Rusiya Qafqazı tərk edir, İrana heç nə çatmayacaq: Türkiyə üçün…

0
209

Azərbaycan-Ermənistan yaxınlaşması ilə bağlı İranın “Tahlilbazaar” nəşri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, George Mason Universiteti Enerji Elmi və Siyasəti Mərkəzinin direktoru Riçard Kozlariç, ABŞ-ın Alabama Universitetinin Siyasi Elmlər Departamentinin rəhbəri, professor Nader İntisardan müsahibə alıb.

Müsahibələrin sualları bir-birini təkrarlayır, məqsədyönlüdür və Amerika ictimai rəyi ilə işləmək, bu rəyi anti-Azərbaycan mövqeyə kökləmək təşəbbüsü kimi maraq doğurur.

Kozlariç müsahibədə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları alqışlayır. Amma o, “Tahlilbazaar”ın birbaşa danışıqlaırn səbəbi kimi Qəzzada savaşın başlaması, İsrailin buna görə də Azərbaycanı dəstəkləyə bilməməsi haqda yönləndirməsi ilə razılaşır: “Mən bu qiymətləndirmə ilə razıyam, çünki Azərbaycanla Ermənistan arasında gərginliyin ən mühüm səbəblərindən biri Türkiyə, Amerika, İsrail, Fransa, Rusiya kimi oyunçuların mövcudluğu, eləcə də İranın kənar təsiridir. Xaricdən müdaxiləni azaldaraq, iki dövlət arasında sülh sazişinə ümid edə bilərik. Türkiyə həmişə Azərbaycana, oradan isə Şimali İrana və Orta Asiyaya quru yolun olmasını istəyir”. Kozlariç daha sonra İran təbliğatının növbəti narrativini təkrarlayır: “Ermənistanla Azərbaycan arasında sülh sazişi yerinə yetirilərsə də, Azərbaycan israrlı olduğu üçün Zəngəzur dəhlizi məsələsi yenidən gündəmə gələcək”.

N.İntisar isə qeyd edir ki, Ermənistanla Rusiya arasında ixtilaf nə qədər çox olarsa, Qərbin Ermənistana təsiri bir o qədər güclənər. Bu halda İranın Qafqazda təsiri azalacaq. Çünki İranın Qafqazdakı çoxdankı tərəfdaşı özünü sığortalamağa çalışa və hətta İranın regional rolunu azaldacaq istiqamətdə xarici siyasət yürüdə bilər. Onun fikrincə, Rusiyanın Qafqazda təsirinin azalması eyni zamanda sabitliyi pozan və gözlənilməz bir boşluq yaradacaq. Çox güman ki, xarici iddiaçılar Moskvanın zəifləyən mövqelərinin yaratdığı boşluğu doldurmağa çalışacaqlar. Bütün böyük potensial əcnəbilər İranın maraqlarına meydan oxuyacaqlar. “Təəssüf ki, İranın son on ildə Qafqazda xarici siyasəti fəal və uzaqgörənlikdən çox, ən yaxşı halda passiv və ya reaktiv olub”-deyə o təsbit edir.

Amerika Xarici Əlaqələr Şurasının üzvü, professor Şirin Hanter isə hesab edir ki, Rusiyanın hərbi və digər yardımlarla dəstək vermək istəməməsini, eləcə də Qərb dövlətlərinin Cənubi Qafqazda gələcək qeyri-sabitliyin qarşısını almaq istəyini nəzərə alsaq, Ermənistan Azərbaycanla hərbi əməliyyatları davam etdirə bilməzdi. Bu arada Bakı əsas məqsədinə – itirilmiş ərazilərin, o cümlədən Dağlıq Qarabağın qaytarılmasına nail oldu. Üstəlik, Qarabağ ermənilərinin genişmiqyaslı gedişini görən Qərb dövlətləri Azərbaycana xəbərdarlıq etməyə məcbur oldular. Lakin Onun fikrincə, Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşması vaxt aparacaq.

İranın Cənubi Qafqazda fəallaşma perspektivini mənfi qiymətləndirən xanım Hanter deyir ki, Ermənistan da digər ölkələr kimi İrandan öz məqsədləri üçün istifadə edirdi. İran Ermənistana istədiyini verə bilməsə, İrəvan da başqa, daha güclü ölkələrə üz tutacaq. İranın Qərblə problemləri, eləcə də diqqətinin böyük hissəsini ərəb və İsrail məsələsinə yönəltməsi, Qafqaza kifayət qədər diqqət yetirməməsi Tehranın rəqibləri və regional rəqibləri, xüsusən də Türkiyə üçün meydanı açıq qoyub.