ABŞ çəkildi, türk ordusuna buna görə imkan verdi – Sensasion baxış

0
498

Politoloq Vüqar Zifəroğlu ilə müsahibəni təqdim edirik:
– Türkiyənin Suriyanın şimalında əməliyyatı ABŞ, Avropa ölkələri və hətta İran tərəfindən qınandı. Türkiyənin təhlükəsiz bölgə yaratmaq təşəbbüsünə belə qeyri-adekvat reaksiyanın səbəbi nədir?
– Türkiyənin hərbi əməliyyatlara start verməsi ilə bağlı bəyanatından sonra Avropa ölkələri – Fransa, Almaniya, Böyük Britaniya bununla razılaşmadıqlarını bildirdilər. Ardınca da üç ölkə – Misir, Yunanıstan və Kipr tərəfindən eyni motivli bəyanatlar səsləndirildi. ABŞ isə zatən əvvəldən hərbi əməliyyatların keçirilməsinin əleyhinə olduğunu bildirmişdi. Prinsipcə belə reaksiyaların verilməsi gözlənilən idi. Bilirsiniz ki, Suriyada baş verən proseslərdə böyük güclərin maraqları toqquşur. Burda söhbət heç təkcə Suriyadan getmir, Yaxın Şərq böyük dövlətlərin geosiyasi və geoiqtisadi maraqlarının toqquşduğu bir məkandır. Bu mənada hər bir supergücün öz maraqları var və onlar bu maraqlar çərçivəsindən çıxış etməyə çalışır. Bir-bir bu ölkələri təhlil etmək olar. Məsələn, Fransa və Almaniyanın Türkiyənin yeni dalğa başlatmasının əleyhinə çıxış etməsinin ən başlıca səbəbi ilk növbədə qardaş ölkənin mövqelərinin güclənməsində maraqlı olmamalarından irəli gəlir. Ümumiyyətlə, Avropa ölkələrinin Yaxın Şərqdə ən azından 150 illik aktiv bir geosiyasi platforması var. Onlar Osmanlı çökdükdən sonra o boşluqları özləri doldurmağa başladılar. İndi Türkiyənin təkrar bu bölgəyə, özü də çox ciddi bir şəkildə qayıdışı və öz gücünü ortaya qoyması vaxtilə Osmanlının əleyhinə olan bu Avropa ölkələrini narahat edir. Onlar indi yeni, daha güclü, daha modern Türkiyə ilə üz-üzə qalmaqda maraqlı deyillər. Həmçinin burda geosiyasi və geoiqtisadi motivlər ön plana çəkildiyi zaman müəyyən ideoloji, dini məsələlər arxa plana keçir. Yaxın Şərqi idarə etmək təcrübəsi olan bir müsəlman ölkəsinin güc qazanması və özü üçün münbit şərait formalaşdırması ənənəvi xristian ölkələrinin maraqlarında deyil.
– Bəs ABŞ necə?..
– ABŞ əsasən Soyuq savaş dönəmi – 60-cı illərin sonlarından başlayaraq Yaxın Şərqdə daha aktiv rol almağa başladı. Bildiyiniz kimi, o zaman Soyuq müharibə gedirdi və Türkiyə ABŞ-ın, o cümlədən, NATO blokunun aparıcı və önəmli bir ölkəsi idi. O zaman Türkiyə həm Sovet imperiyası, həm də Yaxın Şərq siyasətində kilid ölkə statusunda idi. Lakin dövr dəyişdi, bu gün dəngələr də dəyişib. Bu gün müstəqil xarici siyasət yürüdən Türkiyənin Yaxın Şərqdə möhkəmlənməsi ABŞ-ın maraqları ilə də ziddiyyət təşkil edir. Burada biz artıq Amerikanın müəyyən mənada ərəb ölkələri ilə münasibətlərinə toxunmalıyıq. Çünki ən azı Səudiyyə Ərəbistanında bir neçə il bundan əvvəl baş vermiş vəliəhd dəyişikliyi onu göstərdi ki, ABŞ Yaxın Şərqdə yeni – Türkiyəyə alternativ bir model ortaya qoymaqda maraqlıdır. Vəliəhd dəyişikliyindən sonra bir sıra proseslər baş verdi – Qətər böhranı ortaya çıxdı, Yəməndə husilərin hərəkatı daha aktiv fazaya keçdi, Qaşıqçı cinayəti oldu. Bütün bunlar əslində ərəb ölkələrinin içində də müəyyən problemlərin olduğunu ortaya qoydu. Bununla da Türkiyənin rolunun əslində çox ciddi və əvəzsiz olmasıyla bağlı bir fikir yarandı. Lakin istənilən halda ABŞ-Türkiyə münasibətlərində zaman-zaman həm yaxınlaşmalar, həm də qopmalar, ayrılmalar olub. İstənilən halda, indiki məqamda Türkiyənin güclənməsi şübhəsiz ki, ABŞ-ın maraqlarına uyğun gəlmir. Bu mənada ABŞ daha çox regionda müxtəlif terrorçu qrupları dəstəkləməklə öz planlarını həyata keçirməyə çalışır. Buna misal olaraq separatçı kürd qruplaşmalarını – PYD, PJAK, PKK-nı göstərə bilərik. Türkiyənin hərbi əməliyyatlar keçirməsi əslində ABŞ-ın özü üçün təbii müttəfiqlər olaraq seçdiyi bu qruplaşmaları hədəf alması deməkdir. Ötən gün həmçinin üç ölkə (Misir, Kipr və Yunanıstan) bir araya gəlib Türkiyə əleyhinə bəyanat verdi. Əslində, bu üç ölkənin birlikdə bəyanat verməsi çoxlarına təəccüblü gələ bilər, amma burda qeyri-adi bir şey yoxdur. Misirin Yunanıstan və Kipr Respublikası ilə bir sırada durması və onlarla birgə etiraz etməsi müəyyən səbəblərin olduğunu göstərir. Yunanıstanla Kiprin zatən Türkiyəyə münasibəti bəllidir. Ələlxüsus son bir neçə ildə zaman-zaman Türkiyə ilə Yunanıstan arasında krizlər yaşanır. Bu cəhətdən Türkiyənin mövqelərinin güclənməsi aralarında hələ də həll edilməmiş problemlər qalan Yunanıstan və Kipr Respublikasının marağında deyil. Bu mənada onların bu cür reaksiya verməsi təbii qəbul olunmalıdır. Misirin isə səbəbləri başqadır. Bunun səbəblərini biz Ərəb baharında axtarmalıyıq. Xatırlayırsınızsa, 2012-ci ildə Ərəb baharı dalğasında Misirdə də dəyişikliklər edildi. Bu etirazlar dalğasının qucağında hakimiyyətə yeni bir qüvvə gəldi. Türkiyənin AKP iqtidarı Misirdəki bu hakimiyyət dəyişikliyini əvvəlcə gizli şəkildə dəstəkləsə də, sonradan açıq şəkildə bu dəyişikliyin lehinə çıxış etdi, həta ixvançıları dəstəklədi. Türkiyə hətta öz mövqeyini rəsmi səviyyədə də bildirdi. Lakin Misirdə sonradan gedən proseslər tamamən bumeranq effekti verdi və nəticə etibarilə general Sisinin rəhbərliyi ilə hərbi çevriliş baş verdi. General Sisi ilk hədəf olaraq ixvançıları seçdi. Bu zaman Türkiyə hərbi çevrilişi pislədi, ixvançıları açıq şəkildə dəstəklədi. Nəzərə alsaq ki, bu gün də Misirdə hakimiyyətdə olan qüvvələr hərbi çevrilişi edən kəslərdir, Misirin də bu mənada Türkiyənin əleyhinə olması təbii qarşılanmalıdır.
– Türkiyəyə tutulan iradlardan biri də Suriyanın suverenliyini pozması iddiasıdır. Amma Türkiyə dəfələrlə Suriyanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Hətta əməliyyat öncəsi də Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə təkrarlayıb. Belədirsə, niyə bu bəhanə əsas gətirilir?