İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək

0
135

Hazırda İranla yeni qaz kəmərinin çəkilməsi variantı müzakirə olunmur, indi buna ehtiyac yoxdur. 

Bunu aprelin 26-da parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki Müqavilə” partiyasından olan deputat Babken Tunyan deyib.

“Rusiya və Azərbaycan qazına gəlincə, əksər hallarda mavi yanacaq istehlak edən ölkənin qazı əslində hansı mənbədən aldığını anlamaq çox çətindir. Yəni ola bilsin, bizim Rusiya ilə müqaviləmiz olacaq və ondan qaz alacağıq, amma bu qaz kəmərləri kəsişdiyindən, müəyyən məqamda bu qaz kəmərində Azərbaycan qazı da ola bilər. Bu, texniki sualdır. Söhbət siyasi məsələdən gedir və bəyan edirik ki, Ermənistanın başqa mənbələrdən, daha ucuz və sərfəli qiymətə qaz alması zəruri və məqsədəuyğundursa, o zaman bu imkan müzakirə olunmalıdır. Bunun əksini iddia etmək ölkənin dövlət maraqlarına zərər vurmaq deməkdir”, – Tunyan bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistan onun üçün məqbul olacaq enerji təhlükəsizliyi səviyyəsinə malik olmaq barədə düşünür. “Bu da nüvə, günəş və su enerjisi deməkdir. Bu gün elektrik enerjimizin təqribən 30 faizi atom elektrik stansiyaları, 30 faizi qaz, digər 30 faizi su elektrik stansiyaları tərəfindən istehsal olunur, günəş enerjisinin çəkisi isə təxminən 10 faiz artıb. Amma bu dövrədə qazdan asılılıq kifayət qədər yüksək olduğundan, biz kənar risklərdən, qiymət dəyişkənliyindən və ya qaz kəməri ilə bağlı mümkün problemlərdən asılıyıq, ona görə də bizim üçün mümkün qədər müstəqil olmaq və risklərdən sığortalanmaq faydalıdır. Bu, yeni atom elektrik stansiyasına sahib olmaq deməkdir, bu, günəş resurslarından tam istifadə etmək deməkdir. Və bu istiqamətdə işlər davam etdirilir”, – deyə deputat yekunlaşdırıb.