Xocalıda qətliam faktı ictimaiyyətdən necə gizlədilib?

21 fevral 2017 14:42

Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri cinayətin beynəlxalq ictimaiyyətdən gizlədilməsi barədə indiyədək çox yazılıb. Ermənistanın 366-cı motoatıcı alayın birbaşa dəstəyi ilə həyata keçirdiyi bu soyqırımını sovet Rusiyasının hər vəchlə gizlətməyə çalışması indi də müzakirə mövzusudur. Hətta Azərbaycanın o vaxtkı siyasi rəhbərliyi də Xocalıda qətliamın törədilməsi faktını gizlətməyə çalışıb və məhz bunun nəticəsində ölkə ictimaiyyəti bu qanlı hadisədən yalnız iki gün sonra xəbər tutub. Xocalıda Azərbaycan əhalisinə qarşı soyqırımı törədildiyi barədə ilk məlumatları isə o vaxt “Səhər” qəzetində tanınmış jurnalistlər Süleyman Qaradağlı və Şamil Sabiroğlu yazmışdılar. Aradan 25 il keçsə də, Xocalı qətliamı barədə ilk informasiyanın qəzet səhifəsinə çıxmasının tarixçəsi bu gün də maraq doğurur. Həm də ona görə ki, həmin məlumatlar Xocalı şəhəri işğal olunduqdan və xocalılıların qətliamından düz bir sutka sonra dərc olunmuşdu.

“İki sahil”in əməkdaşı həmin vaxt “Səhər” gündəlik informasiya qəzetinin müxbiri olmuş Süleyman Qaradağlı və Xocalıda olan bölgə müxbiri kimi çalışmış Şamil Sabiroğlu ilə görüşərək Xocalıda baş verənlərlə bağlı ilk məlumatların necə əldə edildiyinə aydınlıq gətirməyə çalışıb.

“Səhər” qəzetinin 27 fevral 1992-ci il tarixli sayında dərc olunmuş “Xocalı da işğal olundu” başlıqlı ilk məqalənin müəllifi Süleyman Qaradağlı suallarımıza belə cavab verib:

– Əvvəla,  o vaxt indiki kimi müasir  rabitə vasitələri yox idi. Adəti üzrə mən hər iş gününün əvvəlində cəbhə bölgələrindəki  vəziyyəti öyrənmək üçün   “07”-yə – rayonlararası  danışıq məntəqəsinə zəng vurur,  rayon polis şöbələrinin rəisləri, müavinləri və ya növbətçiləri ilə   telefon əlaqəsi saxlayaraq ötən gün ərzində baş verən  xəbərləri toplayıb  qəzet səhifəsinə çıxarırdım. Fevralın 26-da da işə gəlib eyni qayda ilə rayonlara sifariş verdim və məlum oldu ki, Xocalı ilə telefon əlaqəsi saxlamaq mümkün deyil. Telefonçu xanımın cəhdlərinə baxmayaraq, əlaqə alınmadı. Belə olan halda mən Şuşa Rayon Polis şöbəsi ilə əlaqə saxladım. Xocalıda baş verənləri birinci olaraq oradan eşitdim. Bir qədər sonra Ağdamdan redaksiyaya dalbadal telefon zəngləri daxil oldu. “Xocalının səsi” qəzetinin  redaktoru, mərhum Sərdar Mehdiyev gecə baş verənlər və Ağdama gətirilən şəhid və yaralılar haqqında məlumat verdi. Onun ardınca “Qarabağ” qəzetinin müxbirləri Eyvaz Əliyev Ağdamdan, Kərim Kərimli Şuşadan zəng edərək həmin məlumatı təsdiqlədilər. İndi adını unutduğum adamlar da “Səhər”ə zəng edərək Xocalıda törədilən qətliam barədə həyəcanla danışdılar.

– Bütün bunlardan sonra ayrı-ayrı mənbələrdən topladığınız xəbərlər əsasında məqalə hazırladınızmı?

– Bəli, “Xocalı da işğal edildi” sərlövhəli məqalə yazdım. Baş redaktorun müavini Hidayət Elvüsal materialı oxuyan kimi faktların dəqiqliyini yoxlamaq üçün informasiyanı hansı  mənbələrdən aldığımı soruşdu. Mən xəbəri aldığım  mənbələri sadalayandan sonra  materialı mətbəəyə göndərdi. Həmin gün axşam saatlarında “Səhər”in bölgə müxbiri, Xocalı əlahiddə özünümüdafiə taborunun döyüşçüsü Şamil Sabiroğlu zəng edərək baş verənlər haqqında daha müfəssəl  məlumat verdi və hər iki informasiya qəzetin 27 fevral tarixli sayında baş xəbər kimi dərc olundu. O vaxt mən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun dinləyicisi idim. Səhəri gün dərsə gedəndə mənimlə bir qrupda oxuyan yoldaşlarım qəzetin 27 fevral tarixli nömrəsində Xocalının işğal olunması barədə dərc olunmuş məqalənin həqiqəti əks etdirmədiyini bildirdilər. Çünki ölkənin rəsmi informasiya vasitələri hadisə barədə ya susur, ya da cəmi iki nəfərin həlak olduğunu yazırdılar. Həm də camaat belə bir  hadisənin baş verdiyinə inanmaq istəmirdi. Ona görə də bu cür ikili məlumat çaşqınlıq yaratmışdı. Hətta həmin gün institutda məni o qədər qınaq obyektinə çevirdilər ki, sonrakı mühazirələrdə  iştirak etmədən çıxıb getdim.

– İnstitutdan işə gəldiniz?

– Bəli, işə qayıtdım, həmin gün növbətçi idim. O vaxt redaksiyalarda qayda belə idi ki, növbətçi qəzet çapa imzalananadək bütün proseslərə məsuliyyət daşıyırdı. Biz mətbəədə qəzeti çapa hazırlayanda “Azərbaycan” nəşriyyatının yığım sexinə telefon zəngi daxil oldu. “Səhər” qəzetinin buradakı əməkdaşlarını telefona çağırırdılar. Yadımdadır ki, məsul katib Mehdi Alıyev, korrektor Nəsimi Həbiboğlu və  mən sətirtökən maşınların  gurultusu altında xəttin o başında həm Şamil Sabiroğlu, həm də Xocalı rayon prokuroru Atakişi Atakişiyevlə danışdıq. Onlar  ermənilərin 26 fevral gecəsi  Xocalıda törətdikləri vəhşiliklər barədə çox böyük həyəcan və hiddətlə danışdılar, hadisə barədə xeyli fakt və məlumat verdilər. Gecə “Səhər”in redaktoru Məzahir Süleymanzadə və redaktor müavini Hidayət Elvüsal da mətbəəyə gəldilər və telefonla verilən məlumatları hazırlayıb qəzetdə dərc etdik. Həmin informasiyada Xocalıda qətlə yetirilən, yaralanan, itkin və girov götürülənlər barədə daha dolğun məlumat verilmişdi.

“Səhər” qəzetinin bölgə müxbiri olmuş Şamil Sabiroğlu isə hələ hadisədən xeyli əvvəl Xocalıya getdiyini və özü bu faciənin şahidi olduğunu deyir:

-1991-ci ilin oktyabrında mərhum Tofiq Hüseynovun rəhbərliyi ilə  Xocalı əlahiddə özünümüdafiə taboru yaradılanda mən də döyüşçü kimi orada xidmətə başladım. Eyni zamanda “Səhər” qəzetinin müxbiri idim və paralel olaraq “İki sahil” qəzeti ilə də əməkdaşlıq edirdim. Dəfələrlə həm “Səhər”, həm də “İki sahil” və “Aydınlıq” qəzetlərində yazırdım ki, Xocalıya kömək edilməsə şəhər işğal olunacaq.  Ermənilər Xocalıda qətliam törətməmişdən bir qədər əvvəl “İki sahil” qəzetində yazmışdım ki, nə qədər Azərbaycanı başsız rəhbərlər idarə edir, bizim belə bəlalarımız çox olacaq. Bu yazı “İki sahil” qəzetinin 29 yanvar 1992-ci il tarixli sayında dərc olunmuşdu. Fevralın 26-da günün ikinci yarısında könüllü döyüşçü kimi Naxçıvanikdən və Şellidən gələn yaralıları çıxarırdıq. Həmin gün axşama qədər təxminən 30-40 meyiti Xocalıdan çıxardıq. Axşam yadıma düşdü ki, Xocalıda qətliam törədilməsi, şəhərin işğal olunması barədə Bakıya məlumat verməmişəm. Halbuki qəzetlərin artıq nəşrə gedən vaxtıdır. Amma necə olur-olsun, mən Bakıya, redaksiyaya xəbər verməliydim. Ona görə də Bakıya, “Səhər” qəzetinin redaksiyasına zəng etdim. Dedilər ki, baş redaktor Məzahir Süleymanzadə yerində yoxdur. Dedim onda məni baş redaktorun müavini Hidayət Elvüsalla calaşdırın. Hidayət müəllim dedi ki, bizə Azərinform-dan yazı gəlib, orada Xocalının işğal edilmədiyi və cəmi 2 nəfərin həlak olduğu yazılıb. Həmin material qəzetin əsas yazısı kimi səhifəyə qoyulub, sabahkı, yəni fevralın 27-nə olan nömrədə çap olunacaq. Mən ağladım, dedim ki, Hidayət müəllim, bölgə müxbiri kimi mənə inanmırsınız? Axı, mən öz gözlərimlə şahidəm ki, Xocalı işğal edildi, dinc əhali kütləvi şəkildə qətlə yetirilib. Hətta həlak olan bir neçə məşhur şəxslərin adlarını çəkdim. Hidayət müəllim dedi ki, ağlama, biz sənə inanırıq, Azərinform-un yaydığı məlumatı çıxarırıq, sənin söylədiyin xəbərdən yazı hazırlayıb onun yerinə qoyacağıq.

– Hansı ki, Azərinform yaymışdı ki, cəmi 2 nəfər həlak olub?

-Bəli, heç Xocalının işğal olunması faktını da yazmamışdılar. Yazmışdılar ki, Xocalı bizdədir, işğal olunmayıb.  Amma qəzet çapa hazırlanarkən Azərinform-un həmin məlumatını səhifədən çıxarıb Süleyman Qaradağlının hazırladğı məqaləni yerləşdirmişdilər. “Xocalı da işğal olundu” sərlövhəli həmin məqalə “Səhər” qəzetinin 27 fevral tarixli sayında çap olundu. Bu məqalənin aşağısında isə mənim Xocalıdakı son vəziyyətlə bağlı verdiyim ən son məlumatlar dərc edilmişdi. Fevralın 28-də Bakıda 300-dən çox qız-gəlini “Azərbaycan” nəşriyyatının qarşısına yığdılar ki, bəs, “Səhər” qəzeti dezinformasiya yayıb, Xocalı işğal edilməyib. Redaksiyamızın rəhbərləri həmin öyrədilmiş insanların qarşısına çıxaraq deyiblər ki, qəzetdə yayılan məlumatlar yalan deyil, bizim bölgə müxbirimiz hadisə yerindədir və Xocalı şəhərinin işğal edildiyi, dinc əhalinin qətlə yetirildiyi barədə məlumatlara heç bir şəkk-şübhə yoxdur. Amma bizə yenə də inanmırdılar, hətta Xocalıda faciənin baş verməsi barədə  məlumatlar dərc olunandan sonra “Səhər” qəzetini Ali Sovetin müzakirəsinə çıxardılar. Ancaq martın 3-də “Səhər” qəzetində Xocalı qətliamı barədə şəkillər dərc edildikdən sonra başa düşdülər ki, artıq bu faktı gizlətmək mümkün deyil. O zaman Rusiya Xocalıda baş verənlərin gizlədilməsi, dünyaya yayılmaması üçün əlindən gələni edib.

– Ermənilərin Xocalıda qanlı faciə törətmələri barədə başqa qəzetlərdə çalışan jurnalist həmkarlarınız xəbər tutmamışdı?

-Məlumatlı olan jurnalistlər var idi. Hətta məndən əvvəl orada fotoçəkiliş aparanlar da olub. Məsələn, indiki “Xalq qəzeti”nin müxbiri Elxan Rüstəmov Azərinform üçün “Xocalı buz içərisində” adlı şəkillərlə zəngin bir yazı hazırlamışdı, amma Azərinform-da bu materialı dərc etməmişdilər. Yaxud Azərbaycan radiosunun əməkdaşı, Türkiyənin “Milliyyət” qəzetinin Bakıdakı müxbiri və daha bir neçə həmkarlarımız ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə ilk məlumatları hazırlamışdılar. Lakin o materialları anındaca dərc etməkdən imtina etdilər. “Səhər” qəzeti isə böyük bir riskə gedərək bu məlumatı ilk dəfə ictimaiyyətə çatdırdı. Hətta mən yazmışdım ki, Xocalıda yüzlərlə insan qətlə yetirilib, redaksiyada ehtiyat edərək bu rəqəmi “İlkin məlumata görə 100 nəfərdən çox” sözləri ilə əvəz etmişdilər. Çünki qorxurdular.

– Xocalıda artıq hadisə baş verib: fakt var, ermənilər dinc insanları qırıb, meyitləri öz gözlərinizlə görmüşünüz, şəkillər çəkmisiniz. Bəs, nədən ehtiyat edirdilər ki, sizin göndərdiyiniz məlumatlarda bu cür “düzəlişlər” edirdilər?

– Heç kəs belə bir hadisənin baş verməsinə inanmırdı. Mənim verdiyim xəbər dərc olunandan sonra Bakıdan redaksiyadan mənə zəng vurub məsələni dəqiqləşdirmək istəyirdilər. Dəqiq xatırlamıram, ya Süleyman Qaradağlı idi, ya da Çingiz Ələsgər – mənə zəng edib dedilər ki, Xocalının prokurorunu tap, ondan Xocalının işğal olunması xəbərini dəqiqləşdirək. Dedim necə yəni, siz mənə inanmırsınız? Dedilər ki, inanırıq sənə, amma Xocalının işğal olunması kiçik hadisə deyil, axı. Təsəvvür edirsiniz, Xocalı işğal olunub, yüzlərlə insan qətlə yetirilib, “Səhər” qəzetində məqalə dərc olunub, lakin Bakıda yenə də buna inanmaq istəmirlər. Prokuror Atakişi Atakişiyevlə danışandan sonra inandılar ki, doğrudan da Xocalı işğal olunub.

Elxan Salahov, “İki sahil”