Yer kürəsində əhalinin yarısı seçkiyə gedir: Azərbaycana necə təsir edəcək?

0
167

Bəzən Azərbaycanda növbədənkənar seçkilərin səbəbi kimi bu ilin bütün dünyada seçkilər ili olması göstərilir. Həqiqətən də 2024-cü ildə seçkilərin keçirilməsi planlaşdırılan on ölkə var ki, onları izləməyə və xüsusi diqqət yetirməyə dəyər. Həm də ona görə ki, həmin ölkələrdəki seçkilər Azərbaycanın və yerləşdiyimiz regionun taleyinə bu və ya digər şəkildə təsir edir. Bu sıraya ilk növbədə Rusiya və ABŞ-dakı seçkilərin nəticələri daxildir.

Vaşinqtondakı Xarici Əlaqələr Şurasının (CFR) “Maurice R. Greenberg” kürsüsünün sədri, tədqiqatlar üzrə direktor Ceyms Lenzi (James M. Lindsay) 2024-cü ili “bütün seçki illərinin anası” kimi təsvir edir, çünki ümumi əhalisi dörd milyarddan çox onlarla ölkə seçkiyə gedir. Bu, Yer kürəsinin əhalisinin təxminən yarısı deməkdir.

Lenzi hesab edir ki, seçkilərdən bəzilərinin nəticələrini inamla proqnozlaşdırmaq olar: yüksək ehtimal var ki, məsələn, Rusiya prezidenti Vladimir Putin ölkədə martın 17-nə təyin edilmiş prezident seçkilərinin birinci turunda parlaq qələbə qazanacaq. 2024-cü ildə o, Ukraynaya qarşı müharibəni davam etdirəcək.

Ukraynanın özünə gəlincə, artıq təyin edilmiş milli seçkilərin şahidi olmayacaq ölkələr sırasında görünür, çünki ölkə prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin seçkilərin keçirilməsini çətinləşdirdiyini, hətta qeyri-mümkün etdiyini hesab edir.

Lakin bu il seçki keçirməyi planlaşdıran bir çox ölkələrdə nəticələr qeyri-müəyyən, tükdən asılmış vəziyyətdə qalır. Ən azı bir halda, seçkinin nəticlərinin dünya nizamının gələcəyi üçün böyük təsirləri var: ABŞ-dakı seçkilər. Xəbər verildiyi kimi, ABŞ siyasi tarixində ilk dəfə ştatların yerli qanunverici orqanları namizədlərdən birinin – Donald Trampın seçkiyə buraxılmasını qadağan edib. Bu qadağaların indi hakimiyyətdə olan Demokratlar partiyasının təhriki ilə tətbiq edilməsinə kimsənin şübhəsi yoxdur. Amma yerli hakmiyyətlərin federal seçkilərə qarşı belə addım atması Amerikanı yenidən 19-cu əsrin II yarısında yaşanmış separatizmin təkrarlanması faktı qarşısında qoya bilər. Onsuz da hər seçki vaxtı səsverməyə görə ABŞ-da cənub-şimal probleminin hələ də aktual olaraq qalması ortaya çıxır. Üstəlik, bu addımlar ABŞ-ın digər ölkələrdən ədalət seçki tələbini də mənasızlaşdırır.

2024-cü il seçkiləri üçün siyahı böyüyə bilər, çünki Böyük Britaniyanın Baş naziri Rişi Sunak yeni seçki təyin etmək üçün 2025-ci ilə qədər gözləməkdənsə, yeni ildə hansısa bir məqamda seçki təyin edə biləcəyinə eyham vurub.

Banqladeşdə ümumi seçkilər yanvarın 7-də keçirildi. Banqladeşin Baş naziri Şeyx Hasina və hakim “Avami Liqa” partiyası 15 il ərzində ölkə iqtidarında dominantlıq edib. Lenzi deyir ki, bu müddət demokratiyanın getdikcə daha çox aşınmasına səbəb olub. “Freedom House”-a görə, “Avami Liqa” “müxalifətə, onun müttəfiqi kimi qəbul edilənlərə, həmçinin mediaya və vətəndaş cəmiyyətinin tənqidi səslərinə qarşı davamlı məhdudiyyətlər vasitəsilə öz siyasi gücünü möhkəmləndirməyə nail olub”. Müxalifətdəki Banqladeş Millətçi Partiyasının 5 milyona yaxın üzvünün təxminən yarısı bəzi cinayətlərdə ittiham edilib, partiya liderlərinin əksəriyyəti həbsdədir. Əsas müxalifət partiyası olan Banqladeş Millətçi Partiyası seçkiləri “şou” adlandıraraq boykot edib.

Şeyx Hasina deyir ki, ABŞ prezidenti Co Bayden administrasiyası onu hakimiyyətdən əl çəkməyə məcbur etmək istəyir. Artıq aparıcı xəbər agentlikləri Banqaladeşdə seçkilərin bitdiyi haqda məlumat verir. Şeyx Hasina ardıcıl dördüncü dəfə seçkilərin qalibi olub. Onun partiyası və müttəfiqləri parlamentdəki 300 yerdən 152-sini qazana bilib.

İlk dəfə 1996-cı ildə Banqladeşin baş naziri olan Hasina müxalifətin təzyiqi ilə istefaya getmişdi. İkinci dəfə 2009-cu ildən hakimiyyətdədir. Hasinanı daha çox Hindistan dəstəkləyir.

Tayvanda prezident seçkiləri yanvarın 13-də keçiriləcək. Qanuna görə, indi ikinci müddətini başa vuran prezident Tsay İnven üçüncü müddətə namizəd olmaq hüququna malik deyil. İndi sual belədir ki, bəs onu kim əvəzləyəcək? Əvvəllər Tayvanın dördüncü ən böyük şəhəri olan Taynanın meri vəzifəsində çalışmış vitse-prezident və Demokratik Tərəqqi Partiyasının üzvü Lai Çing-te daha çox önə çıxır. Həmçinin Hu Yue (Homindan Partiyası) və Kuo Ven-çi (Tayvan Xalq Partiyasının yaradıcısı) namizəddirlər. O, Yeni Taybey şəhərinin keçmiş meri, Ko isə qonşu Taybey şəhərinin, paytaxt meri idi. Keçən ay Homindan və Tayvan Xalq Partiyası birgə namizədlə iştirak etmək barədə razılığa gələrək Lainin prezidentlik şanslarını artırmağa çalışdılar, lakin razılaşma tez bir zamanda pozuldu.

Demokratik Tərəqqi Partiyasının Tayvanın müdafiə qüvvələrini qurmaq və Amerika ilə yaxınlaşmanı sürətləndirmək istəyi ilə Tayvan və Çin arasında gərginlik daha da artıb. Baxmayaraq ki, o, Homindan və Tayvan Xalq Partiyası kimi Tayvanın müstəqilliyini elan etməsi çağırışlarına qarşıdır. Pekin 2016-cı ildə Tsayın qələbəsindən sonra Demokratik Tərəqqi Partiyası ilə rəsmi əlaqələri dondurub.

Pakistanda ümumi seçkilər fevralın 8-də keçiriləcək. Keçən avqustda ölkənin hazırkı baş naziri Şahbaz Şərif parlamentin buraxılmasını və doxsan gün ərzində yeni seçkilərin keçirilməsinə çağırış etmişdi. Ancaq Pakistan Seçki Komissiyası seçkiləri 2024-cü ilin yanvarına, sonra isə fevrala təxirə salaraq prosesə hazırlaşmaq üçün daha çox vaxta ehtiyac olduğunu bildirib. Gecikmənin ən böyük və ya əsas səbəbi Pakistanda artıq iki ilə yaxındır ki, siyasi ixtisasların davam etməsidir. 2022-ci ilin aprelində parlament etimadsızlıq səsverməsi ilə keçmiş kriket ulduzu olan ovaxtkı baş nazir İmran Xanı vəzifəsindən uzaqlaşdırdı. İmran Xan buna reaksiya verməsə də, varisi Şərifi hökumət başçısı vəzifəsindən istefa verməyə məcbur etmək məqsədi daşıyan etirazlara səbəb oldu.

Amma tezliklə ordu Xanın tərəfdarlarına qarşı repressiyalara başladı. Pakistan prokurorları Xanı rüşvət almaqda günahlandırır. Keçən ilin noyabrında Xanı yenidən dövlət sirrini yaymaqda ittiham etdilər, hökumət telekanallarında ona efir verilməsi qadağan olundu. Lakin İmran Xan süni intellektin köməyi ilə bu qadağadan yan keçərək, alovlu çıxış etdi. Lenzi belə nəticəyə gəlir ki, Pakistanın növbəti baş naziri kim olursa olsun, 230 milyonluq nüvə silahına malik dövlət bu ilin əvvəlində xarici borcları üzrə fəlakətli defoltdan qaçdıqdan və inflyasiyanın 30%-ə çatmasından sonra çətin sınaqlarla üzləşəcək.

İndoneziyada ümumi seçkilər fevralın 14-də keçiriləcək. 17 min adada yaşayan 275 milyon əhalisi olan bir ölkədə seçkilərin bir gündə keçirilməsini təsəvvür etmək çətindir. Konstitusiya İndoneziyanın hazırkı prezidenti Coko Vidodonun (Cokovi) üçüncü müddətə namizədliyini irəli sürməsini qadağan edir. Onun yerinə üç əsas namizəd mübarizə aparır: Prabovo Subianto, Jangar Pranovo və Anies Basvedan. Prabovo ən şanslı namizəd hesab olunur. O, istefada olan general-leytenantdır və İndoneziya diktatoru Suhartonun kürəkənidir. 1998-ci ildə Suhartonun devrilməsindən sonra o, biabırçı şəkildə xidmətdən uzaqlaşdırılmışdı. İndi o, 2019-cu ildən müdafiə naziri vəzifəsini icra edir və Cokoviyə iki tur uduzduqdan sonra üçüncü dəfədir ki, prezidentliyə namizədliyini irəli sürür. İkinci namizəd Jangar İndoneziyanın üçüncü ən sıx əyaləti olan Mərkəzi Yavanın valisi vəzifəsində iki müddət çalışıb və Cokovinin partiyasının namizədidir. Jangar vilayətin infrastrukturunu yaxşılaşdırmaq səylərində uğur qazanıb. Lakin bu ilin əvvəlində İsrail yığmasının ölkənin ev sahibliyi edəcəyi FİFA U-20 Dünya Çempionatında iştirakı seçiciləri qəzəbləndirmişdi. Bu etirazlardan sonra FİFA İndoneziyanın ev sahibliyi hüququnu ləğv etdi. Üçüncü namizəd, paytaxt Cakartanın valisi Anis Amerika təhsillidir, Şimali İllinoys Universitetində siyasi elmlər üzrə doktorluq dərəcəsi alıb, daha sonra ölkəsində İslam universitetinin rektoru olub və islamçı dairələri arasında populyardır. Fevralın 14-də namizədlərdən heç biri səslərin 50%-ni ala bilməsə, ən çox səs toplayan iki namizəd arasında ikinci tur keçiriləcək.

Hindistanda milli seçkilər aprel və may aylarında keçirilir. Hindistan seçkiləri “demokratiya möcüzələri” ilə doludur. Yeni ildə hindlilər ölkə parlamentini-Lok Sabhanın 18-ci çağırış üzvlərini seçməlidirlər, sonra isə Lok Sabhada çoxluq təşkil edən partiya və ya koalisiya baş naziri seçəcək. Hazırkı baş nazir Narendra Modinin və onun Bharatiya Janata Partiyasının ardıcıl üçüncü dəfə seçkilərdə qalib gəlməsi və bununla da ölkəni idarə etmək üçün koalisiyaya girmək zərurətindən qaçmaq şansı böyükdür… Rəy sorğuları göstərir ki, təxminən on hindistanlıdan səkkizi Modinin vəzifədəki fəaliyyətini bəyənir. Lenzi deyir ki, Modinin uğuru bir çox amilləri əks etdirir. Müsbət tərəfi odur ki, Hindistan iqtisadiyyatı ildə 7% böyüyür bu, ölkə daxilində daha yüksək gəlirlər və daha parlaq gələcək hissi deməkdir. Mənfi tərəfi odur ki, Modi hökuməti hər hansı siyasi debat üçün əhatə dairəsini daraltmağa çalışır, opponentləri həbsə atır və təhdid edir. Lenzi hesab edir ki, Bharatiya Janata Partiyasının davamlı seçki üstünlüyü faydalı, lakin Hindistanda demokratiyanın daha da aşınması demək ola bilər.

Modinin qələbəsinin Azərbaycan üçün mənfi tərəfi odur ki, onun zamanında ölkə açıq türkofob və islamofob siyasət yürüdür, Hindistanı min ildən çox idarə etmiş türk-müsəlman irsini silməyə çalışır, ölkədə yaşayan müsəlmanları sıxışdırır. Xarici siyasətdə də antisilam və antitürk siyasəti yürüdür, Azərbaycana qarşı Ermənistanı açıq şəkildə dəstəkləyir. Bu, Yaxın Şərqdəki ixtilaflara münasibətdə də özünü göstərir.

Meksikada iyunun 2-nə planlaşdırılan Prezident seçkilərində indiki prezident Andrés Manuel Lopez Obrador (AMLO) yenidən seçilmək hüququna malik olmayacaq… AMLO-nun rəhbərlik etdiyi Morena partiyası, seçkilərdə iştirak etmək üçün Klaudiya Şeynbaumun namizədliyini irəli sürüb. Beləliklə, bu ölkədə ilk dəfə qadınının hakimiyyəti ələ keçirəcəyi gözlənilir. Şeynbaum Mexiko şəhərinin keçmiş meri və “Amlo”nun müttəfiqidir, bu səbəbdən də onun hazırkı prezidentin siyasətinə görə “tam məsuliyyəti” daşıyacağını və bu siyasəti davam etdirəcəyini vəd etməsi təəccüblü deyil. Meksikanın əsas müxalifət partiyalarına gəlincə, onlar “Meksikanın Geniş Cəbhəsi” bayrağı altında toplaşaraq, öz namizədi kimi sağ mərkəzçi Milli Fəaliyyət Partiyasından keçmiş senator Sochitl Qalvesi seçiblər.

Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-dəkdir. Avropa Parlamenti və ya Aİ Parlamenti öz ölkələrində hakimiyyəti saxlayan üzv dövlətlərin parlamentləri ilə rəqabət aparmır və blokun idarəedici institutları arasında ən zəifidir. Bununla belə, Parlamentin bir mühüm hüququ var: o, Avropa Komissiyasının yeni prezidentinin, Avropa İttifaqının real gücünün seçilməsində son sözə malikdir. Komissiyanın hazırkı sədri Ursula fon der Leyen ikinci beş illik müddətə qalmaq niyyətində olub-olmadığını hələ açıqlamayıb. Aİ-nin iyirmi yeddi üzv ölkəsindəki seçicilər 2024-2029-cu illər müddətinə 720 parlamentari seçməyi planlaşdırır ki, bu da indiki parlamentdəkindən təxminən 15 nəfər çoxdur. Qeyd edək ki, minimum səsvermə yaşı 16 yaşdır (Avstriya, Almaniya və Malta), baxmayaraq ki, əksər üzv dövlətlərdə bu tələb 18-dir.

400 milyondan çox avropalı səsvermə hüququna malikdir ki, bu da Avropa Parlamentinə seçkiləri Hindistandan sonra dünyada ikinci ən böyük seçkilər edir.2019-cu ildə iştirak nisbəti 51% təşkil edib ki, bu da son qərinədə Avropa Parlamentinə seçkilərdə ən böyük fəallıq idi. Digər bir sual, Avropa Parlamentində dörddə bir əsr dominant olmuş Avropa Xalq Partiyasının bu yaxınlarda üzv dövlətlərdə keçirilən bəzi ümumi seçkilərdə olduğu kimi, Avropa Parlamentində daha çox sağa meyillənib-meyillənməyəcəyi haqdadır. Avropanın Azərbaycanın ən böyük xarici iqtisadi tərəfdaşı olması və bəzi avropalı deputatların Azərbaycanla iqtisadi əlaqələrə yenidən baxmaq çağırışları xatırlatmağa yəqin ki, ehtiyac yoxdur. Adətən tənqidlərdə Komissiyanın hazırkı sədri Ursula fon der Leyeninin Azərbaycana isti münasibətləri xüsusi hədəfə alınır.

Avropa parlamentinə seçkilərin bizim üçün daha bir sürprizi dünən – yanvarın 8-də bəlli olub. Belə ki, Avropa Şurasının rəhbəri Şarl Mişel yaxın aylarda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək üçün vəzifəsini tərk edəcəyini açıqlayıb (BBC). Aİ təcili olaraq Avropa Şurasının yeni rəhbərini təyin etməsə, bu vəzifəni iyulun 1-dən ölkəsi Avropa İttifaqının sədri olacaq Macarıstanın baş naziri Viktor Orban tuta bilər. Türk ölkələri, xüsusən Azərbaycanla yaxın tərəfdaşlıq münasibətlərinə üstünlük verən Orbanın bu postu tutması Azərbaycan –Ermənistan danışıqlarında rəsmi Bakının əlini daha da gücləndirmiş olardı.