatlandırma çox aşağı səviyyədədir”.