Təsəvvür edin, biz sovetlər dövründə, orta məktəbdə oxuyarkən, tamam başqa bir mühitdə böyümüşdük, başqa şeylər oxumuşduq, ali məktəb dövrümüzdə isə gəldik, başqa bir dövrə çıxdıq. Hər şey dəyişildi. Bəlkə riyaziyyatda, fizikada dəyişilmədi və ya bir neçə belə elm də, amma bir çox elmlərdə də, iqtisadiyyatda da, insanlara münasibətdə də, cəmiyyətə münasibətdə də çox şeylər dəyişdi.
Ona görə indiki cavanlara, kimlər ki, ali məktəblərə daxil olur, öz savadını artırır, tövsiyəm bu olardı ki, əsl, peşəkar mütəxəssis kimi yetişsinlər, vaxtlarını, günlərini, illərini boşuna sərf etməsinlər, çalışsınlar, öz üzərlərində işləsinlər, dünyagörüşlərini, mədəni səviyyələrini artırsınlar.
Bunu açıqlamasında millət vəkili, professor Rüfət Quliyev deyib.
“Mən bundan öncəki açıqlamalarımda Cənubi Koreyanı, onun təhsil sistemini və təhsilə baxışını, yanaşmasını elə-belə misal gətirməmişdim. Özüm şəxsən Cənubi Koreyada bir neçə dəfə olmuşam. Bu insanlar, bu xalq həqiqətən fantastik bir xalqdır.
Bu gün həm də iki Koreya var – Şimali Koreya və Cənubi Koreya. Cənubi Koreya kapitalistdir. Şimali Koreyada Allah bilir nə sistemdir, heç özləri bilmirlər. Amma bunların arasında həyat tərzində, dünyaya münasibətində, dünyanın onlara münasibətində, eləcə də, oxumağa, savada, inkişafa meyllilikdə nə qədər böyük fərq var”– deyən millət vəkilinin sözlərinə görə, bu yöndə də misalları ona görə gətirir, çəkir ki, Azərbaycan gəncləri, ali təhsil arzusundə olanlar bunlardan nəticə çıxarsınlar, müsbət təcrübələrdən nümunə, örnək götürsünlər.
“Sadəcə, istəyirəm ki, mənim xalqım, xüsusilə, gənclərimiz, cavanlarımız o biri xalqlardan ən yaxşı cəhətləri götürüb, özündə cəmləşdirsin. Fundamenti Azərbaycançılıq, millətimizi sevmək, dinimizə sadiq olmaq, dilimizə sədaqətli olmaq, amma eyni zamanda, inkişaf, tərəqqi etmək olsun. Bunlarsız inkişaf, tərəqqi mümkün deyil. ABŞ nəyə görə belə inkişaf etmiş ölkədir?
Təsəvvür edin, vaxtı ilə Amerikaya gedən insanların 90 faizi quldur, baş kəsən, insan öldürən, oğru və sair olub, amma indi ABŞ cəmiyyətinə baxın, görün necə cəmiyyət qurublar. Bəzən amerikalılarla görüşəndə və onlar nəyisə tənqid edəndə, xüsusilə, xalqlararası məsələlərdən danışanda deyirəm ki, siz də çox danışmayın, özünüzü çox da öyməyin, vaxtı ilə özünüz, babalarınız Amerikanın yerli sakinlərini, hinduları qırıb, çatmısınız. Deyirəm ki, almanlar necə ki, İkinci Dünya Müharibəsinə görə, bu günə qədər mənəvi əziyyət çəkirlər, siz də mənəvi əziyyət çəkməlisiniz. Yəni, deməyim odur ki, heç bir inkişaf etmiş xalq, cəmiyyət, dövlət deyə bilməz ki, məndə heç bir problem, qara nöqtələr olmayıb və ya yoxdur. Elə bir xalq yoxdur, elə bir cəmiyyət yoxdur. Hamısında var problemlər, qara ləkələr.
Ancaq bununla belə, bir çoxları öz yerlərində saymayıb, inkişaf, tərəqqi edib, modernləşiblər. Nəyin sayəsində, məhz elmin, təhsilin, biliyin, savadın, ən müsbət təcrübələrin əxz edilməsi və mənimsənilməsi sayəsində. Ona görə bizlər də ən müsbət təcrübələri, örnəkləri əxz eyməli, öyrənməli və mənimsəməliyik. Öz xalqını sevmək, dövlətçiliyimizi istəmək, dövlətin rəhbərinin istiqamətini, siyasətini başa düşmək, onu dəstəkləmək və sair, mənə elə gəlir ki, bugünkü cavanlarımızın bir obrazı olmalıdır, bir fikri olmalıdır, bir məntiqi olmalıdır. Yəni, biz çalışıb öz problemlərimizi özümüz həll etməliyik. Biz bəlkə də balaca ölkələrdən yeganə ölkəyik ki, heç kimə əl açmırıq, heç kimdən heç nə xahiş eləmirik. Bizim özümüzün imkanımız da var, kapitalımız da var, istənilən addımları da ata bilərik. Bu, böyük bir fəxrdir. Bu, bizim müstəqilliyimizin uğurudur, böyük uduşumuzdur, yəni, ən böyük uğurumuz müstəqilliyimizdir.
Odur ki, insanlarımız, gənclərimiz, cavanlarımız bu müstəqillikdən düzgün formada istifadə edib, yararlanıb, öz üzərlərində çalışıb, cəmiyyətdə özlərini göstərməli, təsdiq qtməli və cəmiyyətə, dövlətə xeyir verməlidirlər”-deyə, R. Quliyev sözlərinə əlavə edib.