Ölkəyə böyük qıtlıq yaxınlaşır, “artıq içiləndə dərd verir su da” deyə bilməyəcəyik

0
568

Yeraltı sulardan daha səmərəli istifadə məsələsi, əkin sahələrində sudan qənaətlə istifadə edilməsi, kanallara beton üzlüklərin çəkilməsi su itkisinin qarşısını almaq üçün görülən tədbirlərdən hesab edilə bilər

 Azərbaycan su ilə nisbətən az təchiz olunan ölkələrdəndir. Ölkənin su ehtiyatları regiondakı su ehtiyatının cəmi 15 faizini təşkil edir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, son illər iqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır və bu tendensiya davam edəcək: “Ölkə əhalisinin sayının artması, həyat standartlarının yüksəlməsi və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan tələbat get-gedə artır. Ölkədə il ərzində su mənbələrindən təxminən 12 milyard kubmetr su götürülür ki, bunun da böyük bir hissəsi nəql zamanı itir. Əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir”.

R.Səttarzadə əlavə edib ki, beynəlxalq praktikada suyun mənbədən bölüşdürülməsi, istifadəsi, təmizlənməsi, təkrar istifadəsi və ətraf mühitə qaytarılması kimi bütöv su dövriyyəsini özündə əks etdirən qabaqcıl yanaşmalar mövcuddur.

Onun sözlərinə görə, gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov açıqlamasında bildirib ki, iqlim dəyişikliyi bütün dünyada olduğu kimi Azərbaycanda da baş verir və bu artıq sübut olunmuş faktdır. Onun sözlərinə görə, buna şübhə ilə yanaşmaq vaxtı keçib.

“Sadəcə bir faktı nəzərə almaq lazımdır ki, istiləşmənin kəmiyyəti zaman keçdikdə artır. Yəni temperatur yüksəlir. Müqayisə göstərir ki, ölkəmizdə 1991-2015-ci illərdə havanın temperaturu normaya nisbətən (norma dedikdə Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən qəbul edilmiş 1961-1990-cı illərin məlumatları nəzərdə tutulur) 0,5-1,5 C yüksəlib. Bu, təqribən dünyada da belədir. Temperaturun yüksəlməsi Qrenlandiya, Arktika, Antarktidada buzlaqların əriməsinə, okeanların səviyyəsinin qalxmasına, buxarlanmanın çoxalmasına, intensiv yağıntıların artmasına gətirib çıxarır”, – deyə alim qeyd edir.

M.Həsənovun sözlərinə görə, Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə Azərbaycan ən az su ehtiyatları ilə təmin olunan ölkədir. Yəni, ölkənin əsas çayları – Kür, Araz, Qabırlı, Qanıx, Samur kənarda formalaşaraq, ölkəyə daxil olur.

Respublika ərazisində formalaşan çaylar isə Böyük və Kiçik Qafqaz dağlarına yağan yağıntı və qarla qidalanır. Xüsusən də, Böyük Qafqaz çaylarının qidalanmasında qarların rolu böyükdür.

“Məsələn, 50 il bundan əvvəllə müqayisə etsək, Azərbaycanda Böyük Qafqaz dağlarında Bazar düzü, Bazar Yurd, Şahdağ, Tufandağ zirvələrində 6,8 kvadrat kilometr daimi dağ buzlağı vardı. Bu dağ buzlaqları, həmin dağlara yağan qar regiondakı çayların qidalanmasında böyük rol oynayırdı. Son dövrlərin çox dəqiq olmayan aerokosmik şəkillərinin təhlilindən alınan nəticələr və ETSN-nin qar ölçmə işi ilə məşğul olan xüsusi dəstəsinin müşahidələri göstərir ki, buzlaqların sahəsi, qarın sıxlığı, qarın su tutma qabiliyyəti xeyli azalıb. Hətta qeyd edilir ki, respublikada buzlaqların sahəsi 2 dəfə azalıb. Bu azalma çaylarımızın qidalanmasına öz mənfi təsirini göstərir”, – deyə o qeyd edib.

Elmi işçi bildirib ki, bir zamanlar Pirsaat çay, Göyçay, Girdiman çay, Ağsu çay kimi çaylar sərbəst şəkildə Kürə çatırdılar. Lakin indi onlar Kürə çatmırlar. Qış aylarında bu çaylar cüzi miqdarda Kürə çata bilir.

M.Həsənovun fikrincə, bu məsələdə çayların yuxarı axınında onlardan suvarmada istifadə edilməsi də müəyyən rol oynayır. Ancaq eyni zamanda çaylarda suyun miqdarı müəyyən qədər azalıb: “Bu da gələcəkdə respublikamızda su ehtiyatlarının azalmasına, müəyyən qədər su ehtiyatları axtarmağımıza, daha dərin qatlardan suların çıxarılması haqqında düşünməyimizə, qabaqlayıcı tədbirlər görməyimizə səbəb olacaq”.

Qeyd edək ki, respublikanın quraq əraziləri ümumi ərazinin 60 faizini təşkil edir. Bu ərazilər əsasən Kür-Araz ovalığı, Qobustan, Ceyrançöl kimi ərazilərdir.

“Şamaxı, Ağsu, Göyçay, Goranboy, Qazax, Tovuz kimi rayonların dağətəyi hissələrində də su azalması müşahidə edilir. Təbii ki, gələcəkdə Azərbaycan ərazisində su ehtiyatlarının azalması müşahidə ediləcək. Buna qarşı müəyyən tədbirlər görülməlidir. Biz qarların sıxlığını artıra bilmərik. Lakin yeraltı sulardan daha səmərəli istifadə məsələsi, əkin sahələrində sudan qənaətlə istifadə edilməsi, kanallara beton üzlüklərin çəkilməsi su itkisinin qarşısını almaq üçün görülən tədbirlərdən hesab edilə bilər”, – deyə M.Həsənov vurğulayıb.