BMT: Hazırkı inkişaf modeli bəşəriyyətin gələcəyi üçün təhlükəlidir

0
482

Dünyanın müxtəlif ölkələrindən olan alimlərin iştirakı ilə hazırlanan 2030-cu ilədək BMT-nin dayanıqlı inkişaf Hədəflərinə dair növbəti hesabatda deyilir ki, hazırkı inkişaf modeli bəşəriyyətin gələcəyi üçün təhlükəlidir. Qeyd olunur ki, son iyirmi ildə əhalinin rifahının yüksəldilməsi istiqamətində müəyyən artım müşahidə olunsa da, bu proses dövlətlər üçün bumeranq effekti verə və yoxsulluğun daha da artmasına səbəb ola bilər. Hesabatda vurğulanır: “Təbiətə münasibətin kardinal surətdə dəyişdirilməsi, insanlar arasında bərabərliyin daha çox təmin olunması, neft-qaz və plastik maddələrdən imtina edilməsi insanlığın gələcəyi üçün mühüm amillərdir”.

Hesabatın Nyu-Yorkda keçirilən mətbuat konfransında təqdimatı zamanı əsas diqqət iqtisadi inkişafın ətraf mühitin korlanması hesabına davam etməsinə yönəldilib. Vurğulanıb ki, bu inkişaf modeli yüz milyonlarla insana rifah gətirsə də, planetimizdə yoxsulların sayı daha da artıb. Belə ki, hazırda iki milyard insan ərzaq qıtlığından əziyyət çəkir, onlardan 820 milyonu isə aclıqla üz-üzədir. Digər tərəfdən, 2 milyard insan da faydasız qidalanma üzündən piylənmədən əziyyət çəkir. Onlardan 40 milyon 5 yaşına qədər olan uşaqlardır. Eyni zamanda, planetimizdə 1 milyarda yaxın insan elektrik enerjisindən məhrumdur.

Hesabat müəlliflərinin qənaətinə görə, 2030-cu ildə sayı 8,5 milyard nəfərə çatacaq dünya əhalisini yoxsulluqdan qurtarmaq və daha yüksək rifaha malik olmaq hələ də mümkündür. Onların proqnozlarına əsasən, 2017-2060-cı illərdə dünyada maddi nemətlərin istehlakı iki dəfə artaraq 89 giqatondan 167 giqatona çatacaq. Lakin bu dərəcədə böyük miqdarda istehlak cəmiyyətdə qeyri-bərabərliyi artıracaq və atmosferdə daha çox parnik qallarının emissiyasına səbəb olacaq. Digər tərəfdən, iqlim dəyişiklikləri dünyada biomüxtəlifliyin də azalmasına gətirib çıxaracaq.

Mətbuat konfransında çıxış edən Bern Universitetinin professoru Peter Mersseli vurğulayıb ki, hazırkı inkişaf trayektoriyası bəşəriyyətin gələcəyini təhdid edir. Onun sözlərinə görə, istehsalın artması fonunda torpağın deqradasiyası və qlobal istiləşmə prosesləri baş verir. Alimlər hökumətlərə müraciət ediblər ki, bu məsələlərlə bağlı qərarlar qəbul edilməsi zamanı elm adamları ilə məsləhətləşmələr aparılsın.

Hesabat müəllifləri qeyd ediblər ki, ilk növbədə, ərzaq, energetika, istehlak və şəhərlərin idarəçiliyi sistemi dəyişdirilməlidir. Bunun üçün hökumətlər, özəl sektor, yerli icmalar, vətəndaş cəmiyyətləri və sadə vətəndaşlar arasında sıx əməkdaşlıq mühiti olmalıdır.