May ayının 15-də Everest (8848 m) və mayın 17-də isə Lhotze (8516 m) zirvəsini də fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
– İlk azərbaycanlı qadın olaraq Everesti fəth etdiniz. Qələbə təəssüratlarınızı eşitmək istərdik.
– Mən çox xoşbəxtəm. Everest düşərgəsinə gedən azərbaycanlı yalnız mən idim. Beynəlxalq bir qrupa qoşulmuşdum. Qrupda əsasən Ukrayna vətəndaşları var idi. İkiqat şanslı və sevincliyəm, çünki eyni anda həm dünyanın ən hündür, həm də dördüncü ən yüksək zirvəsinə qalxdım və bayrağımızı hər iki zirvədə dalğalandıra bildim. Bu çox çətin bir səfər idi. 35 gün ərzində hər gün zirvəyə doğru hərəkət etmək çox böyük əzmkarlıq tələb edirdi. Dağın başında hər gün mənfi 40 dərəcə şaxta və güclü külək vardı. Orda dayanıb gözləmək mümkün deyildi.
– Everestə qalxarkən hansı çətinliklərlə qarşılaşdınız?
– Ən böyük çətinliklər soyuq hava və oksigen çatışmazlığı idi. O qədər möhkəm olmalısan ki, bu yolu başa vura biləsən. Mən zirvəni fəth etmişdim, dedilər ki, iki nəfər həyatını itirdi. Onlar hansı ölkədən idilər, bilmirəm. Amma həmin ərazi “ölüm zonası” adlanır. Bu səbəbdən orada çox uzun müddət qalmaq olmur. İnsan mental olaraq təslim olur. Heç kim səni xilas edə bilmir. Ona görə də o qədər güclü olmalısan ki, zirvəyə çata biləsən.
– Sizi bu çətinliklərə qarşı nə motivasiya edirdi?
– Azərbaycan qadını olaraq hər iki zirvəni fəth etməklə tarix yazdım. Bu mənim həm əsas məqsədim, həm də məsuliyyətim idi. Bəzən addım atmağa taqətim olmurdu, amma bayrağımız gözümün qabağına gəlirdi. Bilirdim ki, bu yalnız mənim deyil, vətənimin uğurudur. Mütləq irəli getməli idim. Ən böyük stimulum bu idi. Əvvəlcə heyətlə birgə idim. Sonra isə onlardan ayrıldım və bələdçimlə yollarımıza davam etdik. Everestə bələdçisiz qalxmağa icazə verilmir.
– Zirvəyə qalxarkən hansı mərhələlərdə dincələ bilirdiniz?
– Dağ elə bir yerdir ki, sənə dincəlmək üçün icazə verilib-verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Hava bir anda dəyişə bilər. Qəfil qar yağa, şaxta düşə bilər. Adam çalışır ki, mümkün qədər tez bir nöqtədən digərinə çatsın. Hər şeyin öz qaydası və proseduru var. Biz də onlara əməl edərək zirvəyə doğru hərəkət etdik.
– Zirvəyə çıxmaq üçün müəyyən vaxt təyin edilib?
– Everestə çatmaq üçün müəyyən vaxt verilmişdi. Amma istəsən, daha tez və ya daha gec də zirvəyə qalxa bilərsən. Elə insanlar var ki, daha uzun müddət orada qalırlar ki, şəraitə uyğunlaşsınlar. Amma ümumi ekspedisiya müddəti 35-36 günü əhatə edir.
– Səsiniz tutulub. Səhhətinizdə hər hansı problem yarandımı?
– Xeyr, heç bir problem olmadı. Səsimin tutulması isə dağda normal haldır. Demək olar ki, hamının səsi batır. Quru hava, oksigen çatışmazlığı buna səbəb olur. İndi artıq ekspedisiya başa çatıb və mən Katmandu şəhərinə qayıtmışam. Burada oksigen boldur, özümə yaxşı baxacam.
– Dağda necə qidalanırdınız?
– Ekspedisiyaya ciddi hazırlıqlı getmişdim. Yüksəklikdə insan ağır yeməklər istəmir. Həzm sistemi zəifləyir. Ona görə də yüngül qidalar – sup, peçenye, tez hazırlanan yeməklər, göbələk şorbası, yumurta, sıyıq və meyvələr yeyirdik. Hündürlükdə adamın iştahı olmur, sevdiyin yeməyi belə yemək istəmirsən.
– Oksigen çatışmazlığına qarşı hazır idinizmi?
– Bəli, çox ciddi nəzarət edirdim. Çünki bu çox təhlükəlidir. Oksigen balonuna qoşulan tənəffüs cihazının göstəriciləri var. Oksigenin gəlib-gəlmədiyini hiss edirsən. Cihazda diyircək aşağı-yuxarı hərəkət edir. Özünü pis hiss edəndə dərhal məlumat verir və balonumu dəyişirdim.
– Heç təhlükəli vəziyyətlə qarşılaşdınızmı?
– Xeyr, ekspedisiya o qədər gözəl təşkil olunmuşdu ki, heç vaxt “burada nə işim var” demədim. “Kumbu” deyilən yer ən təhlükəli bölgədir, orada həyatını itirənlər çox olub. Amma mən oradan həzz alırdım. Ola bilər ki, çox oxumuş və məşq etmişdim. Hamı nərdivandan keçəndə həyəcanlı idi. Mən də həyəcanlı idim. Amma özümə o qədər əmin idim ki, elə bil hər gün nərdivanla çıxıb düşürəm.
– Vəfa xanım, idmanın hansısa növüylə məşğul olmusunuzmu?
– Bəli, mən təhsil işçisiyəm. Bakıda keçirilən elə bir qaçış tədbiri yoxdur ki, iştirak etməmiş olum. Həmişə qaçırdım və özümü güclü saxlamaq üçün idman edirdim. Everestə çıxmaq üçün düşünülür ki, sadəcə yavaş-yavaş gedirsən. Amma bu belə deyil. Sən bir ipin üstündə olursan, hər addım diqqət tələb edir. Artıq barmaq uclarımı hiss etmirəm, çünki bir aydır dayanmadan jumar (İp çəkmək üçün istifadə olunan alət-R.H.) çəkirəm. Bu çox çətin bir prosesdir.