Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

0
39

Əli Orucov: “Baş verən hadisələr göstərdi ki, hələ boşluqlar var, xüsusən də mətbuat sektorunda”

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov deyib ki, ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri Azərbaycanın media resurslarına edilən hücumun Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyən edilib – bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir.

Demək mümkündür ki, Rusiya bu yolla “Rus Evi”nin və “Rossiya Sevodnya”nın bağlanmasının qisasını almaq istəyir? Qlobal media qrupun idarəetmə mərkəzini ələ keçirmək bu kiber-hücumçuların nəyinə lazım idi? Texnoloji baxımdan bu hücumun mənası nədir?

Politoloq Əli Orucov bildirdi ki, Rusiyanın Azərbaycana basqısı gözlənilən idi və bu Ukrayna-Rusiya müharibəsində yaranmış balansın Moskvanın xeyrinə dəyişdikdən sonra baş verməsi təsadüfi sayıla bilməz: “Həyata keçirilən kiber-hücum “Rusiya Evi” və “Rossiya Sevodnya”nın qisası ilə bağlılıqdan daha uzaq hədəflərə hesablanmış təxribatdır. Diqqət yetirsək görərik ki, ilk hücum media resurslarına yönəlib. Çağdaş dünyamızda media məkanı ciddi təsirə malikdir və ən güclü silah hesab olunur. Həmçinin dövlətlərin daxili sabitliyi və təhlükəsizliyinin təminatında böyük rol oynayır. Bu baxımdan hesab etmirəm ki, ART29 qrupunun kiber-hücumu özfəaliyyətin və qrup maraqlarının təzahürüdür. Məlum olduğu kimi belə qruplar adətən xüsusi xidmət orqanlarının və məxfi servislərin birbaşa nəzarətində, yaxud da tərkibində olur. Azərbaycan bunu xəbərdarlıq kimi qəbul edərək internet resurslarının xarici müdaxilələrdən və hücumlardan qorunmasının tam təmin edilməsi üçün ciddi tədbirlər həyata keçirməlidir. Növbəti hədəflər dövlət qurumlarının, həmçinin digər vacib, həyatı əhəmiyyətli sahələrin məlumat informasiya bazası ola bilər”.

Ekspert əlavə etdi ki, internet resurslarının təhlükəsizliyi ən yüksək səviyyədə qorunmalıdır: “Bu sahə elə səviyyədə qorunmalıdır ki, hansısa xarici güclər öz niyyətlərinə çata bilməsinlər. Doğrudur, bununla bağlı son dövrlər xeyli işlər görülüb, konkret sahəvi qurumlar yaradılır. Amma baş verən hadisələr göstərdi ki, hələ boşluqlar var, xüsusən də mətbuat sektorunda”.