(Rasim Balayev haqqında esse)
Bəzən hər hansı bir insan dünyasını dəyişəndə deyirik ki, o, həyat səhnəsindən çəkilib getdi. Həmin an ağrılar içində düşünmək belə istəmirik ki, o, sadəcə Tanrının onun qismətinə yazdığı ömür səhnəsindən çəkilib getdi.Amma bir aktyor ömrü yaşamış, müxtəlif taleləri öz ruhundan keçirərək obrazlara çevirmiş bir insan üçün səhnədən getmək — yox olmaq deyil. Bu, ömür səhnəsindən yaddaş səhnəsinə köçməkdir.
Çünki onun nəfəsi, səsi, baxışı yaddaşlara köçür və orada yaşamağa davam edir. Bu gün biz bir aktyorun yoxluğunu yox, bir dövrün susmasını hiss edirik.İllər öncə müxtəlif vaxtlarda dünya, zaman və vəfasız ömür barədə yazdığım poetik misralar yadıma düşdü.
DÜNYA – qərinələr salıbdır yola,
Üstündən bir dənə tozu düşməyib.
Onun kitabında yazılıb nələr?..
Bir dənə, bir yerdə pozu düşməyib.
Şahlar gəlib-gedib, padşahlar olub,
Həzrət Süleymana qalmayıb dünya.
Bax belə boşalıb, bax belə dolub,
Heç kimi boş yola salmayıb dünya.
Zaman bəzən səssiz işləyən bir qayçı kimidir — kəsməsini eşitmirsən, amma bir gün dönüb baxanda görürsən ki, ömrün bir parçası artıq yoxdur.
Zaman — bir dərzidir, vaxtı çatanda,
Ölçüsün, biçisin apara bilir.
Onun qüdrətidir — yazdığı vaxtda
Hamını “tamarzı” qopara bilir…
Bu gün həmin səssiz kəsimlərin birində biz bir sənətkarı itirdik. Yox… itirmədik — o, bu dünyanın səhnəsindən çəkilib, yaddaşın əbədi səhnəsinə keçdi.
Rasim Balayev — bu ad bir insanın adı deyil, bir baxışın, bir susqunluğun, bir daxili hayqırtının adıdır. O, danışanda yox, susanda daha çox deyirdi. Çünki onun sənəti sözlə yox, ruhla yazılmışdı.
Nəsimi filmində o, sadəcə bir şairi oynamadı — o, dərisi soyulan bir həqiqətin canlı portretinə çevrildi. Onun baxışlarında fəlsəfi bir yanğın vardı. Sanki hər kadrdan bir nida qalxırdı: “Məndə sığar iki cahan…” — və bu nida artıq misra yox, bir mövqeyə çevrilirdi. O, Nəsimini oynamadı, Nəsimi kimi yandı.
Babək filmində isə o, bir dağın yaddaşı idi. Qılıncın səsi ilə ürəyin döyüntüsünü eyni ritmdə yaşadan bir qəhrəman… Onun Babəki yalnız döyüş meydanında yox, vicdanın içində savaşırdı. Bu obrazda azadlıq ideyası bir şüar yox, bir taleyə çevrilirdi.
Dədə Qorqud filmində isə o, köklərə qayıdış idi. Sanki torpağın yaddaşı danışırdı onun səsində. Orada aktyor yox idi — zamanın özü nəfəs alırdı.
Rasim Balayevin sənəti bir güzgü deyildi — o, güzgüdə görünməyənləri göstərən bir işıq idi. Onun yaratdığı obrazlar bizə yalnız qəhrəmanları yox, özümüzü də göstərirdi. Hər rol bir sual idi: Sən kimsən? Nəyə inanırsan? Nə uğrunda susursan, nə uğrunda danışırsan?
Publisist baxışla bu itki təkcə sənət itkisi deyil — bu, milli yaddaşın canlı daşıyıcılarından birinin susmasıdır. Çünki belə sənətkarlar yalnız rol oynamır, bir xalqın tarixini yaddaşdan yaddaşa ötürürlər.
Onun yoxluğu indi bir boşluq kimi hiss olunur. Amma bu boşluq qaranlıq deyil — o, içində işıq saxlayan bir boşluqdur. Çünki onun sənəti sönən çıraq deyil, köz verən ocaq kimidir.
Bəlkə də həyat doğrudan da bir səhnədir… Amma hər kəs bu səhnədən alqışla yola salınmır. Bəziləri səhnəni tərk edəndə sükut çökür — ağır, dərin, mənalı bir sükut…
Bu gün həmin sükutdayıq.Ruhun şad olsun, böyük insan…
Çünki sizin kimi xalqın yaddaşında yaşayanlar ölmür — onlar xatirəyə yox, yaddaşa çevrilir.
Sonsuz dərin ehtiramla,
Elxas Comərd.
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü.





















