“Azərbaycanda son illərdə ciddi mübarizə aparılan bir məsələyə həll tapılıb. Artıq xarici ölkələrdən Azərbaycan xəritəsini açan zaman əvvəllər Qarabağ və Şərqi Zəngəzurda olan coğrafi adlar iki dildə (erməni və azərbaycan) göstərilmir. Bu dəyişikliyin arxasında uzun müddət davam edən mübarizə dayanır”.
Bu barədə texno-bloqer Fərid Pərdəşünas danışıb.
O bildirib ki, 2020-ci ildən bəri bu qondarma adların xəritələrdən silinməsi üçün ciddi səylər göstərilib. Türkiyə və Avropada keçirilən görüşlərdə “Google” qarşısında hüquqi öhdəliklər qoyulmuş dəfələrlə mail üzərindən danışıqlar aparılmışdı. Məsələ Azərbaycanda ən yüksək səviyyədə qabardılıb, dövlət qurumları, ölkə rəhbərliyi və media bu məsələyə diqqət yetirilməsinə çalışıb. Lakin, Google əvvəlki mövqeyindən geri çəkilməyərək hüquqi əsası olmayan mövqe sərgiləyib və müraciətlərə cavab verməyi dayandırmışdı.
“Amma son anti-terror əməliyyatlarından sonra xəritədə ciddi dəyişikliklər baş verib. Həm de-fakto, həm də de-yure həmin ərazilər Azərbaycanın nəzarətində olduğunu göstərən düzəlişlər aparılıb. Əhalisinin böyük hissəsinin azərbaycanlılardan ibarət olduğu bu ərazilərdə “Open Street Map” kimi açıq mənbə platformasında da müvafiq dəyişikliklər baş verib. Dövlət qurumları da ərazi və küçə adlarının düzəlişinə dəstək verərək bu prosesə qatılıb”.
Bu mübarizənin nəticəsi olaraq artıq xaricdən daxil olduqda da xəritələrdə qondarma adlar göstərilmir. Bu böyük rəqəmsal mübarizə uğurla başa çatıb.