“İki körpə ilə başlayan yol: bu gün öz şirniyyat evini qurmağa gedən güclü qadın”

Bəzən həyat bizə ən ağır sınaqları məhz ən güclü olduğumuz zamanlarda deyil, əksinə, ən həssas, ən kövrək anlarımızda təqdim edir. Məhz belə məqamlarda sınmayan, əksinə, içində yeni bir güc tapan insanlar olur. Onlar səs-küy salmadan, diqqət çəkmədən, amma böyük bir iradə ilə öz yollarını qururlar. Bu cür qadınlar təkcə öz həyatlarını dəyişmir — onlar başqalarına da ümid, cəsarət və inam bəxş edən canlı nümunəyə çevrilirlər.
Onların hekayələri çox zaman səssiz yazılır — gecələrin yuxusuzluğunda, gündəlik qayğıların içində, heç kimin görmədiyi mübarizələrdə. Amma məhz bu səssiz mübarizə insanı formalaşdırır, onu daha möhkəm, daha dözümlü edir. Və bir gün həmin yolun nəticəsi artıq təkcə şəxsi uğur deyil, başqalarına ilham verən bir həyat hekayəsinə çevrilir.

Bəzən böyük uğurlar çox sadə, amma çətin başlanğıclardan doğur… Bugünkü müsahibim isə həyatın ən məsuliyyətli dövründə — iki körpə ilə birlikdə sıfırdan bir yol seçib. Bu yol nəinki çətin, eyni zamanda böyük cəsarət və iradə tələb edən bir yol idi.
Bu gün o, artıq öz zəhməti ilə addım-addım irəliləyərək gələcəkdə şəxsi şirniyyat məkanını qurmağa hazırlaşır.

Gəlin, bu güclü hekayənin arxasında duran Ülkər Zülfüqarqızını daha yaxından tanıyaq…   “Siz dediniz ki, bu işə 2 körpə ilə başlamısınız… O an sizin üçün həyat necə idi?”

— Bəli, mən bu işə iki körpə ilə başladım. Açığı, o vaxt həyat mənim üçün həm çox çətin, həm də məsuliyyətli idi. Gecələr yuxusuz qalırdım, gündüz isə həm uşaqlara baxmalı, həm də nəsə qazanmaq üçün yol axtarmalı idim.
Bəzən çox yorulurdum, amma dayanmırdım. Çünki bilirdim ki, bunu uşaqlarım üçün edirəm. Onların gələcəyi mənə güc verirdi.
O dövr mənə çox şey öyrətdi — səbr, güc və öz ayaqlarım üstündə durmağı. İndi geriyə baxanda anlayıram ki, ən çətin vaxtlarım eyni zamanda məni ən çox inkişaf etdirən vaxtlar olub.

“Heç olubmu ki, ‘artıq davam edə bilmərəm’ dediyiniz an olsun?”

— Bəli… əslində belə anlar çox olub. İki körpə ilə, ev işləri ilə, yuxusuzluqla insan bəzən həqiqətən tükənir. Elə günlər olurdu ki, heç nəyə gücüm çatmırdı…
Uşaqlara baxmaq özü ən böyük məsuliyyətdir. Bəzən onların ən sadə ehtiyaclarını belə vaxtında çatdıra bilməyəndə insan özünü çox pis hiss edir. Hətta içimdən keçirdi ki, ‘görəsən mən yaxşı ana deyiləm?’
Amma sonra özümü toplayırdım… və özümə deyirdim ki, mən bütün bunları onlar üçün edirəm. Onların gələcəyi üçün çalışıram.
O fikir məni yenidən ayağa qaldırırdı. Mən yenə davam edirdim. Çünki ana olmaq bəzən yorulmaq deyil… amma heç vaxt vaz keçməmək deməkdir.

 “İnsanlara görünməyən, amma sizin yaşadığınız ən böyük mübarizə nə olub?”

— Ən böyük mübarizəm… bəlkə də insanların görmədiyi o təklik olub.
Kənardan hər şey normal görünə bilər, amma içində elə anlar olur ki, özünü tam tək və köməksiz hiss edirsən. Sanki yıxılırsan… amma səni qaldıracaq heç kim olmur.
Bəzən o qədər yorulurdum ki, öz-özümə sual verirdim: ‘Görəsən düz yoldayam? Bəlkə tezdir? Bəlkə səhv edirəm?’ Bu fikir qarışıqlığı insanı daha da zəiflədir.
Amma ən çətini o idi ki, bütün bu sualların cavabını da tək tapmalı olurdum.
Təklik, köməksizlik və həyatın gətirdiyi çətinliklər… bunlar mənim görünməyən mübarizəm idi. Amma mən o mübarizədə özümü itirmədim. Əksinə, yavaş-yavaş öz gücümü tanıdım.

“Şirniyyat hazırlamağı necə öyrəndiniz — özünüz, yoxsa kimdənsə?”

— Şirniyyat bişirməyi mən əsasən özüm öyrəndim.
Hələ 14–15 yaşım olanda mətbəxə çox marağım var idi. Evdə sobada müxtəlif şirniyyatlar bişirirdim. O vaxtlar internet yeni açdirmişdıq, mən də YouTube-da videolara baxıb öyrənirdim. Bəzən alınmırdı — biskvit yaxşı qalxmırdı, forması istədiyim kimi olmurdu… amma mən yenə də davam edirdim.
Zamanla daha yaxşı alınmağa başladı. Evdəkilər də dadına baxıb bəyənirdilər, bu da mənə motivasiya verirdi.
Sonra qida sənayesi üzrə kollec bitirdim və bu sahədə işlədim. Bu da mənə həm təcrübə, həm də daha düzgün işləməyi öyrətdi.
Bir müddət düşündüm ki, bu işi satışa çevirim. İlk cəhdlərimdə məhsullar yaxşı olsa da, müştəri tapmaq çətin idi. Amma yenə də dayanmadım.
Keçən ildən sosial şəbəkələrdə satışa başladım. Əvvəl çətin oldu, hətta fasilə də verdim. Amma yenidən başladım və bu dəfə daha yaxşı nəticə aldım.
Sanki üçüncü cəhdimdə uğur gəldi. Mən də anladım ki, insan doğrudan istədiyi işi edirsə və vaz keçmirsə, gec də olsa nəticəsini görür.

“Bu sahədə qadın olmaq sizə daha çox çətinlik yaradıb, yoxsa üstünlük verib?”

— Düzünü desəm, qadın olmaq bu sahədə həm çətinliklər yaradır, həm də üstünlüklər verir.
Çətin tərəfi odur ki, eyni anda çox şeyi idarə etməli olursan — ev, uşaqlar, ailə və iş. Bəzən fiziki olaraq da çətin olur, məsələn, lazım olan dekorları, avadanlıqları almaq, daşımaq və s. Bunlar tək olanda daha ağır hiss olunur.
Amma digər tərəfdən düşünürəm ki, qadın olmağım mənə üstünlük də verib. Mən daha detallı yanaşıram, daha zövqlü təqdimatlar etməyə çalışıram. Müştəri ilə ünsiyyətdə də rahatam, çünki sosial insanam və özümü ifadə edə bilirəm.
Ona görə deyərdim ki, bəzi çətinliklər olsa da, ümumilikdə qadın olmaq mənə bu sahədə daha çox üstünlük verib.

“Dediniz ki, yaxın gələcəkdə öz şirniyyat yerinizi açmaq istəyirsiniz — bu məkan necə olacaq?”

— Bəli, yaxın gələcəkdə öz şirniyyat məkanımı açmaq istəyirəm və bu məkanı artıq beynimdə çox aydın təsəvvür etmişəm.
İlk növbədə bu yer sırf şirniyyat üzərində qurulacaq. Amma sadəcə satış yeri yox, insanların rahat gəlib vaxt keçirə biləcəyi bir məkan olacaq. Xüsusilə uşaqlı analar, rəfiqələr, ailələr və cütlüklər üçün isti, rahat bir mühit yaratmaq istəyirəm.
Mənim üçün ən vacib məsələ rahatlıq və səmimiyyətdir — ora gələn insan özünü evində kimi hiss etməlidir.
Digər tərəfdən isə çox fərqli və yenilikçi şirniyyat ideyalarım var. Mən istəyirəm ki, insanlar sadəcə şirniyyat yeməyə yox, yeni dadlar kəşf etməyə gəlsinlər.
Ən böyük önəmi isə dada və keyfiyyətə verirəm. İstəyirəm ki, insanlar desinlər: ‘burada şirniyyatlar həqiqətən fərqlidir və çox dadlıdır’.
Ümid edirəm ki, bu məkanla ölkəmizdə də fərqlilik yarada bilim və öz ideyalarımla bir iz qoyum.

 “Sizin hekayənizdən ilham alacaq qadınlara nə demək istəyərsiniz?”

— Mən qadınlara demək istəyirəm ki, ilk növbədə özlərinə inansınlar və öz ayaqları üstündə durmağı bacarsınlar. Hər bir qadının içində böyük bir güc var, sadəcə onu ortaya çıxarmaq lazımdır.
Arzularının arxasınca getsinlər, fərqli olmağa qorxmasınlar. Çünki uğur adətən öz yolunu yaradanların olur. Öz imzanı qoyduğun zaman seçilirsən.
Amma açıq danışsam, bizim ölkədə kiçik biznes qurmağa çalışan qadınlara dəstək məsələsi həmişə asan olmur. Xüsusilə böyük səhifəsi olan, tanınmış simalar və blogerlərdən dəstək almaq çox çətindir. Mən şəxsən müraciət etmişəm, amma ya cavab olmayıb, ya da reklam qiymətləri o qədər yüksək olub ki, yeni başlayan biri üçün əlçatmazdır.
Halbuki bəzən 2–3 dəqiqəlik bir paylaşım belə bir insanın həyatını dəyişə bilər. Bu sadə bir dəstəkdir, amma böyük bir təsir yaradır.Mən iki körpə ilə çalışan bir qadın olaraq bunu daha çox hiss etmişəm. Həm ev, həm uşaqlar, həm də iş — bunların hamısını eyni anda idarə etmək asan deyil. Amma yenə də dayanmaq olmur.
Mən düşünürəm ki, əsl güc bir-birimizə dəstək olmaqdır. Bir qadının və ya gəncin yolunu açmaq, əslində hamımız üçün bir yaxşılıqdır. Əgər biz bir-birimizi dəstəkləsək, daha çox uğur hekayələri görə bilərik.


ALTUN SÜLEYMANOV 

SEHERQAZETİ.AZ-IN XÜSUSİ MÜXBİRİ