Əkinçi çətin durumda: həyat qədər dəyərli nemət zərər verməyə başlayıb

0
564

Şor kanallar lil və yaranmış yaşıl örtükdən təmizlənmədiyinə görə ildən-ilə torpaqlarda şoranlaşma artır

Bərdənin Mustafaağalı kəndində sakinlər qrunt sularının qaynamasından şikayətlənirlər. Buna da səbəb sovetlər dövründə qurulmuş yeraltı drenaj sisteminin mühafizə olunmaması, kortəbii şəkildə həmin qurğuların məhv edilməsi olub.

Bununla yanaşı, qrunt sularını axıdacaq kanallar da təmizlənmir. Bu barədə bölgə müxbirinə danışan kənd sakinləri durumu izah ediblər.

Kənd sakini Əsli Muradova istifadəsində olan 7 ha torpaq sahəsini əkib-becərə bilmədiyini deyir: “İldən-ilə torpağımızın içərisində qaynayan qrunt suyu bir az da artır. Nə əkiriksə, xeyrini görmürük. Ötən illər pambıq əkirdik. Traktor pambıq kollarını becərmək üçün sahəyə daxil olanda batıb, orada qalırdı. Yığımında da belə olurdu. Bu il daha yüngül texnikadan istifadə edərək, ümid bağlayırdıq ki, yonca becərməklə, bəlkə, torpağımızdan istifadə edə bilərik. Ancaq yenə də səpdiyimiz yonca toxumundan bəhrə görmədik. Mart ayında 2000 manat pul verib, yonca toxumu səpmişdik, torpağa. İndi o toxumdan heç nə qalmayıb. Yonca yoxdur. Sahəni şor torpaqda bitən ot-ələf basıb”.

Şəhid anası Əsli Muradova Bərdədə yerləşən Qarabağ Meşə Meliorasiya İdarəsinə müraciət etsə də, problemin həlli üçün addım atılmayıb.

“Bizim sahələrdə qrunt sularının artması şor kanallarının təmizlənməsi, drenaj quyularının bərpası istiqamətində işlərin görülməməsi ilə bağlıdır. Müraciət etdiyim idarədən gəlib sahəni gəzib, gediblər. Sonra da bir məktub göndəriblər ki, sizin torpağın ərazisində qaynayan qrunt suyunun drenaj kanallarıyla heç bir əlaqəsi yoxdur. Belədirsə, əvvəllər niyə bu problem olmayıb? Ona görə ki, qabaqlar drenaj kanallarında vaxtlı-vaxtında təmizləmə işləri aparılır, qulluq göstərilirdi. İndi isə bu kanalların qarşısını torpaqla doldurub, qrunt sularının axımına mane olmaqla nasoslar vasitəsilə suvarma işləri aparırlar. Belə kortəbii hərəkətlər isə məhsuldar torpaqların məhvinə səbəb olur”, – deyə Ə.Muradova bildirib.

Kənd sakini Zabil Mehrəliyev də qrunt sularının qaynamasından zərər çəkib: “Belə getsə, bir neçə ildən sonra istifadə etdiyimiz torpağımız əkinə yaramayacaq. İldən-ilə problem dərinləşir. Meliorasiya və Su Təsərrüfatı İdarələri isə heç bir iş görmürlər. Seyrçi mövqe nümayiş etdirirlər. Müraciətlərə cavabları problemin məsuliyyətindən yayınmaqdır. 100-150 metrlik kanalda təmizləmə aparmaqla hesab edirlər ki, üzərlərinə düşən işi görüblər. Ancaq drenaj kanallar şəbəkəsi həmin 100-150 metrlik kanaldan ibarət deyil. Bütünlüklə kanallar təmizlənməlidir. Meliorasiya tələblərinə uyğun zəruri tədbirlər görülsə, heç şübhəsiz ki, qrunt suları qaynamaz”.

Digər kənd sakinləri Maarif Seyidov, Zaur Musayev, Azər Mehrəliyev də kanalların təmizlənmədiyini, nəticədə qrunt sularının onların təsərrüfatlarına ziyan vurduğunu bildiriblər.

Ekoloq alim, “Ekoloji İnformasiya” İB-nin sədr müavini Xosrov Musayev hazırda qrunt sularının torpağın səthinə çıxmasını torpaqların şoranlaşması üçün ciddi təhlükə adlandırıb: “İldən-ilə bu problem genişlənir. Heç şübhəsiz ki, bu da drenaj kanalları və yeraltı drenaj quyularının sıradan çıxması ilə bağlıdır. Drenaj kanalları təmizlənmədiyindən qrunt suları üst qatdan aşağı doğru sorulub axa bilmir. Suvarma suları torpağa düşdükdə isə özünə yol tapa bilməyən qrunt suyu qaynamağa başlayır. Tərkibi duzlu olduğuna görə torpaqların da şorlaşması baş verir. Bu da tədricən yararlı torpaqların sıradan çıxmasına səbəb olur”.

Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Anar Rzayev isə drenaj kanallarının dərin olduğunu, ona görə də təmizlənməsinə ehtiyac olmadığını deyir. O, ərazidə qaynayan suların drenaj kanalları ilə hər hansı bir bağlılığının olmadığı qənaətindədir.

Ümid edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-də yaranmış vəziyyət nəzarətə götürüləcək. Fermerlərə düşdükləri çətin vəziyyətdən çıxmaq üçün əməli yardımlar göstəriləcək. Ərazidəki drenaj sisteminin yenidən qurulması minlərlə hektar torpağın şoran səhralığa çevrilməsinin qarşısını alacaq. Nəticədə isə həm fermerlər, həm də ölkə iqtisadiyyatı qazanacaq.