Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri regionda marağı olan dövlətlərin ən çox diqqət yetirdiyi məsələlər sırasındadır.
Gürcü xalqının məhz “Gürcü Arzusu”na səs verməsi onların milli-mənəvi dəyərlərə bağlılığını və bu dəyərləri qoruma əzmini nümayiş etdirdi. “Gürcü Arzusu”nun qalib gəlməsi həm də o deməkdir ki, Qərbin region dövlətlərinin daxili işlərinə qarışmaq cəhdləri baş tutmayacaq.
Ən əsası parlament seçkilərinin nəticələri Qərbin Ukraynada olduğu kimi, Cənubi Qafqazda da münaqişə ocağı yaratmasının qarşısını aldı.
Seçkilərin qalibi Brüssel olmadı
Təbii ki, bu nəticələr Qərb və onun strukturlarını qane etməyib.
Artıq Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlara başlaması üçün tövsiyə verməkdən imtina edib.
Ümumiyyətlə, Qərbdə seçkinin nəticələrini özlərinin məğlubiyyəti kimi qəbul edirlər. Elə baş nazir Viktor Orbanla birgə Tbilisiyə gələn Macarıstanın xarici işlər naziri Peter Siyarto da bəyan edib ki, Gürcüstandakı parlament seçkilərinin qalibi Brüssel olmayıb.
Seçkilərdən sonra Gürcüstanın paytaxtı Tbilisidə və digər şəhərlərdə kütləvi aksiyaların keçiriləcəyi əvvəlcədən məlum idi. Müxalifət də bunu anons etmişdi. Qərb tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatları, media orqanları və digər siyasi partiyalar insanları küçə və meydanlara çıxarıb sabitliyi pozmağa cəhd göstərirlər. Amma hakimiyyət sabitliyi qoruyub saxlamağı bacarır.
Gürcü müxalifətinin səhvi
Bu il ilk dəfə Gürcüstan parlamentinin 150 deputatı əvvəlki kimi qarışıq sistemlə deyil, tam proporsional sistem üzrə seçilib.
Seçkilərdə seçki bloklarının yaradılması qadağan olunub. Müxalifət partiyalarının razılığa gəlmək və vahid siyahı ilə çıxış etmək imkanı var idi, lakin daxili siyasət məsələlərində bir sıra fikir ayrılıqları olduğundan onlar bunu edə bilmədilər. Nəticədə tez bir vaxtda Avropa və Qərblə inteqrasiyanın tərəfdarı olan üç fərqli müxalifət ittifaqı və daha bir partiya seçkiyə qatıldı. Onlar ümid edirdilər ki, ümumilikdə, hakim partiyadan daha çox yer qazanarlar. Sonra isə parlamentdə koalisiya çoxluğu yaratmaq olar. Amma belə olmadı. Müxalifət səslərinin bir hissəsini itirdi.
Müxalifət partiyaları Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı olmayan məsələlərdə nə istədiklərini, vətəndaşlara nə təklif etdiklərini də aydın şəkildə formalaşdıra bilmədilər. Hakim partiya isə sülh və Ukraynada müharibə mövzularında ortaya konkret mövqe qoydu.
“Gürcü Arzusu”nun populyarlığının səbəbi nədir?
Bəs əhalinin az qala 80%-nin Avropa İttifaqına üzvlüyün tərəfdarı olduğu bir ölkədə tez-tez Rusiyanın maraqlarına xidmət etməkdə ittiham olunan “Gürcü Arzusu” niyə belə dəstəyə malikdir? Təbii ki, səbəbsiz deyil. Birincisi, insanlar dünyada və regionda hansı siyasi proseslərin getdiyini görürlər. Yəni ortada yaxşı olmayan nümunələr var. Əvvəlki illərlə müqayisədə indi seçiciləri parıltılı sözlərə aldatmaq çətindir.
Bundan əlavə, Qərbin təklif etdiklərinin ölkənin milli maraqlarına və cəmiyyətin mentalitetinə uyğun olmadığı ortadadır. Müxalifətdən fərqli olaraq, hakim partiya gürcü cəmiyyətinin mühafizəkar hisslərindən məharətlə istifadə edir. Məsələn, “Gürcü Arzusu” əhalini “LGBT təbliği və populyarlaşdırılmasından” qorumaqdan danışır, müxalifət isə əksinə, bununla bağlı qanunvericiliyin formalaşdırılmasını istəyir. Təbii ki, müxalifətdən fərqli olaraq, hakim partiyanın bu mesajı bir çox seçiciyə xoş təsir bağışlayır. “Dünya dəyərlər xülasəsi” (World Values Survey) layihəsinə görə, Gürcüstan 2017-2022-ci illərdə sorğuda iştirak edən 88 ölkə arasında tolerantlıq baxımından 82-ci yerdə qərarlaşıb: respondentlərin 90%-dən çoxu homoseksuallığı qəbul etmədiklərini bildiriblər.
“Gürcü Arzusu” təmsilçiləri seçki kampaniyası dövründə öz çıxışlarında müharibə mövzusundan da məharətlə istifadə ediblər. “Ölkəni müharibəyə sürükləmək istəyən daxili və xarici düşmənlər azacıq şans gözləyirlər ki, milli hökumət hansısa yolla agentlərlə əvəz edilsin. Bu da Gürcüstanın məhvi deməkdir”, – partiyanın sədri Bidzina İvanişvili seçkidən əvvəl qeyd edirdi.
Nəticələr göstərir ki, Qərblə münasibətlərdəki böhran fonunda əhalinin bir hissəsi Gürcüstanla birbaşa həmsərhəd olan Rusiya ilə sülhün qorunmasını vacib sayır.
Digər mühüm cəhət ondan ibarətdir ki, “Gürcü Arzusu” özünü Moskva ilə münasibətlərdə balansı qoruyub saxlamaqla yanaşı, Gürcüstanı Avropa İttifaqına gətirəcək qüvvə kimi təqdim edir.
Beləliklə, artıq birmənalı şəkildə deyə bilərik ki, Qərbin Gürcüstan layihəsi pozulub. Onların mühüm geosiyasi əhəmiyyətə malik Cənubi Qafqazdakı xarici siyasəti axsamağa başlayıb.