Ürək istəyimi? Həyati ehtiyaclarmı? Sevdiklərimizmi?
Məncə hər biri…
Bəs qəlbimiz nə deyir?
Mənimki sevdiklərimin xoş gününü görməyi arzulayır. Yox, təkcə sevdiklərimin deyil, hər kəsin.
O, bütün ehtiyacların yaşam boyu bir-birini əvəzləyəcəyi ilə razılaşıb… Ürək istəyimin sevdiklərim ilə bağlı olduğuna da…
O, rahatlığa qovuşduğu günün o biri dünyada olduğuna inanır… İndi isə, qəlbimə hakim olanlarla mübarizə aparmır. Onların dediyini edir: hər kəsə əlindən gələn köməyi etmək, xeyirli biliklərini paylaşmaq, həyati borclarını ödəmək, ömrünü şənlədirməyə çalışmaq, hər kəsi sevindirməyə səy etmək, günahlardan uzaq qaçmaq, fiziki və mənəvi əməyini daim həyatının mənası hesab etmək…
Qəlbimizə hakim olanların həyata keçməsi nədən, kimdən asılıdır?..
Aydın məsələdir ki, ilk növbə özümüzdən. Mübariz həyat gücümüzdən, səbrimizdən, inamımızdan, sevgimizdən və… bizi əhatə edən insanların münasibətlərindən…
Fərqli insanların fərqli münasibətinə verdiyimiz fərqli dəyərdən…
Qəlbimizə hakim olan təkcə arzular deyil, dünyəvi kamillik anlayışından əldə etdiklərimizdir.
Xasiyyətlər, mənəvi dünya anadangəlmə olsa da, həyat boyu eniş-yoxuşlar, zirvələr, öyrəntilər onların təkcə yol yolçusu deyil, yaşam aspektini müəyyənləşdirən əsas amillər olur.
İdeal insan yoxdur, ideal düşüncələr var və bu düşüncələri həyat reallığına çevirən ideal iradə, geniş zəka və möhkəm güc, zəhmətkeş varlıq.
Bütün bunlar qəlbimizin hakimliyinə tabe olsa da, “əsirlik”dən qaçanlar da var. Amma bu qaçqınlıq qəlbini zalımlığa, riyakarlığa hakim edənlər üçün qurtuluşdur. Digərləri üçün isə çıxılmaz yarğan…
Bəli, həyat mübarizəsi qəlblərdən başlayır. Qəlbimizə hakim qüvvələr həyatımızı müəyyənləşdirir.
Xoşbəxtlik odur ki, qəlbimizə gümrah, təmiz, halal, gözütox, qənaətbəxş hisslər hakim olsun, qəlbimizdə hamıya yaxşılıq etmək, gözəlliklər yaratmaq arzusu, həyatdan zövq almaq bacarığı olsun…
Sənubər Səhər