Səbrin əsl mənasını bilək

Səbr inamla gözləmək deyil. Arzularına görə zəhmət çəkib, bəhrəsinə yiyələnməkdir. Xəbər gözləyərkən belə. Bu gözlənti susmaqla deyil, daim axtarışda olmaqla keçməlidir.
Həyati ehtiyacların hər birinə çarə tapılmış bir dövrdə yaşayırıq. Mənəvi, əqli, sosial, fiziki, maddi, siyasi durumların bərabərliyini gözləməyin mənası yoxdur.
Arzular ürəyimizdə yox, bacardıqlarımızın həyati timsalında yerləşməlidir. Gözləməyə belə boş vaxt sərf etməməliyik.
Növbələrdə insanlar ya ürəyində danışıb nəyəsə qərar verir, ya yaxındakılarla fikirlərini bölüşür, ya telefonla məlumatlar öyrənir, əyləncəli çəkilişləri izləyir, ya da gəzişir, dayanmır.
Gününün çoxunu yataraq keçirənlər, yaxud dayanmadan iş görənlər var.
Fərqli həyat tərzi hər zaman səbrə əngəl olmalıdır. Əslində odur da… Yalnız tənbəllər xaric…
Fərqli həyat anlamları ilə zəngin, saysız xəbərlər çox vaxt onları da “dəlikdən” çıxarır.
Səbrin sonu gəlmiş… Olacaqlara şəxsi müdaxilə həyat yolunun bərabərliyi anlamını gerçəkləşdirmiş.
Dillər fərqli, düşüncələr fərqli, bacarıqlar fərqli, yaşantı fərqli – həyat yolumuz isə eyni…
Bu dünyada ən böyük var-dövlət mənəvi dünyanın gözəlliyidir. Onun da yaranmasına səbr kömək etmir.
Gözəl duyğuların təlatümü ətrafımızı sevinc, gülüş işıqlarına bürüyür.
Dünyasını dəyişənlər üçün ağlamalı deyil, sevinməliyik. Yaxınlarına səbr deyil, dözüm arzulamalıyıq.
Hər anımız xeyirli işlərə sərf olunsun deyə, diqqətimizdən kənarda qalmamalıdır. Bunun üçün beynimizi bir balaca işlətmək bəs edir – yaddaşa, yardıma, anlama, biliyə, işə və s. O zaman səbrə ehtiyac olmayacaq.
Həyatımız öz əlimizdədir. Səbrlə ömrümüzü qısaltmayaq.

Sənubər Səhər.