Postqarabağ gündəliyi: Daxili və xarici auditoriyalara hansı mesajlar verildi?

0
229

Prezident İlham Əliyevin yeni il təbrikində və yerli televiziyalara müsahibəsində səsləndirdiyi fikirlər həm ölkə daxilində, həm də xaricdə təhlil edilir; hansı mesajlar ehtiva etməsi, mesajların hədəf auditoriyası, xitab ünvanları haqda şərhlər verilir, fərziyyələr irəli sürülür.

Qarşıda növbədənkənar prezident seçkiləri, eləcə də Azərbaycan və Ermənistan arasında sülhlə bağlı böyük gözləntilər olması səbəbindən bu maraq anlaşılandır. Hərçənd dövlət başçısının yaxın zamanlarda növbəti açıqlamaları olması ehtimalı istisna deyil, amma hesab etmək olar ki, istər daxili, istərsə xarici auditoriyalara çatdırılmalı mesajlar əsasən ifadə olunub. Odur ki, yeni il təbrikinin və Azərbaycan televiziyalarına müsahibəsinin kontent təhlilini apararaq bu mətnlərdə hansı mesajlar verildiyini izah etməyə çalışacağıq.

Əvvəl cəmiyyətin və beynəlxalq ictimaiyyətin aydınlaşdırmaq istədiyi gözləntilərin nədən ibarət olduğunu xatırlamağa çalışaq:

– Son il ərzində hər iki Cənubi Qafqaz ölkəsində, eləcə də yaxın və uzaq tərəfdşalarımızın Cənubi Qafqazla münasibətlərində əsas mövzu-sülh danışıqları idi;

– Azərbaycan cəmiyyətinin Qarabağa qayıdış, bərpa-quruculuq işləri ilə bağlı gözləntiləri var;

– Ölkədə növbədənkənar seçkilər elan edilib, səbəbləri və indiki dövlət başçısının namizəd kimi seçki agendası maraqlı idi;

– İndi Azərbaycan siyasətinin bütöv bir dövrünün-Qarabağ gündəliyi ilə yaşanılan dövrün başa çatması, postqarabağ gündəliyinin müəyyən edilməsi zamanıdır. Ölkənin keçəcəyi yeni mərhələdə hansı şərtlərin olacağı, hansı gözləntilərə köklənəcəyi maraq doğururdu və s.

Anti-Azərbaycan dairələr də, daxili opponentlər də Azərbaycanın postqarabağ dövrü üçün siyasi gündəliyinin yenə də savaş ola biləcəyi haqda iddialar səsləndirirlər. Adətən, belə iddia real olanda, verilən mesajlarda savaş ehtimalına işarə edən əlamətlər qabarıq olur. Məsələn, 2020-ci il Tovuz döyüşlərdən sonra Azərbaycan dövlət başçısının çıxışlarının mətnində bu meyil, savaş xəbərdarlığı notları kifayət qədər açıq idi.

Son mətnlərdə belə qabarıq meyil yoxdur. Əlbəttə ki, çəkindirici, əks tərəfi etimad quruculuğuna dəvət edən məqamlar yetərincədir, amma bu, artıq savaş yox, postsavaş gündəliyini formalaşdıran mesajlardır.

İki mətndə “sülh” sözü 21 dəfə keçir. İşlədildiyi kontekstə gəlincə, keçmişdə sülh diplomatiyası adı altında müxtəlif QHT-lər vasitəsilə Qarabağın unutdurulması cəhdlərinə toxunulur. Yada salaq ki, Prezident əvvəllər də Qarabağı azad edənlərin çoxunun məhz vətənpərvərlik ruhunda böyüdülmüş gənclər olduğunu demişdi. Yəni dövlət xarici mərkəzlərin kosmopolit, vətən hissləri aşınmış nəsil yetişdirmək təşəbbüslərindən əvvəlcədən xəbərdar idi və əks addımlarını zamanında atmışdı. Yeri gəlmişkən, “mediada vətənpərvərlik prinsipi olmamalıdır” kimi zərərli fikirlər aşılayan həmin layihələrin icraçılarının bir çox bu gün “qırğı” vətənpərvər cildində zühur ediblər. İndi bu cilddəyişmə daha çox imkanlar vəd edir.

Prezidentin yeni il müraciətində 83 cümlənin 48-i Qarabağla bağlı olub, yerli televiziyalara müsahibəsində də əsas müzakirə Qarabağla bağlı idi, “Qarabağ” sözü 43 dəfə işlənib. Həm də müsahibənin ilk hissəsində bu söz retrospektiv planda işlənirsə, növbəti hissədə quruculuq, sülh, postmüharibə dövrü, yeni milli ideyanın yaradılması və Fransa başda olmaqla bəzi Qərb ölkələrinin təzyiq cəhdləri ilə bağlı xatırladılır.

“Zəfər” sözü müsahibədə 13 dəfə keçir. Bu artıq savaşın bitməsinin kütləvi şüurda dərk edilməsinə yönəlik mesajdır”. “Əsas məsələ bu idi. Əlbəttə, hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq”-deyə Prezident bir dövrün- Qarabağ gündəliyinin qapanmasını məhz zəfər sözü ilə ifadə edir.

7 dəfə istifadə edilmiş “inkişaf” sözü də sülhlə assosiasiya olunur, sülhün bölgəyə gətirə biləcəyi perspektiv kimi vurğulanır. “Yetər, müharibələr kifayətdir. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri müəyyən edilməlidir”-deyə dövlət başçısı bildirir.

“Savaş” sözü müsahibə boyunca 1 dəfə keçir- “Yəni biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik”. “Hərb”, “hərbi”, “hərbçi” sözləri hərb elminə töhfə, yeni hərbi məhsullar istehsalı, hərbi təxribatlar kontekstində 19 dəfə keçir. Hərbçilərimizin qəhrəmanlığı və şəhadəti xatırlanır. Eyni mənalı “müharibə” sözündən 31 dəfə istifadə olunub. Həm daxili siyasi durumu ifadə etmək üçün işlədilir – 1993-cü ildə vətəndaş müharibəsinə son qoyulması xatırladılır. Daha sonra II Qarabağ müharibəsi ilə bağlı müəyyən detallar açıqlanır və ya yada salınır. Amma bu söz daha çox “başa çatmaq” feili və “sonra” qoşması ilə yanaşı işlənir, savaş keçmiş zaman kimi qavranılır. 2020-ci il çıxışlarında “ müharibə” gələcəyə yönələn kəlmə idisə, işlənmə tezliyi daha çox idisə, indi Prezidentin nitqində bu söz başa çatmış bir mərhələ, bəzən də diplomatik mübarizə mənasını qazanıb.

“Neft” sözü 12 dəfə işlənib. Bayaq xatırlatdığım 2020-ci il , savaş ərəfəsi çıxışlarında 93 dəfə işlənmişdi. İndi daha çox ekologiya, yeni iqtisadi siyasətə keçid, ekoloji problemlərə diqqət edilməsi, CP29 sammitinə hazırlıq kontekstindədir. “Qaz” kəlməsi 22 dəfə: ixrac, dəhliz, Avropa ilə əməkdaşlıq kontekstlərində işlənir.

Siyasi opponentlərin iddiasının əksinə olaraq mətnlərdə 34 dəfə işlənmiş “Avropa” və Qərb toponimi də ixtilaf kontekstində deyil, “əməkdaş” və “tərəfdaş” epitetləri ilə yanaşı çəkilir. Bununla yanaşı casus qalmaqalı, ikili standart, Azərbaycana qarşı kampaniya, Avropa İttifaqına üzvlüklə bağlı müzakirələr də xatırladılır. Bu zaman bəzi Qərb dairələrinin Ermənistanın arxasında dayanması, ikili standartlara yer verməsi ifşa olunur.

Prezidentin Azərbaycanın qarşıdurma deyil, əməkdaşlıq məkanı olması haqda əvvəllər səsləndirdiyi fikirlər bu mətnlərdə də möhkəmləndirilir. Belə ki, 144 dəfə təkrarlanan “Azərbaycan” adı əməkdaşlıq, ixrac potensialı, Xalq Cümhuriyyəti, azərbaycanlı etnonimi , xəritə, həmrəylik sözləri müşayiət olunur- yəni ya iqtisadi inkişafla bağlı, ya milli kimlik şüurunun yüksəldilməsi ilə bağlı kontekst öndədir. Tez-tez keçən “İrəvan”, “Zəngəzur” toponimləri də bu məqsədə xidmət edir.

“Ermənistan” adı 84 dəfə həm tarixi, həm kommunikasiyaların açılması və əməkdaşlıq imkanları həm də sülh danışıqları kontekstində keçir. Zəngəzur dəhlizi, konsulluq açılması, Şərqi Zəngəzurun bərpa olunması, qaçqınların geri qayıtması, ABŞ-ın İran dəhlizinə maneə olmaq təşəbbüsləri xatırladılır.

Mətnlərin ən çox diqqət yetirilən hissəsi Prezidentin mili ideya ilə bağlı dedikləridir. Ümumən “ideya” sözü 6, ideologiya sözü 2 dəfə keçir. Prezident deyir ki, “bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır. Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır”.

Bu sözlər, göründüyü kimi yeni hədəfləri müəyyən etmək çağırışları ilə müşayiət olunur. Cəmiyyətin yeni dövrə keçidinə hazırlıq məqsədi , müzakirə mədəniyyətinə dəvət xarakterindədir. Yuxarıda verdiyimiz sitat da bu fikri təsdiqləyir: “Yetər, müharibələr kifayətdir. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri müəyyən edilməlidir”.

Yəni iddiaların əksinə olaraq çıxışlar keçmişə deyil, gələcəyə yönəlib, savaşa deyil, sülhə, amma qalib Azərbaycanı qane edəcək, beynəlxalq hüquqa söykənən və etimad mühitini möhkəmlədəcək sülhə çağırış məzmunundadır. Qarabağ deyil, postqarabağ gündəliyidir.

Daxili auditoriya verilən mesajlarla ölkənin milli birlik, vətəndaş həmrəyliyini hifz etməsi şərti ilə inkişafını davam etdirəcəyi, yürüdülən sosial siyasətin həmişəki kimi insanmərkəzli olacağı vurğulanır; Azərbaycanın hər hansı təxribatlara və xarici təzyiqlərə baş əyməyəcəyi qeyd edilir. II Qarabağ savaşı ərəfəsində verilən mesajlarda əsas hədəfin cəmiyyəti ərəfə ovqatına kökləmək, müharibə gözləntisinin real olduğu haqda vətəndaşları psixoloji baxımdan səfərbər etmək olduğu qənaəti hasil olurdusa, indi yeni dövrə keçid zərurəti, cəmiyyətin yeni ovqata – yeni ideyalara köklənmək zərurəti qabardılır.

Xarici auditoriyaya ötürülən mesaj da konkretdir. Prezident əvvəllər qeyd edirdi ki, “bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var”. Prezidentin yeni mesajları da bu yöndədir: “Bizim xarici siyasətimizi uğurlu edən amillərdən biri müraciət edildikdə və imkanımız olduqda həmişə yardım etməkdir”. Amma belə komplimentarlığa rəğmən Azərbaycanın öz milli maraqlarını qorumağa qabil olduğu, ikili standartlara göz yummayacağı, Ermənistanı revanşa təhrik edənlərdən çəkinmədiyi də aydın ifadə olunur.