Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı və Bakıətrafı ərazilərdə fəaliyyət göstərən avtobuslarda ciddi sıxlıq qeydə alınır. Bu, Abşeron rayonunun Saray qəsəbəsində yaşayan sakinlərin də əsas problemlərdən birinə çevrilib. Belə ki, Saray-Bakı-Saray marşrutu yoxdur, Sumqayıt-Bakı istiqamətində avtobuslardan isə qəsəbə sakinləri sıxlıq səbəbindən istifadə edə bilmirlər. Sözügedən qəsəbədə 11 minə yaxın əhali var və onlar bildirirlər ki, Sumqayıtdan gələn avtobuslar dolu olduğu üçün onlar bəzən bir neçə avtobusu ötürmək məcburiyyətində qalırlar, bəzən də taksi xidmətindən istifadə edirlər. Bu səbəbdən onlar aidiyyəti qurumlardan Saray-Bakı-Saray istiqamətində fəaliyyət göstərən marşrut xəttinin açılmasını tələb edirlər.
Məsələ ilə bağlı danışan Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, həmin istiqamətdə hərəkət edən avtobuslardakı problem yollardakı sıxlıqla bağlıdır.
“Saray qəsəbəsindən gələn sərnişinlərin avtobusla bağlı problem yaşaması barədə məlumatımız var. Biz tədris ilinin başlanması ilə əlaqədar olaraq, Bakı-Sumqayıt istiqamətindəki avtobusların sayının artırılması ilə bağlı daşıyıcılara tapşırıq vermişik. Lakin nəzərə almaq lazımdır ki, Bakı-Saray-Sumqayıt istiqamətində Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən nəzarətdə olan 5 marşrut xətti var. Bakı-Sumqayıt yolunda obyektiv səbəblərdən sıxlıq müşahidə olunduğu üçün avtobuslar pik saatlarda həmin sıxlıqda ya eyni vaxtda tıxacda qalır, ya da eyni vaxtda dayanacağa yaxınlaşırlar”, – N.Allahyarova qeyd edib.
Hüquqşünas Vamiq Şükürov isə bildirib ki, qanunvericiliyə əsasən, sözügedən ərazidə tələbat müəyyən edildikdən sonra yeni marşrut xətti açıla bilər:
“Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”nda marşrut xətlərinin açılmasının hüquqi əsasları göstərilib. Həmin Qaydaların 4.4-cü bəndində qeyd edilir ki, marşrutun hər bir sahəsində sərnişin avtonəqliyyat vasitəsinin orta sürəti hesablanır, dayanacaqların uzunluğu və reysdə olma müddəti işlənib hazırlanır. Əhalinin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc və sonuncu məntəqələrindən yola düşmənin daha məqsədəuyğun və münasib vaxtı müəyyən edilərək, hərəkət cədvəlləri və marşrut sxemləri tərtib edilir. Ümumiyyətlə, “Avtomobil nəqliyyatı haqqında” qanuna görə, iqtisadiyyatın və əhalinin avtomobil nəqliyyatı ilə daşımalara, həmçinin, digər nəqliyyat xidmətlərinə olan ehtiyaclarının təmin olunmasına şərait yaradılması və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, habelə avtomobil nəqliyyatı xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərin qanuni maraqlarının dövlət tərəfindən qorunması dövlətin əsas vəzifələrindən biridir. Bu baxımdan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sual etdiyiniz ərazidə əhalinin yeni marşrut xəttinə ehtiyacını müəyyən etməlidir. Bu tələbatı müəyyən etmək çox asandır. Sadəcə olaraq göstərilən ərazidə monitorinq keçirib nəticələrini təhlil etmək lazımdır”.