Bakı və Əbu-Dabinin ağıllı oyunu – İran nədən narahatdır?

0
173

Xəbər verildiyi kimi, yanvarın 8-də BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfər edib. Al Nəhyanın Azərbaycana səfərini hakimiyyətin opponentləri

– dövlətlərarası münasibətlər deyil, “şəxsi maraqlar” kontekstində təqdim etməyə cəhd edir.

-Onun şərəfinə verilən rəsmi ziyafətdən çəkilən fotoşəkillərdə Prezidentin oğlunun da əks olunması “varis planı“ kimi təqdim olunur, halbuki söhbət adi protokola əməl edilməsindən gedirdi.

-Bəzən daha da irəli gedilərək Azərbaycanın BƏƏ ilə əlaqələrinin Rusiyanın maraqları çərçivəsində olduğu və Qərbə qarşı olduğu iddia olunur.

Səfərlə bağlı xarici KİV-lərin şərhləri isə tam fərqli aspektdə idi. Daha çox ərəb və İran ekspertlərinin səfərlə bağlı şərhlərinə fokuslanmağa çalışaq.

Ərəb KİV-ləri BƏƏ dövlət başçısının Bakıdan əvvəl Dehliyə səfər etməsinə, Vaşinqton və Təl-Əvivlə Əbu-Dabi arasında təmaslara diqqət yönəldir, BƏƏ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyada fəallaşmasını əks etdirən fakt və rəqəmlər təqdim edirlər.

İran nəşrləri isə daha çox İranın bölgədən çıxarılması üçün Cənubi Qafqaz və Mərkəzi Asiyaya yeni, həm də ciddi maliyyə investisiya imkanlarına malik regional oyunçunun daxil olmasından narahatdır. Eyni zamanda Bəsrə körfəzindəki adalarla görə ərazi mübahisələri olması səbəbindən BƏƏ-nin fəallığı İranı maraqlandırmaya bilməz. Lakin bu, narahatlığın əsl səbəbi deyil, Bakı və Əbu-Dabinin Təl-Əvivlə sıx münasibətləri tənqid olunur, hədəf yayındırılır.

İran nəşrləri ABŞ-dan yayımlanan “Al Monitor”un mövzu ilə bağlı yazısını xüsusi şərhlərlə dərc ediblər. Qeyd edilir ki, Ukrayna və Qəzzada davam edən iki müharibənin kölgəsində Rusiya, İran və ABŞ kimi ənənəvi oyunçular diqqətlərini başqa regionlara yönəldirlər, BƏƏ isə Cənubi Qafqazda öz varlığını sakitcə möhkəmləndirir. Azərbaycan bu fürsətdən istifadə edərək, digərləri diqqətini regiona yönəltməzdən əvvəl öz xarici siyasət tərəfdaşlıqlarını şaxələndirir. “Eco Iran”-ın məlumatına görə, BƏƏ ilə Azərbaycan arasında enerji sahəsində artan əməkdaşlıq Al Nəhyanın Bakıya səfərinin mühüm məqamlarından biri olub. “İki ölkənin enerji tərəfdaşlığı ikitərəfli ölçüdən çox kənara çıxır və Cənubi Qafqazdan İsrail və Avropaya qədər uzanır. Bu, həm də ikitərəfli tərəfdaşlığı əhatə edən geosiyasətə göz yummağı qeyri-mümkün edir”.

“Al-Monitor” isə qeyd edir ki, BƏƏ Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı inkişaf etdirməklə Avropa İttifaqı bazarlarına elektrik enerjisinin ixracında iştirak imkanı qazanır. Belə ki, BƏƏ və Azərbaycan prezidentləri – Məhəmməd bin Zayed Al Nəhyan və İlham Əliyev yanvarın 9-da “Azərbaycanın bərpa olunan və təmiz enerji mənbələrindən istifadəsinin artırılması və yaşıl enerjinin ixrac əməliyyatlarının genişləndirilməsi üzrə Strateji Əməkdaşlıq Çərçivə Sazişi” imzalayıblar. Bu, BƏƏ-nin Azərbaycandan elektrik enerjisinin ixracında iştirakının hüquqi əsasıdır. Hazırda Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir: “Azərbaycan üçün bir problem Avropa İttifaqının təmiz enerjiyə yanaşması ilə bağlıdır. Azərbaycanda istehsal olunan elektrik enerjisinin 90-95%-i mədən yanacaqlarından istehsal olunur. Bu məsələ Avropa dairələrinin çox tənqidinə səbəb olub və Aİ-yə potensial elektrik enerjisi ixracına mühüm maneə kimi qiymətləndirilir. Bu problemin öhdəsindən gəlmək üçün Azərbaycanın bərpa olunan enerji sektoruna irimiqyaslı investisiyalara ehtiyacı var. BƏƏ isə investisiya potensialı ilə bu tapmacaya yaxşı uyğun gəlir”.

Qeyd edilir ki, iki ölkənin əməkdaşlığında Qərb də xüsusi maraqlıdır: ”SOCAR və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) “başqa ölkələrdə əməkdaşlıq etmək planlarına malikdir”.

Bu bəyanat onların İsrailin qaz sektoru ilə bağlı planlarına istinad edir. Əslində, bu iki şirkət BP-dən İsrailin “Newmed Energy” şirkətinin 50% payını almaq təklifi alıb. Bundan əlavə, SOCAR və “NewMed Energy” Aralıq dənizində qaz kəşfiyyatı üzrə İsrail tenderinin qalibi olublar. Qəzzadakı müharibə səbəbindən bu proses hazırda arxa plana keçsə də, gündəlikdən çıxarılmır. İran hakimiyyəti isə Azərbaycan və BƏƏ də daxil olmaqla islam ölkələrini İsrailə yanacaq ixrac etdiyinə görə qınayıb.

Nəşr xatırladır ki, Əbu-Dabi regionun üç hegemon dövləti – Rusiya, İran və Türkiyə arasında yerləşən Cənubi Qafqazda sakitcə, lakin nəzərəçarpacaq dərəcədə iştirakını artırır. BƏƏ bu yaxınlarda Gürcüstanla Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalayıb və Ermənistanla iqtisadi əlaqələrini yaxşılaşdırmaq niyyətindədir. BƏƏ Ermənistanla 2024-cü il fevralın 1-dən öz vətəndaşları üçün vizasız rejimlə bağlı razılıq əldə edib. BƏƏ də Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəkləyib.

Ar.uae-voice.net saytı isə qeyd edir ki, BƏƏ və Azərbaycan regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsində strateji tərəfdaşdırlar. Hər iki ölkə təhlükəsizlik, terrorizm və regional təhlükəsizliyə təhdidlərlə mübarizə sahəsində əməkdaşlığı birgə inkişaf etdirir. Əsas məqsəd ümumi təhlükəsizlik problemlərinin həlli üçün əməkdaşlığın və koordinasiyanın gücləndirilməsidir.

“Mosalasonline” BƏƏ-nin aktivliyini son üç onillikdə dünyanın müxtəlif yerlərində “regionalizm”in dirçəlişi kimi qiymətləndirir. Xüsusilə Avrasiya və Bəsrə körfəzi ölkələri regional bloklar arasında strateji münasibətlərin fərqli şəkildə müəyyənləşdirilməsinə səbəb olub. Qeyd edilir ki, Böyük dövlətlər arasında rəqabətin artması, yeni dəhlizlərin formalaşması, Avropanın enerji ehtiyaclarının artması və İran təhlükəsinə qarşı mübarizə Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında əlaqələrin inkişafına səbəb olan amillərdir: “Son iki onillikdə Azərbaycan özünü Cənubi Qafqazda enerji və tranzit ixracı mərkəzlərindən biri, Türk Dövlətləri Təşkilatının mühüm üzvü kimi tanıtmağa çalışıb. Bakının 44 günlük müharibədə qələbə çalmasından və regionda geosiyasi çəkisinin artmasından sonra Körfəz Əməkdaşlıq Şurası ölkələri Bakı ilə strateji münasibətlərin inkişaf etdirilməsi istiqamətində getdikcə daha çox addım atıblar. Ankara və Bakı Türk “Dəmir dəhliz”in Çin sərhədlərindən Avropanın ürəyinə qədər olan marşrutunu tamamlamaq və “Bir kəmər, bir yol”un əsas oyuçusuna çevrilmək niyyətindədir. Eyni zamanda, Körfəz Əməkdaşlıq Şurası liman, hava limanı və yol infrastrukturuna geniş sərmayə qoyuluşu ilə Asiya, Avropa və Afrikanın üç qitəsini birləşdirən bir əlaqəyə çevrilməyi planlaşdırır”.

Müəllif belə qənaətə gəlir ki, söhbət yenə də İranın “strateji təcrid”indən gedir: “Bu, uzun əsrlər boyu qonşularının “təhlükəli” qavrayışının məhsulu idi. Səudiyyə Ərəbistanının “Anadolu Qartalı” silsilə təlimlərində iştirakı iki regional blok arasında hərbi əlaqələrin gücləndirilməsindən xəbər verir. Nəhayət, görünən odur ki, Amerika və İsrailin Körfəz və Avrasiya regionunda hərəkətləri “Müqavimət Oxu” (İranın və proksilərinin qeyri-rəsmi hərbi ittifaqı-C.Q) adlı ümumi təhlükəyə qarşı Bakı, Ərbil və Körfəz dövlətləri arasında strateji əlaqələrin artmasına səbəb olub”.

Ölkələr arasında ikitərəfli münasibətləri başa düşmək üçün ən mühüm göstəricilərdən biri də qısa və ortamüddətli perspektivdə tərəflər arasında ticarət-iqtisadi münasibətlərin tendensiyasını ölçməkdir. İƏT-in müvafiq qurumlarının məlumatına görə, 2021-ci ildə Ər-Riyad və Bakı arasında iqtisadi əlaqələrin həcmi 25 milyon dollara çatıb. Azərbaycan Səudiyyə Ərəbistanına tikinti xidmətləri ixrac edir, səudiyyəlilər isə Bakıya etilen və vinilxlorid polimerləri kimi strateji məhsullar ixrac edir.

“Middle East Brifieng”ə əsasən, həmin dövrdə Bakı ilə Əbu-Dabi arasında iqtisadi əlaqələrin həcmi 50,42 milyon dollar təşkil edib. 2022-ci ildə iki ölkə arasında ticarət əlaqələri 100% artaraq 94,62 milyon dollara çatıb. İki ölkənin əsas diqqəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm, səhiyyə və tikinti sahələrində birgə əməkdaşlığın inkişaf etdirilməsidir.

Qətər Azərbaycanın Bəsrə körfəzi regionunda digər iqtisadi tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında iqtisadi əlaqələrin həcmi 1,2 milyon dollardan çox olub. Bakıdan Dohaya əsas ixrac malları -avtomobillər, təmizlənmiş yağ və pomidordur. Qətərlilər Bakının etilen polimerinə və məişət texnikasına olan tələbatının bir hissəsini təmin edirdilər.

2021-ci ildə Oman və Azərbaycan arasında iqtisadi əlaqələrin həcmi cəmi bir milyon dollar təşkil edib. Azərbaycan Omana əsasən tütün, kartoqrafik avadanlıq və meyvə şirələri ixrac edir.

Müşahidəçilərə görə, ABŞ Xəzinədarlığının İrana qarşı sanksiyalarını genişləndirməsi, digər tərəfdən Tehranın regional rəqiblərinin İranın coğrafiyasına sərmayə yatırmaq istəməməsi Bəsrə körfəzinin ölkələrini tədricən İranın qonşularına- Mərkəzi Asiya və Cənubi Qafqaz; xüsusilə Azərbaycana investisiyaları artırmağa məcbur edib. “Deutsche Welle”-nin məlumatına görə, Səudiyyə və BƏƏ-nin Mərkəzi Asiya və Azərbaycana investisiyalarının həcmi 20 milyard dollara çatıb.

2030-cu ilə qədər Azərbaycan İranın Buşəhr AES-də istehsal olunan elektrik enerjisindən 10 dəfə çox-təxminən 10 min meqavatlıq bərpa olunan elektrik stansiyalarının yaradılmasını planlaşdırır və bu elektrik enerjisinin əhəmiyyətli hissəsi Avropaya ixrac ediləcək. BƏƏ artıq Qazaxıstan və Özbəkistana da yeddi milyard dollar sərmayə qoyub və bu layihələrin bir hissəsi “Emirates Masdar” tərəfindən 1000 meqavat gücündə Günəş və külək elektrik stansiyalarının inkişafı ilə bağlıdır. Ötən il Qətər də Qırğızıstanla ilkin aktivi 100 milyon dollar olan, 1,2 milyard dollarlıq layihələrə investisiya yatırmaq öhdəliyi ilə birgə investisiya fondu imzalayıb. Ötən ildən Qara dənizin o tayında 1100 km məsafədə Gürcüstan sahillərindən Baltik regionuna dəniz kabelinin çəkilməsi işlərinə başlanılıb və bunun sayəsində Azərbaycan elektrik enerjisinin Gürcüstandan Avropaya ixracına başlana bilər.

“Khabaronline” əlaqələrin belə inkişafını” BƏƏ-nin Cənubi Qafqazda İran və Rusiyanın laqeydliyinin kölgəsində ağıllı oyunu” adlandırır.

Beləliklə, BƏƏ-Azərbaycan əlaqələrinin antiqərb və ya rusiyapərəstlik meyilləri ilə yozulması heç bir tənqidə dözmür. Qeyd edildiyi kimi, BƏƏ dövlət başçısı Azərbaycana Hindistandan keçərək gəlmişdi, Əbu-Dabi Qərblə, xüsusən ABŞ və İsraillə xüsusi əlaqələrə malikdir. Ötən ilin əvvəllərindən BƏƏ ötən əsrin 70-ci illərində İran tərəfindən işğal edilmiş adalarının geri qaytarılması uğrunda gərgin diplomatik mübarizə aparır, bu mübarizədə əvvəl ABŞ başda olmaqla Qərb, daha sonra Çin, ötən ilin sonları isə Rusiya BƏƏ-ni dəstəklədi. BƏƏ məmnuniyyətlə Cənubi Qafqaz və Mərkəzi Asiyada da belə bəyanat eşitmək istərdi. Yəni BƏƏ dövlət başçısının səfərini Qərbə qarşı olduğunu iddia edilməsi və ya Azərbaycan daxili siyasəti ilə bağlanması hədəf yayındırır və əslində İranın işinə yarayır.

Səfərin II məqsədi əvvəlcədən bəyan edildiyi kimi COP29-la bağlı Əbu-Dabinin təcrübəsindən yararlanmaq, III məqsəd isə enerji, xüsusən yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və azad olunmuş ərazilərin bərpasında iştirakla bağlıdır. Nəhayət, Azərbaycanın nəqliyyat-dəhliz imkanları ilə Bəsrə Körfəzinin nəqliyyat-dəhliz imkanlarının uzlaşdırılmsı üçün müəyyən addımlar atılmasıdır. Bakı həm də Körfəz investisiyalarının regiona cəlb edilməsi üçün əsas körpü rolunu oynayır. Bu isə həqiqətən ağıllı oyundur; həm Bakı, həm də Əbu-Dabi tərəfindən.