Azərbaycan-Ermənistan danışıqları dünya mətbuatında: sülh müqaviləsi, yoxsa yeni müharibə?

0
174

“İrəvan və Bakıdan gələn nikbin açıqlamalara baxmayaraq, 2023-cü ildə çoxdan gözlənilən sülh müqaviləsi imzalanmadı. Cənubi Qafqazın iki əzəli düşməni arasında münasibətlərin normallaşması həmişəkindən daha yaxın görünsə də, hələ də kifayət qədər maneələr və problemlər var.

“Diplomatic Courier”də Nikola Mikoviç yazır ki, 2024-cü ilin əvvəlində sülh razılaşmasına nail olacağına dair bəzi ümidlər var, lakin hər iki ölkə hərbi əməliyyatlara qayıtmağa hazırlaşır:

“2023-cü il dekabrın 8-də Ermənistan və Azərbaycan “bölgədə çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şansın” olduğunu bildirən birgə bəyanatla çıxış edəndə, Ermənistan rəsmiləri İrəvanın ilin sonuna qədər Bakı ilə müqavilə imzalamağa hazır olduğunu bildiriblər. Amma bu baş vermədi”.

Müəllifə görə, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində sülh gündəliyi məsələlərini müzakirə etsələr də, bu, Rusiyanın növbəti dəfə “məsləhətçi” rolunu oynayacağı demək deyil. 2024-cü ildə Kreml bölgədəki təsirini qoruyub saxlamağa çalışacaq. Amma Moskva üçün problem ondadır ki, nə Bakı, nə də İrəvan Rusiyanın geosiyasi orbitində qalmaqda maraqlı görünmür.

Müəllif hesab edir ki, iki liderin Rusiya ərazisində görüşməsi faktı, çoxlu sayda ölkənin özlərini vasitəçi kimi təklif etməsinə rəğmən Rusiyanın hələ də regionu öz təsir zonası kimi gördüyünü göstərir. Beləliklə, Əliyev və Paşinyan və ya onların nümayəndələri Gürcüstanda və ya iki ölkə sərhədində deyil, Rusiyada sülh sazişi imzalasalar, belə bir addım Rusiya diplomatiyasının böyük uğuru kimi şərh olunacaq:

“Üstəlik, Paşinyanın MDB sammitində, eləcə də Rusiyanın üstünlük təşkil etdiyi Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən növbəti sessiyasında iştirakı Kremlin Moskvanın nominal müttəfiqi, amma Rusiyadan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) fəal şəkildə uzaqlaşmağa çalışan Ermənistan uğrunda diplomatik mübarizəni davam etdirməyi planlaşdırdığını göstərir. İrəvanın isə Qərblə sıx əlaqələri davam etdirəcəyi gözlənilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ və Böyük Britaniya təhlükəsizlik rəsmiləri ilə son görüşləri açıq şəkildə göstərir ki, İrəvan daha Moskvanı öz ərazi bütövlüyünün əsas təminatçısı kimi görmür”.

Xatırladılır ki, Rusiya uzun müddət Ermənistanın əsas silah və sursat tədarükçüsü olsa da, hazırda Hindistanla hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir:

“Yeni Dehli üçün bu, hərbi-sənaye kompleksini reklam etmək, İrəvan üçün isə silah təchizatı sahəsində Rusiyadan asılılığını azaltmaq imkanı verir. Azərbaycan isə öz növbəsində Hindistanın əzəli düşməni Pakistanla hərbi əlaqələri gücləndirir və müdafiə xərclərini artırmağa davam edir. Bakı 2024-cü ildə dövlət büdcəsindən müdafiə və təhlükəsizlik xərclərinə 6,4 milyard manatdan (3,77 milyard ABŞ dolları) çox vəsait ayıracaq ki, bu da 2023-cü illə müqayisədə 6 faiz çoxdur”.

Yazıda Cənubi Ermənistandan Azərbaycana keçəcək nəqliyyat-kommunikasiya xətlərinin açılması perspektivlərinə də toxunulur: “Azərbaycan və qonşu İran 31 dekabr 2023-cü ildə Astaraçay üzərində transsərhəd körpünün – materik Azərbaycanı İran ərazisindən keçməklə öz Naxçıvan anklavı ilə birləşdirən Naxçıvan dəhlizinin bir hissəsi olan layihənin açılışını etsə də, rəsmi Bakı Naxçıvan dəhlizinin Ermənistanın Sünik vilayətindən keçən daha bir hissəsinin tikintisinə çalışacaq. Belə bir nəqliyyat şəbəkəsi Bakının şərtlərinə uyğun qurularsa, Azərbaycanın Ermənistanın cənubundan pasportsuz keçməsinə şərait yaradacaq və onu təkcə Naxçıvanla deyil, həm də müttəfiqi Türkiyə ilə birləşdirəcək.

Nəticədə İran türk qonşuları tərəfindən yarımühasirəyə alınacaq. İran Ermənistanla sərhədin saxlanmasının onun qırmızı xətti olduğunu dəfələrlə bəyan etsə də, Bakı və Ankaranın Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin tikintisindən asanlıqla imtina edəcəyinə zəmanət yoxdur”

İddia edilir ki, Naxçıvan dəhlizi məsələsi son nəticədə Cənubi Qafqazda növbəti münaqişəyə gətirib çıxara bilər, ona görə də həm Ermənistan, həm də Azərbaycan sülh sazişindən danışarkən belə, öz hərbi imkanlarını fəal şəkildə gücləndirməkdə davam edirlər.

“Responsible Statecraft” 2023-cü ilin siyasi yekunlarına həsr etdiyi yazıda Qarabağ münaqişəsinin bitməsini ilin ən mühüm yekunlarından biri kimi təqdim edir. Amma yazı ümumən “əzabkeş erməni xalqının” mövqeyini əks etdirir. Bildirilir ki, Azərbaycan və Ermənistan bir neçə onillikdə münaqişənin ardından sülhə nail olmaq üçün işləməyə söz versələr də, Azərbaycanın tətbiq etdiyi “qəddar blokada” ümidlərə son qoydu. “Sentyabr ayında başlayan Azərbaycanın hərbi əməliyyatı mübahisəli torpaqlara son nəzarəti qurdu və ermənilərin bir neçə gündən sonra qovulmasına səbəb oldu”. Görünür hələ uzun müddət Qərb KİV-lərində baş alıb gedən yalançı narrativləri təkzib etmək lazım gələcək

Azərbaycanla bağlı tez-tez təhlil və reportajlarla çıxış edən Coşua Kuçer “Svoboda” radiosunun saytındakı yazısında “Ermənistan və Azərbaycan 2024-cü ildə sülhə nail ola biləcəkmi?” sualına cavab axtarır. O xatırladır ki, sentyabr ayında ildırım hücumu sayəsində Azərbaycan bu bölgəyə tam nəzarəti bərpa edib. Hər iki tərəf, Azərbaycan və Ermənistan, indi qalan fundamental məsələlərin əksəriyyəti haqqında razılığa gəldiklərini və fasilədən sonra diplomatik danışıqların yenidən davam etdiyini söyləyirlər. C.Kuçera da hesab edir ki, münaqişənin həlli bölgəni dəyişə bilər. Ermənistan və Azərbaycan sülh sazişi bağlasa, onda Ermənistanın Türkiyə ilə yaxınlaşması sürətlənər. Nəticədə, üç ölkə arasındakı sərhədlər yenidən açılacaq, Ermənistanın uzun coğrafi təcridinin sonu olacaq.

Lakin C. Kuçera son zamanlara Qərb KİV-lərində inadla təkrarlan belə fikir təlqin etməyə çalışır ki, münaqişənin davam etdirilməsi Azərbaycan hakimiyyətinin marağında ola bilər, çünki daxili milli birliyi qorumağa kömək edir. Bu yanlış qənaət Qafqaz məsələləri üzrə azərbaycanlı ekspert adlandırılan Tofiq Cəbrayılovun “Aljazeera”ya açqılamasında da təkrarlanır. O deyir ki, iki ölkə arasında Qarabağla bağlı qarşıdurma ilə bağlı dosyenin bağlanmasına baxmayaraq, bir çox problemlər qalır: bunlardan biri “anklavların” gələcəyi ilə bağlıdır:

“Bu vaxta qədər natamam qələbə və yarımçıq missiya hissi yaxın illərdə Azərbaycan diskursunda üstünlük təşkil edəcək və Prezident İlham Əliyev – ən azı, qalan ərazilərin reinteqrasiyası prosesini başa çatdırmaq məcburiyyətində qalacaq”.

“Aljazeera”ının əməkdaşı Fahim Əl Surani Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmamasının səbəblərini araşdırır. Onun fikrincə, bunun bir neçə səbəbi var. Əvvələn, bəyanatlara rəğmən iki ölkənin bölgənin gələcəyi ilə bağlı baxışları fərqlidir. Nikol Paşinyan “Sülh qovşağı” layihəsi təqdim etsə də, Azərbaycan tərəfi Ermənistan ərazisindən keçəcək dəhlizə marağını itirdiyini deyir.

İkinci ziddiyyət sərhədlərin demarkasiyası ilə bağlıdır, Paşniyan Sovet Baş Qərargahının 1975-ci il xəritələrinə istinad edərək Azərbaycanı sovet sərhədləri çərçivəsində tanıdığını desə də, İlham Əliyev ədalətli şərtlərdən danışır və konkret rəqəm səsləndirmir.

Üçüncü ziddiyyət kimi, “Aljazeera” əsir və itkin düşənlərlə bağlı durumu göstərir. İrəvan 1016 erməninin, Bakı isə 4000 vətəndaşının itkin düşdüyün deyir. Müəllif hesab edir ki, rəqəmlər şişirtmə ola bilər və bir-birini ittiham üçün istifadə edilir.