Duyğuların axını ilə gedək, yoxsa ağlın?..

Hamı deyir ki, ağlın…
Bəlkə o adamın heç ağlı yoxdu?
Bəs ağlın yerində nə var? Yəqin ki, yenə ağıl… Demək ki, ağıl dediyimiz də fərqli olur. “Kəmağıl”, “başsız”, “ağılsız”, “gicbəsər” kimi kəlamlar da buna görə yaranıb. Bəzən də nə duyğu, nə ağıl bəs etmir, məcburi addımlar atırıq. Məcburiyyət insani hisslərdən məhrum edirmi? Təbii ki, həmişə yox.
İnsan həyatının müxtəlif dönəmləri duyğularımızda dəyişiklik edə bilər. Ağlımız isə öyrəndiklərimizdən, gördüklərimizdən, yaşantılardan yaranır. Bu dövrdə ağıl müxtəlif yollarla irəlilədiyi üçün yararlana da bilər, kütləşə də… Yox ola da bilər.
Bunu hələ də alimlər sübut etməyib. Dəlilərin belə unikal ağlı olduğunu deyənlər var. Demək ki, nə çox, nə az ağıl normal deyil…
Ümumiyyətlə, dünyada bütün canlı və cansız varlıqların, olğumların, edilənlərin orta nöqtəsinə can atmağa çalışaq. Aşağı və yuxarı, az və çox, pis və yaxşının orta nöqtəsinin mükəmməlliyi, vacibliyi, normal yaşam hesab olunur. Hələ ki, buna da tam nail olan olmayıb.
Nədən?
Biz özlüyümüzü yaradırıq, həyatımızımı, yaşamımızımı? Budamı insani borclardan, imtahanlardan biridir?
Bütün suallara özlüyümüzdə cavab verməliyik. Öyrəndiklərimizə, hisslərimizə, ağlımıza görə.
Demək ki, həyat imtahanında əsl mübarizə daxilimizdədir.
Duyğular ağılla yola gedirsə, demək imtahana hazırıq. Əslində bu xoşbəxtliyin, mükəmməlliyin də açarıdır. Ola bilər sən pis insan olursan, ola bilər ki, yaxşı, amma özündən razı qalırsan.
Həmişə uzaq qaçmağa çalışdığımız pislər də yaxşılar üçün pisdir. Onlarda da özlərini bəyənənlər var, özlərinə haqq qazandıranlar var.
Hətta dünya imtahanında önəmli yer tutduqlarına sevinənlər belə…
Demək ki, nə desələr də, nə öyrətsələr də əsas yol dünyamızdan keçir… Daxili anlam dünyamızdan…

Sənubər Səhər.