Görün Novruz nemətləri neçəyədir – Bayram yarmarkasından REPORTAJ

0
169

Baharın gəlişi ilə qapımızı döyən Novruz bayramı evimizin ən sevimli qonağı olur. Təbiəti oyadan, küsülüləri barışdıran Novruz uşaqdan böyüyə, hər kəs tərəfindən böyük ruh yüksəkliyi, sevinc hissi ilə qarşılanır. Süfrəmizin bəzəyi olan bayram nemətləri həm də tonqal üstündən atlanıb, papaq atmağa qaçan uşaqların sevincidir. Artıq bayrama sayılı günlər qalarkən, xalqımız həm uşaqların papaqlarını doldurmaq, həm də öz süfrələrini bayram sovqatları ilə bəzəmək üçün bayram alış-verişlərinə başlayıblar.

Vətəndaşların bayramla əlaqədar kənd təsərrüfatı və digər yerli qida məhsullarına olan tələbatlarını ödəmək üçün hər il olduğun kimi, bu il də Kənd Təsərrüfatı Nazirliyi “Aqrar Tədarük və Təchizat ASC” ilə birgə paytaxtın bir neçə yerində “Kənddən şəhərə” yarmarkaları təşkil edib.

Girişdə yerləşdirilən məlumat lövhəsində məhsulların qiyməti ilə tanış ola bilərsiniz. Eyni zamanda fermerlər özləri də məhsulların keyfiyyəti ilə bağlı həvəsli və dolğun şəkildə məlumat verirlər. Yarmarkaya ilk daxil olanda qarşılaşdığımız ab-hava bizi bol-bol alış- veriş etməyə sövq edir. Həm satıcılarda, həm də alıcılarda ruh yüksəkliyi hiss olunur.

Yarmarkada demək olar ki, hər çeşid məhsul var. Piştaxdalara bir-bir yaxınlaşıb, fermerlərlə həmsöhbət olduq. Fermerlərin hər biri müxtəlif bölgələrdən gəlib. Onlar satdıqları məhsulların öz bağlarının barı olduğunu deyirlər.

“Gəl ay müştəri, endirimli meyvələrdən qalmadı” deyən xaçmazlı Cavad kişi satdığı meyvələrin öz bağının məhsulu olduğunu bildirir. O, burada satış etmək üçün heç bir ödəniş etmədiyini, bu səbəbdən də burada satışın daha sərfəli olduğunu bildirir:

“Pulsuz çayımız, peraşkimiz var. Qiymətlər onsuz da ucuzdur, üstəlik, endirimlər də edirik”.

Xalq olaraq gözümüz alışıb ki, evə alış-verişi evin böyükləri etsin. Lakin bu yarmarkada uşaqlar da böyüklərə məhsul seçməkdə kömək edirdilər. Fermerlər də məhsulların dadına baxdırmadan satış etmirdilər. Burada rahatlıqla hər hansı məhsulun dadına baxıb qərar vermək olur.

Gəncədən öz təsərrüfatının süd məhsullarını gətirib satan Zemfira xanım deyir ki, hələ yarmarkanın ikinci günü olmasına baxmayaraq keçən ilə nisbətdə satışda artım var.

Alıcılar da yarmarkadakı qiymətlərin mağazalardan daha ucuz olduğunu bildirirlər. Buna görə də bayram alış-verişi üçün bura üz tuturlar.

Yarmarkada qiymətlər məhsulların keyfiyyət və istehsal prosesindən asılıdır. Piştaxtalarda müxtəlif qiymətlərə təklif olunan növbənöv çeşidlər görə bilərsiniz.

Meyvələrdən alma 0,50-4, üzüm 2-2,75, portağal 1,80-2,50, heyva 1,50-3, nar 1,50-3, şabalıd 7-10, armud 1,50-3,50 manata müştərilərə təklif olunur.

Fındıq 5-8, qoz 3-10, fındıq ləpəsi 13-18, qoz ləpəsi 7-18, şabalıd 7-10, badam 6-21 manat arasında dəyişir.

Tərəvəzlərdən pomidor 2.80-4, kök 0,70-1, badımcan 1,80-2, xiyar 3-3,50, bibər 3-4,50, kartof 0,40-0,80, soğan 0,30-0,90 manata satılır. Novruzun əsas atributlarından olan səməni isə dizayn formasından asılı olaraq 1-20 manat arası təklif edilir.

Beləliklə, təxmini hesablamamıza görə 4 nəfərlik bir ailənin xonçalı, plovlu, şirniyyatlı bayram süfrəsi təxminən 180 manata başa gəlir.

Qeyd edək ki, martın 2-si başlayan yarmarkada 20 regiondan 50-ə yaxın fermer iştirak edir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər. Yarmarka mart ayının 19-dək davam edəcək.