Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı DQİDK və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirədə deyib.
Sədr müavini bildirib ki, dini radikalizmlə mübarizədə ən mühüm vasitə maarifləndirmə hesab edilir: “Sözügedən prosesdə zəngin biliklərə malik din xadimlərinin də üzərinə böyük məsuliyyət düşür. Bu şəxslərin mövqeyi, həm də fikirləri doğru və mənalı olmalıdır. Bəşəriyyətin və cəmiyyətin maraqları nəzərə alınmalıdır ki, dindar insanlar yanlış yola yönəlməsinlər, dini ayrı-seçkliyə, ədavətə yol verməsinlər”.
S.Salahlının sözlərinə görə, nüfuzlu din xadimləri dinlər və mədəniyyətlərarası münasibətlərə həssas yanaşmalı, bu sahədə atdıqları addımların cəmiyyətin təhlükəsizliyi baxımından nə qədər böyük əhəmiyyət kəsb etdiyinin fərqinə varmalıdırlar: “Onlara etibar olunan minbərin saxta ruhani kimliyinə malik şəxslərin əlinə keçməsinə imkan verməməlidirlər. Minbər tribunadır, onun ölkəmizin mənafeyini öz mənfəətlərinə qurban verməyə hazır olan, din pərdəsi adı altında gizlənən şəxslərin əlində alətə çevrilməsi yolverilməzdir. Çünki dinin siyasiləşməsi indiyədək heç bir cəmiyyətə xoşbəxtlik gətirməyib”.