Üz ağardan “qırmızı”: belə getsə, pomidor nefti geridə qoyacaq

0
427

“Təkcə Rusiyada ildə təxminən 4-5 milyard dollarlıq pomidor satılır. Bu bazardan Azərbaycan ən az 10 faiz pay götürə bilsə, yüz milyonlarla dolların hər il ölkəmizə daxil olmasını təmin etmək olar”

Xalid Məmmədov, Sputnik Azərbaycan

“Azərbaycanda istixana sahələrinin artırılması mövsümdən sonrakı dövrdə pomidor satışını mövsümə uyğun olan qiymətlərlə təmin etmək imkanı verir”. Bunu jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, hazırda ölkəmizdə həm istixana sahələrinin, həm də açıq sahələrin genişləndirilməsi pomidor istehsalının və ixrac həcmlərinin artırılmasına imkan yaradır:

“Ölkədə pomidor mövsümünün iki həftə gec başlanması mövsümün hazırda da davam etməsinə səbəb olub, bu da qiymətlərin aşağı düşməsinə imkan yaradıb. Hazırda qiymətlər keçən ilin eyni dövrü ilə müqayisədə 30-40% aşağıdır”.

İstixanaların artırılmasının pomidorun qiymətinə təsiri ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, məhsulun bol olması daha yaxşıdır: “Əgər Azərbaycanda məhsul bol olacaqsa, deməli, ixracat potensialı da artacaq. Pomidor ölkəmizin qeyri-neft sektoru ixracatında lider rolundadır. İstixanaların artması keyfiyyətli və daha bol məhsulların yetişməsinə səbəb olacaqsa, mövsümdən asılı olmayaraq pomidor ixracatının artmasına da səbəb olacaq”.

O bildirib ki, daxili bazarda pomidorun qiymətinin aşağı düşməsi və yaxud tənzimlənməsi yaxşı haldır: “Pomidor əhalinin istehlak etdiyi əsas kənd təsərrüfatı məhsul növlərindən biri olduğu üçün qiymətlərin aşağı düşməsi Azərbaycanda istehlakı da artıracaq. Bu da ticarət dövriyyəsinin və satış həcminin artması baxımından normaldır. Ən əsası, ixracat potensialının artmasına da kömək edəcək. Çünki ətraf ölkələrdə, o cümlədən Rusiya, Orta Asiya bazarlarında, Ukraynada Azərbaycan pomidorlarını kifayət qədər yaxşı tanıyırlar. Biz məhsul bolluğu əldə etsək, ixracatı daha da artırmaq mümkündür”.

Ekspert qeyd edib ki, təkcə Rusiyada ildə təxminən 4-5 milyard dollarlıq pomidor satılır: “Buraya Orta Asiyanı, Ukraynanı da əlavə etsək, böyük bazar yaranır. Bu bazardan Azərbaycan istehsalçıları ən azı 10 faiz pay götürə bilsələr, yüz milyonlarla dolların hər il ölkəmizə daxil olmasını təmin etmək mümkün olar”.

“Daxili bazarda ciddi şəkildə pomidorun qiymətinin enməsinin şahidi olmadıq. Hətta təxminən noyabr ayından başlayaraq yeni il qabağı qiymətlərin artımını da müşahidə edəcəyik”, – deyə o əlavə edib.

İqtisadçı-ekspert Fuad İbrahimov isə Sputnik Azərbaycan-a deyib ki, ixrac olunan pomidorun daxili bazara elə də ciddi təsiri yoxdur:

“İxrac olunan pomidorların yetişdirilməsində fərqli metodlardan istifadə olunur və demək olar ki, daxili bazarlarda istifadəyə getmir. Bu baxımdan ixrac olunan pomidorların qiymət əmələgəlmə prosesinə təsiri yoxdur. Digər tərəfdən, kəndlilər tərəfindən topdansatış mərkəzlərinə gətirilən pomidorun qiyməti stabildir. Bu gün bazarlarda kifayət qədər ucuz pomidor tapmaq olur”.

“Marketlər ilə bazarlar arasında pomidorun qiymətində fərq olur. Kəndlilər tərəfindən topdansatış mərkəzlərinə gətirilən pomidorun qiyməti ilə marketə gətirilən məhsulun qiyməti arasında kifayət qədər fərq yaranır. İstənilən məhsul aşağı qiymətlə bazarlarda mövcuddur və məhsulu ucuz qiymətə bazarlardan almaq olar”, – deyə o qeyd edib.