Geniş aillərdə böyüyən uşaqlarda davranış pozuntuları tez-tez müşahidə olan hallardandır. Onlara aqressivlik, kəmhövsələlik, ərköyünlük, istədiyini əldə edə bilməyəndə ağlamaq kimi hallar aiddir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova ictimaixeber.az saytına müsahibə verrəkən deyib: “Həmin hallarda ata-ana tərəfindən etiraz edilən, məsləhət bilinməyən arzunun nənə-baba tərəfindən müdafiə olunması və həyata keçirilməsi onların daha da ərköyünləşməsinə səbəb olur və gələcəkdə də öz iradələrini yeritmək istəməsi ilə nəticələnir. Onların arzu və istəkləri yerinə yetirilməyəndə ətrafda olan hər şeyi dağıtmaq, qışqıraraq ağlamağa başlayır.
Həmin halla üzləşən ailələrdə ən mühüm məsələ ailə üzvlərinin bir-birini dinləməsi və ortaq məxrəcə gəlməsidir. Əksər hallarda ata-analar uşağın indiki davranışlarının gələcək nəticələrinə daha çox fokuslandığı üçün fərqli düşünürlər. Ona görə də övladının tərbiyəsində daha tələbkar və uzaqgörən davranmağa çalışırlar. Onların mövqeyinə görə, mövcud qaydalar hamı tərəfindən qəbul olunmalı və əməl olunmalıdır. Məsələn, uşağın saat 9-da yatması, yatağında və ya oyun oynayaraq yemək yeməsinə icazə verilməməsi. Yaxud ata-ana hər kəsin masada əyləşərək yemək yeməsi fikrində israrlı olduğu vaxt nənə-babanın uşağı ayrıca, öz yanına çağıraraq süfrədən kənar yedizdirməsi halları yaranmağa başlayır. Təricən belə hallar çoxalır, hətta ata-ana ilə nənə-baba arasında da fikir ayrılıqları yaranır. Valideynin uşağa icazə vermədiyi, hətta qadağa qoyduğu məsələləri nəvəni çox sevən nənə-babaları həyata keçirirlər. Ailənin yaşlı sakinləri uşağın istəklərini geri çevirmək istəmirlər. Belə mövqe tutulan ailələrdə bu cür tərbiyə üsuılunun uşağın psixologiyasına, gələcək davranış və formalaşmasına necə təsir edəcəyinin fərqinə varmırlar. Nəticədə uşağın tərbiyəsinə ata-ana və nənə-baba fərqli mövqelərdən yanaşırlar. Əlbəttə, belə mövqe namayiş etdirən nənə və babaların uşaqla yumşaq və mülayim davranması da psixoloji amillərlə bağlıdır. Onlar çox vaxt bunu özlərinin görmədiyi, yaşamadığı həyatı nəvələrinin yaşaması üçün etdiklərini deyirlər, bəzən bunu həddindən çox istəklə əlaqələndirilər, bəzən isə nəvələrin qəlbində xoş hisslərlə qalmaq üçün etdiklərini deyirlər. Hansı mövqe olur-olsun, ailədəki bir-birinə zidd davranışlar gələcəkdə uşağın davranışına mənfi təsir göstərir”.
Psixoloq fikrinin davam etdirərək deyib: “Təcrübə göstərir ki, nənə-babanın iradəsi ilə kiçik yaşlardan ərköyün, şıltaq böyüyən uşaqlar yaşa dolandan sonra daha çox problem yaşayır və öz yaşıdları ilə münasibət qurmaqda və düşdükləri mühitə, cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkirlər. Bir müddət sonra artıq nənə-babanı ətrafında görməyəndə öyrəşdikləri tərbiyə üsulunun altını çəkir, heç nəyə tabe olmaq istəmir və həmin davranış pozuntuları oğurluq, yalan danışma, aqressiv davranışlar və s ilə müşahidə olunur.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, nənə-baba ilə yatan uşaqlar var. Əslində bunun da zərəli təsirləri var. Belə olanda uşağın nənə-baba ilə emosiaonal bağlılığı daha da artır və onların aşıladıqlarına, dediklərinə valideyninkindən daha çox əməl etməyə çalışır. Bu da bir müddət sonra valideyn-övlad münasibətlərində gərginləşməyə gətirib çıxara bilər. İstək və sevgi nə qədər olur-olsun, övladın, nəvənin tərbiyə və formalşmasına ciddi yanaşmaq, onların hərəkət və davranışlarını nəzarətdə saxlamaq lazımdır ki, həyatının sonrakı mərhələlərində ətrafı ilə düzgün münasibət qura və şəxsiyyət kimi özünü təısdiq edə bilsin”.
ictimaixeber.az




