“Azərbaycan teatrının vəziyyətini qiymətləndirmək məsələsindən danışsaq, birmənalı fikir söyləmək çətindir. Bu xüsusda qısa nəsə demək də imkan daxilində deyil. Teatrımızın həm uğurları, həm uğursuzluğu və bütövlükdə prosesdə çatışan və çatışmayan məsələlər var, ətraflı müzakirə tələb edir”.
Bu fikirləri açıqlamasında tanınmış mədəniyyət eksperti – sənətşünas, jurnalist Seymur Elsevər teatra aid məsələlərə münasibət bildiriərkən deyib.
O, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ilə kollektivin bir neçə üzvü arasında gedən qalmaqala da toxunub:
“Teatrın məhsulu olan tamaşa canlı şəkildə birgə əməyin nəticədir. Peşəsi səhnə və ekrana bağlı adamlar həmişə özlərini göstərməyə meyllidir, emosionaldırlar. Bu, onların təbiətindədir. Artist eqoizmi deyilən bir anlayış var. Aktyorlar istedadı, potensialı, zəhmətkeşliyi və sairdən asılı olmayaraq hamısı sözün yaxşı və pis mənasında iddialıdırlar. Bəziləri düşünür ki, imkanları daha genişdir, amma ona bu şəraiti yaratmırlar: münasib tamaşalar hazırlanmır, yaxud rol vermirlər. Həmişə olmasa da bəzən haqsızlıq ucbatından belə halların baş verdiyi danılmazdır. Milli peşəkar teatrımızın təşkilatlanma mərhələsi sovet hakimiyyəti illərindən başlayıb. Ona qədər pərakəndəlik olub. Məhz sovetin gəlişi ilə dövlət teatrı təsisatı dövrü meydana çıxıb, məxsusi binalar tikilib, maddi-texniki baza və kollektivlər formalaşıb. İncəsənətin bu əhəmiyyətli, təsiredici gücə malik növü ölkəmizdə zəngin və yaddaqalan inkişaf yolu keçib. Buna baxmayaraq Adil İsgəndərovdan, Aleksandr Tuqanovdan üzü bəri Mehdi Məmmədov, Tofiq Kazımov, Hüseynağa Atakişiyev, Həsən Turabov, Əlabbas Qədirov, Azərpaşa Nemətov kimi bədii rəhbər və ya baş rejissordan, Məmməd Ziyadov, Əli İsmayılov, Maqbet Bünyadov, İsrafil İsrafilov kimi direktorlardan kollektivin böyük hissəsi razı qalsa belə, narazılar olub. Başqa cür mümkün deyil. Teatrda rəhbər şəxs iki yüz adamı razı salsa da, bir-iki nəfər gileylənən tapılacaq. Əlbəttə, narazıların fikri dinlənilməlidir. Bilinməlidir ki, söz-söhbətə səbəb nədir. Hər kəs özünü arqumentli sayır”.
Sənətşünasın sözlərinə görə, bədii rəhbər teatrda vacib funksiya daşıyır:
“Bu vəzifəni tutan şəxsə imkan verilməlidir ki, çalışsın, teatrı müəyyən məqama çatdırsın. Bədii rəhbərin teatrın simasının müəyyənləşməsində, sənət ocağının günün tələblərinə cavab verməsində xüsusi rolu var. Artıq yetərincə tarixə, ənənəyə malik milli teatr samballı sayılacaq adını doğruldur, dünya ilə ayaqlaşa bilirmi? Belə suallar qoyulsa, daha yaxşı olar. Həm də peşəkarlarla yanaşı, cəmiyyəti də doğru məcraya yönəldər. Təəssüf ki, Azərbaycan mətbuatında əli qələm tutan bəzi adamlar ucuz maraqlara xidmət edirlər. Şou yaratmağı hədəf seçirlər. Baş verənlər onun ifadəsi kimi görünür. Proses mədəniyyət nazir(liy)inin nəzarətindədir. Diqqətli şəkildə səbrlə bir az gözləmək lazımdır. Düşünürəm ki, vəziyyət məcrasından çıxmayacaq, fəsad vermədən sovuşub gedəcək. Mehriban xanım təcrübəli, savadlı sənətkardır. Yaxşı haldır ki, nazirlik bədii rəhbər vəzifəsini etibar etdiyi şəxsin əməyini qiymətləndirir, müdafiəsiz qoymur. Çünki ona etimadla yanaşı, görəcəyi vacib işlərin teatra uğur gətirəcəyinə ümidlidirlər. Yəqin ki, köklü dəyişiklik üçün bədii rəhbər konsepsiya düşünüb-daşınıb, tətbiqinə çalışacaq. Nəticəni görməyimizə bir qədər vaxt və səbr lazımdır”.
P.S. Yazı sayta gedərkən mədəniyyət nazirinin milli teatrın kollektivi ilə görüşdüyünü eşitdik…