Azərbaycan əleyhinə yaradılmış 600 nəfərlik xüsusi qrup: Tapşırıq verilib ki…

0
124

Qərb mediasının verdiyi xəbərə görə, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Hər şey Fransa səfirlikdaxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb (identifier.in.ua). Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət edərək təsir dairəsini genişləndirməyə çalışıb.

Yerli mediada yer almış iddiaya görə, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib, Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib.

Qərb mediasına görə, bu əməliyyat Fransa xüsusi xidmət orqanlarının son 50 ildəki ən böyük iflası və biabırçılığıdır. Məlumatlar rəsmi təsdiqini tapsa, bu, Fransanın Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozması deməkdir. Bu, Fransanın təkcə Cənubi Qafqaz deyil, Afrikada da siyasətinə təsir edəcək. Fransa Prezidenti Emanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

Hələ II Qarabağ savaşının gedişində bəlli olmuşdu ki, Fransa Azərbaycana qarşı çoxsaylı diplomatik addımlarla (“dqr”i tanımaq, Ermənistana birbaşa hərbi yardım çağırışları) kifayətlənmək istəmir, ölkəmizə qarşı təxribatçı fəaliyyət göstərmək hədəfləri də var. Belə ki, 2020-ci dekabrında türk mediası DGSE-nin Azərbaycanın işğaldan azad etdiyi ərazilərinin “Ermənistana qaytarılması” üçün geniş fəaliyyətə keçməsi haqda yazı dərc etmişdi. Yazıda iddia edilirdi ki, diplomatik danışıqlarda Azərbaycanın mövqeyinin zəiflədilməsi, erməni təxribatlarının, əks kəşfiyyat fəaliyyətinin təşkili məqsədilə DGSE-də 600 nəfərlik xüsusi qrup yaradılıb. Bildirilirdi ki, təxribat, o cümlədən informasiya təxribatları vasitəsilə məsələnin mahiyyətini anlamayan şəxslər qıcıqlandırıla, onlar sosial həyəcanla “davrana bilərlər”. ASALA-nın yenidən təşkilatlandırılmasının, Avropada yaşayan türk və azərbaycanlıların təxribat əməllərinə cəlb edilməsinin mümkünlüyünə də diqqət çəkilirdi.

Məlumat dərc olunduğu ərəfədə və sonralar baş verənlər onu ciddiyə almağa əsas verirdi. Belə ki, yazınının dərcindən keçən müddət ərzində İkinci Qarabağ müharibəsinin nəticələrinin mübahisələndirilməsi üçün Qərb, xüsusən fransız mediası davamlı iş aparır, yalnız erməni tərəfinin mövqeyini təqdim edən yazı və reportajlar verir, Fransanın xüsusi təsir etmə imkanı olan qurumlar, o cümlədən UNESCO Qarabağda erməni abidələri ilə bağlı sırf Ermənistan tərəfinin feyklərinə əsasən bəyanat qəbul edir. Azərbaycan Prezidenti qurumun bu addımını qınayaraq “UNESCO hər hansı bir ölkənin filialı deyil” demişdi.

2021-ci ilin noyabrında BBC bu mövzu ilə bağlı ola biləcək maraqlı reportaj yayımlamışdı. Reportajda deyilirdi ki, Fransa prezident seçkiləri kampaniyası çərçivəsində noyabrın 5-də yazıçı Erik Zemmurun namizədliyini rəsmən elan etdiyi ilk mitinqdə “İrqçiliyə yox” yazılmış köynəklərlə etiraz edən “SOS Racisme” qrupuna qarşı ifrat sağçı “Zouaves Paris” üzvləri tərəfindən zorakılıq tətbiq edilib. Hücum görüntülərində şəxsiyyəti müəyyən edilən “Zouaves” təşkilatının lideri, 23 yaşlı Mark de Cacqueray-Valmenier Paris polisi tərəfindən saxlanılıb.

Maraqlı olan “Zouaves”in Ermənistanla əlaqələri idi. Əlbəyaxa döyüş ustası olan M.Valmenier katolik, aristokrat və varlı ailədəndir. İfrat sağçı lider Qarabağda Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə də iştirak edib. 2020-ci ilin payızında işğal olunmuş ərazilərimizdə Azərbaycana qarşı müharibəyə qatılan ifrat sağçı yaraqlı öz İnstaqram hesabında “Xristian ermənilərlə müsəlman azərilərə qarşı döyüşəcəyini” açıqlamışdı: “Dağlıq Qarabağda qitəmiz və sivilizasiyamız təhlükə altındadır”. Fransada terror qruplaşması kimi tanımağa məcbur olduqları “Zouaves”lər üçün bu müharibə onların müsəlmanlara qarşı mübarizəsinin sübutu idi. Halbuki III Qarabağ müharibəsi zamanı Fransa siyasətçiləri, o cümlədən Makron “Azərbaycan tərəfindən döyüşən islamçılar” haqda dezinformasiyanın yayılmasında bilavasitə iştirak etmişdilər.

“Avropada yaşayan türk və azərbaycanlıların təxribat əməllərinə cəlb edilməsinin mümkünlüyünə dair“ iddia ilə indi əsasən Fransada mənzillənmiş siyasi mühacirlərin Vətən müharibəsindəki qələbimizi mübahisələndirən, hər kiçik sosial narazılığı mütəşəkkil etiraz kampaniyasına çevriməyə, ordunun hakimiyyətə loyallığını zədələməyə hesablanmış fəaliyyətlərinin hiss olunacaq səviyyədə artması arasında müəyyən paralellər aparıla bilər.

Məsələn, son ifşa haqda xəbərlərdən dərhal sonra bir azərbaycanlı mühacir siyasi fəalın Qərb qrantları ilə yayımlanan ingilisdilli resurslardan birində dərc olunmuş yazısı diqqəti cəlb edir. Yazıda Azərbaycanın rəsmi ritorikasında anti-müstəmləkəçilik tezislərindən istifadə edilməsinə toxunulsa da, əsas fokus Fransa ilə münasibətlər üzərindədir .

Xatırladılır ki, 2023-cü ilin iyulunda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısında aparılan müzakirə əsasında “Fransız müstəmləkəçiliyinə qarşı Bakı təşəbbüs qrupu” yaradılıb. 2023-cü il oktyabrın 20-də də Fransanın “keçmiş müstəmləkələrində olan dövlətlərin daxili işlərinə kobud müdaxiləsi” və “indiki müstəmləkələrində insan hüquqlarının kobud şəkildə pozulması” hədəflənən növbəti anti-neokoloniyal konfrans keçirilib. Bunu yanlış, qərəzli və selektiv yanaşma nümunəsi kimi təqdim edən müəllif Qarabağın azad olunmasını da yanlış hesab edir, Fransanın Ermənistana hərbi-diplomatik dəstəyinə haqq qazandırır.

Xaricdən yayımlanan bir neçə YouTube kanalı isə Azərbaycanın Afrikada fəallığı, antimüstəmləkəçi ritorikası əleyhinə silsilə tənqidi verilişlər həsr etmişdilər. Bu, türk mediasında 2020-ci ilin sonlarında DSGE haqda dərc edilmiş yazıda yer alan direktivi istər-istəməz yada salır – “təxribat, o cümlədən informasiya təxribatları vasitəsilə məsələnin mahiyyətini anlamayan şəxslər qıcıqlandırıla bilərlər”. Xüsusi qıcıqlandırma olmasa da, ciddi təşəbbüslər ortadır.