Bakıya jesti ilə erməniləri məyus edən Bolton niyə getdi?

0
382


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovun ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun istefa səbəbləriylə bağlı müsahibəsini təqdim edirik:
– ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərdi. Boltonun istefasının arxasında hansı səbəblər dayanır?
– ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin vəzifəsindən azad ediləcəyi barəsində mətbuatda artıq bir müddət idi ki, məlumatlar dolaşırdı. C.Boltonun işindən uzaqlaşdırılması səbəbini ilk növbədə Trampın xarakterində, prezidentin necə görünmək istəməsində, seçkiqabağı verdiyi vədlərdə və nə istəməsində axtarmaq lazımdır. Belə ki, Prezident Tramp ilk növbədə kənardan yumşaq və zəif görünməməyə çalışır, yəni ingilis dilində deyildiyi kimi “möhkəm oğlan” (tough guy) kimi çalışır. Ona görə də Trampın birinci prezidentliyi dövründə iki milli təhlükəsizlik müşaviri – general Maykl Flinn və Herbert Makmaster hərbi uniformalı şəxslər idilər. Tramp generalların içində görünməyi və onlara “mənim generallarım” deməyi xoşlayır. Müxtəlif səbəblərdən Trampın ilk iki hərbçi milli təhlükəsizlik müşaviri bu postda qala bilmədi. Daha sonra gündəliyə Con Bolton gəldi. Bolton hərbçi olmasa da, ABŞ-da və dünyada sərt xarici siyasət tərəfdarı, başqa sözlə, “möhkəm oğlan” imicinə malikdir. Milli təhlükəsizlik məsələləri üzrə müşavir postunu tutmamışdan əvvəl Boltonun dövlət katibi, Tillerson dövlət katibi olandan sonra isə onun müavini postunu tutacağı gözlənilirdi. Ancaq müxtəlif səbəblərə görə bu alınmayandan sonra o, Makmasterdən sonrakı milli təhlükəsizlik məsələləri üzrə müşavir postunu tutdu. Həmin zaman Boltonun milli təhlükəsizlik məsələləri üzrə müşavir postunu tutmasında İsrail lobbisi, xüsusilə Trampın seçki kampaniyasının əsas donoru milyarder və Netanyahunun ABŞ-da əsas dəstəkçisi Şeldon Adelson da mühüm rol oynamışdı. Bu günlərdə isə İsrail mətbuatında Şeldon Adelson və Netanyahunun üzərində böyük təsiri olan xanımı arasında ziddiyyətlər ortaya çıxdı. Ekspertlər hesab edirlər ki, artıq bir müddətdir ki, Boltondan qurtulmaq istəyən Prezident Tramp məhz bu qarşıdurma zamanını özü üçün uyğun məqam hesab edərək, bundan yararlanmağa cəhd etdi.
– Beləliklə, sual meydana çıxır ki, Tramp niyə Boltondan qurtulmaq istəyirdi?
– Şərhçilər hesab edirlər ki, bu, ilk növbədə Boltonun və Trampın xarici siyasətdə qarşılarına qoyduqları məqsədlərin fərqli olmasından qaynaqlanır. Belə ki, Trampın özünü möhkəm və sərt siyasət tərəfdarı kimi ortaya qoyması əsas hədəfi deyil, bu cür mövqedən o, yalnız danışıqlarda qarşı tərəflə daha yaxşı şərtlərlə razılığa gəlmək və onu razı salmaq taktikası kimi istifadə edir. Tramp daxili siyasətdə daim özünü keçmiş biznes təcrübəsinə əsaslanaraq mürəkkəb vəziyyətlərdə “razılıq əldə edə bilən birisi kimi” (dealmaker) təqdim edir. Tramp administrasiyasının birinci dövrü artıq sona yaxınlaşır. İkinci dövrə gedərkən beynəlxalq münasibətlərin əsas problemləri üzrə prezident hələlik heç bir nəticə və razılıq əldə edə bilməyib. Bunda Boltonun da rolunun olduğu göstərilir. Məhz buna görə artıq bir müddət idi, ABŞ mətbuatında gedən məlumatlarda Trampın Boltonu Şimali Koreya mövzusu ilə bağlı məsələlərdən tamam uzaqlaşdırdığı yazılırdı.
– CNN televiziyası Boltonun yerinə təyin olunması üçün 10 nəfərin namizədliyinin nəzərdən keçirildiyini bildirib. Siz necə fikirləşirsiniz, Boltonun yerinə gələcək şəxsin yeni istiqamətlər seçib, Boltonun tutduğu xəttdə böyük dəyişikliklər etməsi nə dərəcədə realdır?
– Şərti olaraq artıq bu aydan etibarən ABŞ-ın xarici siyasətinə və kimin milli təhlükəsizlik müşaviri olması məsələsinə 2020-ci il prezident seçkisi kampaniyası prizmasından baxmaq lazımdır. Bu qısa zaman kəsiyi üçün milli təhlükəsizlik müşaviri postunu məhz hansı şəxsin tutacağının elə də böyük əhəmiyyəti yoxdur. Boltonun vəzifədən uzaqlaşdırılmasından çıxan məntiqi nəticə odur ki, qalan müddətdə Tramp administrasiyası İran və digər rəqiblərlə münasibətlərin gərginləşdirilməsindən yayınacaq, mümkündürsə, hansısa məsələlər və ziddiyyətlər üzrə razılıq əldə edilməsinə çalışacaq və hətta bir nəticə əldə edilməsə belə, daxili auditoriya üçün hansısa razılığın əldə edilməsi barəsində imitasiya ediləcək. Bu proqnozda təbii ki, məsələn, İsrailin birtərəfli şəkildə hipotetik olaraq İrana qarşı hücumu kimi məqamları istisna edirik.
– Bəs Çin və Rusiya? Bu istiqamətdə hansısa formada dəyişikliklər nəzərdən keçirilə bilərmi?
– Çin və Rusiya siyasətində hansısa formada dəyişiklik gözlənilmir, hər iki dövlət artıq qeyd etdiyim 2020-ci il seçkiləri prizmasından ABŞ-a qarşı gözləmə mövqeyi tutmaqdadılar. Eyni zamanda hər iki dövlət bu boşluq dövründən müxtəlif istiqamətlərdə ABŞ-a qarşı mövqelərinin daha da gücləndirilməsi istiqamətində addımlar ataraq onu çətin seçimlər qarşısında da qoya bilərlər.