Rəisi ölüb, yoxsa… – Konspirologiya tirajlayanlar kimlərdir?

0
72

Mayın 19-da Azərbaycanın Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan-İran dövlət sərhədində görüşüb. Prezidentlər Araz çayı üzərində inşa edilmiş “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarını açılışını ediblər.

Görüşdən sonra İran Prezidentini daşıyan helikopterin Culfa şəhristanına aid Dizmar meşələrində qəzaya uğraması çoxsaylı konspiroloji şərhlərə yol açıb. SEPAH-a məxsus kanallarda ölümə görə qisas alınacağı haqda xəbərdarlıqlar da dərc olunur. Təhdid kimə ünvanlanıb – xarici ya daxili düşmənlərə qarşı?

Hərçənd istifadə edilmiş helikopterin texniki göstəricilərinin aşağı olması, hadisə sahəsində iqlim şərtlərinin münasib olmaması qəzanın obyektiv səbəblərdən baş verdiyinə işarə edir. Lakin bu, konspirologiya həvəskarlarını dayandırmır. Səsləndirilən versiyaların tam “iqnor” edilməsi də mümkün deyil, çünki söhbət regional liderliyə iddia edən dövlətin ikinci ali səviyyəli şəxsinin ölümü ilə nəticələnmiş hadisədən gedir. Üstəlik, son seçkilərdən sonra parlament və Ekspertlər Şurasında onun tərəfdarlarının çoxluq təşkil etməsi Rəisini indiki dini rəhbəri əvəz edəcək varis kimi nəzərdən keçirilməsinə səbəb olmuşdu. Qəzanın sui-qəsd olduğunu iddia edənlərin ehtimalına görə:

1) Azərbaycanla münasibətlərin düzəlməsini istəməyənlər var, onlar regionda gərginlikdə maraqlıdır. Birinci ehtimallara görə, bu qüvvələr regiondan uzaqdır. Elə də sual yaranır ki, bağlanmış saziş nə dərəcədə mühüm idi?

Hamshahri” xatırladır ki, İran və Azərbaycanın Araz sərhəd çayının istismarı sahəsində birgə əməkdaşlığından 50 ildən çox vaxt keçib: “Beynəlxalq ekspertlər təhlil edirlər ki, dünya əhalisinin 90%-i su ehtiyatlarını qonşularla bölüşən ölkələrdə yaşadığından, gələcəkdə bir çox müharibələrin və siyasi münaqişələrin mənbəyi tədricən enerji və mineral ehtiyatlardan su ehtiyatlarına keçəcək. Bu iddianın sübutu son yarım əsrdə 2006-cı ilə qədər ölkələr arasında 37 müharibə və münaqişənin baş verməsidir, 7 hadisə istisna olmaqla, qalanı Yaxın Şərqdə baş verib. İran Qərbi Asiya və Yaxın Şərq regionunda böyük və mühüm ölkə kimi İraq, Türkmənistan, Əfqanıstan, Pakistan, Azərbaycan, Türkiyə və Ermənistanla ümumi sərhədi bölüşür. İranın qonşuları ilə ümumi su sərhədlərinin uzunluğu 2440 kilometrdir və yüz illik əlaqələrə nəzər saldıqda, münaqişələrdə, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda suyun vacib element kimi izlərini araşdırmaq mümkündür”.

Nəşr hesab edir ki, İran və Azərbaycan arasında əməkdaşlıq Yaxın Şərqdə uğurlu model kimi təqdim oluna bilər və hətta akademik tədqiqat obyekti kimi elmi cəhətdən öyrənilə bilər.

Ərəb KİV-ləri İranla Azərbaycan arasında gərginlyin tarixinə toxunur və gərginliyin aşılmasının əhəmiyyətini vurğulayırdılar. BBC xatırladırdı ki, bu, iki ölkə arasında müşahidə olunan gərginliklərdən sonra ilk görüşdür.

Lakin İran-Azərbaycan yaxınlaşmasını sabotaj etmək istəyənlər elə İranın öz daxilində də yetərincədir. Görüş ərəfəsi İranda nəşr olunan “Tehranın məqsədi” kitabı İsrailin nüvə sənədlərini oğurlamaq planlarından yazır. Bu kitabda İranın milli təhlükəsizliyinə qarşı hərəkətdə Azərbaycan Respublikasının rol oynadığı qeyd olunur. Kitabın rəvayətinə görə, “Mossad” gecə vaxtı cəmi 6 saat 30 dəqiqə vaxtı olduğu halda arxivi yük maşınlarına yükləyib və İslam Respublikası təhlükəsizlik qüvvələrinin gözündən yayınaraq sərhədi tərk ediblər.

Bununla yanaşı, Azərbaycan-İsrail əməkdaşlığı haqda çoxsaylı ittiham edici materiallar dərc olundu. Dini rəhbərə yaxın “Keyhan” qəzeti bir az da irəli gedərək Azərbaycan xalqının İrana birləşmək istəməsi haqda təhdid edici dialoq-pamflet dərc etmişdi. Dini rəhbərin müşaviri Əliəkbər Vilayətiyə yaxın “Fərhixteqan” qəzeti isə Azərbaycanın Tehranda səfirlik üçün yeni ofis binası alması əleyhinə silsilə yazılar dərc edirdi. Bunlar İranda Azərbaycanla əməkdaşlığın genişlənməsində maraqlı olmayanların mövqeyinin yetərincə güclü olduğunu göstərir.

2) Helikopterdə həlak olanlardan ikisi – Təbrizin imamcüməsi və valisi azərbaycanlıdırlar, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi tərəfdarı kimi çıxış edir, fars millətçiləri tərəfindən “Bakı lobbiçiləri” kimi tənqid edilirdilər. Parlament seçkilərində Urmiyada kürd namizədlərin önə çıxmasına ən sərt reaksiya da Təbrizin imamcüməsi tərəfindən verilmişdi, o, kürdləri “Urmiyanın qonaqları” adlandırmışdı.

Təbriz valisi isə Novruz bayramı zamanı şəhəri bəzəyən türkçü rəmzləri müdafiə edən açıqlaması ilə yadda qalmışdı. Bundan əvvəlsə şəhərdə etnik film festivalı keçirməsinə görə tənqid olunurdu. Belə açıq mövqe Təbriz valisi və imamcüməsini İran azərbaycanlılarının mənəvi lideri, Təbrizi isə mədəni paytaxtı roluna yüksəldirdi, halbuki Azərbaycanı çoxsaylı vilayətlərə parçalamanın bir məqsədi də Təbrizin bu rola iddiasının qarşısını almaqdır. Bu, ali rəhbər də daxil olmaqla çoxlarını qayğılandıra bilərdi. Çünki hakimiyyətə loyal azərbaycanlıların dini liderin birbaşa özünə bağlı olmasına çalışılır.

Dini rəhbər tez-tez onlara yönəlmiş könülalıcı açıqlamalar verir, haradasa azərbaycanca kitab oxumasını nümayiş etdirir, bir azərbaycanlı ilə dərdləşməsi videosu yayılır və s. Fars millətçiləri də müxtəlif nəşrlərdə təbrizli məmurları və ümumən Təbrizi pantürkist meyllərdə suçlayırdılar. Yanlış anlaşılmasın deyə xüsusi qeyd edək ki, sözügedən şəxslər milli-mədəni haqlar uğrunda hərəkata mənfi münasibətləri ilə seçilirdilər, sərhəd gərginlikləri zamanı da Azərbaycan Respublikasına qarşı bəyanatları olmuşdu. Amma Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduqlarını gizlətmir, İranda sistemi təhdid etməyəcək səviyyədə milli-mədəni tədbirləri dəstəkləyirdilər.

3) İranın daxili hakimiyyət dəyişikliyində SEPAH demək olar ki, bütün postları ələ alıb, Rəisi də o komandaya daxil idi. Son parlament və Ekspertlər Şurasına seçkilərdə də SEPAH qalib gəldi, bundan əvvəl isə Təhlükəsizlik Şurası katibi Əli Şəmxani postundan uzaqlaşdırılaraq yerinə SEPAH-a loyal şəxs gətirilmişdi. Bu əvəzləmədə Rəisi xüsusi rol oynayırdı. Amma ali dini rəhbər Əli Xameneinin bu dəyişiklikdən məmnun qalmadığı, Rəisi fiqurunun hədsiz qabarmasına mənfi reaksiyası bəlli idi. Diqqət çəkici faktdır ki, son günlər Xamenei yenidən fəallaşıb, görüşlər keçirir.

Qəribə də olsa, SEPAH-ın mühüm fiqurlarının nöqtəvi zərərsizləşdirilməsi üçün başlamış əməliyyatlar (Suriyada, Livanda, İraqda və İranın özündə) son aylar daha da intensivləşib, bu, Qərbin (İsrail və ABŞ-ın) hakimiyyətin SEPAH üzərindən ötürülməsinə qarşı olması kimi oxuna bilərdi. Bu məsələdə Qərb və İran daxilində müəyyən qruplaşma müttəfiq kimi çıxış edə bilərmi? İstisna deyil, hələ Qasım Süleymaninin ölümündən sonra da belə ehtimallar səslənmişdi. Rusiya daha çox SEPAH vasitəsilə İran siyasətinə müdaxilə imkanları qazanır, bu isə hər halda nə Qərbdə, nə Çində, nə də Tehranda hər kəsin ürəyincədir.

Təəssüf ki, qəzadan sonrakı region və İran əvvəlki kimi olmayacaq. Qəza İranın öz ölkəsində dövlətin ali seçkili şəxsini qoruya bilmədiyini, axtarış üçün texniki vasitələrinin belə olmadığını ortaya çıxardı və bu, İranın imici üçün böyük zərbədir.

Artıq xarici düşmən axtarışına başlanılıb, İsrail dərhal qəzada əli olmadığını bəyan edib. Çünki məhz Rəisi heç bir İran prezidentinin etmədiyi addımı atmış, İsrailə raket zərbələri endirmək qərarına gəlmişdi. İsraillə yanaşı Azərbaycanla bağlı şübhələr tirajlanır.

Qəza SEPAH-ın daha da güclənərək meydana çıxmasına təkan verə bilər. Hazırda quruma rəhbərlik edən şəxs isə qatı anti-Azərbaycan baxışları ilə tanınır.