Qlobal istiləşmə, yoxsa süni intellekt: dünyanın sonu… – Alimlər xəbərdarlıq etdi

0
102

İqlim böhranının yaratdığı təbii fəlakətlər və süni intellektin sürətli inkişafı elm aləmində də narahatlıq yaradır. Yaxın gələcəklə bağlı narahatlıqlarını dilə gətirən alimlərin fikrincə, süni intellektin riskləri və iqlim böhranı azalmasa, qiyamət ssenariləri uzaqda deyil.

Müzakirələri alovlandıran ən mühüm hadisələrdən biri Ümumdünya Meteorologiya Təşkilatının dərc etdiyi son hesabat – “Qlobal İqlim Hesabatının Statusu”dur. Hesabatda 2023-cü il tarixdə ən isti il ​​kimi qeyd olunub. Bununla yanaşı süni intellektdəki sürətli inkişafın da eyni dərəcədə narahatlıq doğurduğu bildirilir.

Boğaziçi Universiteti İqlim Dəyişikliyi və Siyasətləri Tətbiq və Araşdırma Mərkəzinin direktoru professor Levent Kurnaz qeyd edib ki, iqlim böhranının süni intellektlə birbaşa əlaqəsi yoxdur:

“Süni intellekt iqlim dəyişikliyinin gətirəcəyi problemləri proqnozlaşdırmaq və həll yollarını tapmaq üçün faydalı bir vasitə ola bilər. Məsələ süni intellektdən necə istifadə edəcəyimizdir. İqlim böhranının necə həll edilməsi lazım olduğunu bilirik. Həll yollarını həyata keçirmək bizim işimizdir. Hər şey nəzarət altına alınsa belə, Günəşin hidrogen yanacağı tükənərək heliumu yandırmaq üçün nəhəng bir ulduza çevriləcək, bu da Yerin sonunu gətirəcək”.

Bandırma Onyedi Eylül Universiteti Dənizçilik Fakültəsinin Dekanı professor Mustafa Sarının sözlərinə görə, bütün dənizlərdə suyun temperaturu artır:

“Elm adamlarının üzərinə böyük vəzifələr düşür. Təbiətlə birtərəfli maraq əlaqəsi qurmuşuq. Biz dənizləri yalnız istismar ediləcək və tullantılarımızı atdığımız bir yer kimi görürük. Əgər insanlar dünyanın sonu ilə bağlı narahatdırlarsa, bu, süni intellektdən əvvəl təbiətlə əlaqədardır”.

Rəqəmsal Ünsiyyət Mütəxəssisi professor Ali Murat Kırık həm süni intellekt, həm də iqlim böhranının dünyanın sonunu gətirə biləcək potensial risklər olduğunu diqqətə çatdırıb:

“Süni intellektin potensial risklərinə nəzarətsiz şəkildə irəliləmək və insanlığa qarşı yönəlmək, mənəvi dəyərləri məhv etmək və kütləvi işsizliyə səbəb olmaq daxildir. İqlimlə bağlı potensial risklər dünyanın həddindən artıq istiləşməsidir. Süni intellekt, məlumat analizi, proqnozlaşdırma modelləri və enerji səmərəliliyi kimi sahələrdə iqlim böhranının həllinə töhfə verə bilər. Bir gün süni intellekt insan zəkasının tutumuna çatarsa, idarə edə bilməyəcəyimiz bir vəziyyət yaranacaq”.