Xəstə, həkim, çarpayı: statistika açıqlandı – Bəs Azərbaycan haradadır?

0
178

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və Aİ Statistika İdarəsinin (Eurostat) məlumatlarına görə, dünyada adambaşına düşən xəstəxana çarpayılarının və həkimlərin sayı açıqlanıb. Türkiyə Avropada adambaşına düşən həkim sayına görə ən aşağı pillədədir. Türkiyədə hər 100 min nəfərə 218 həkim düşdüyü halda, Yunanıstanda bu rəqəm 629-dur ki, bu da yüksək göstəricidir. Mütəxəssislər narahatdırlar ki, həkimlərə müraciət nisbəti hər il 25 faiz artmağa davam edərsə, bir neçə ildən sonra xəstələri müayinə etmək üçün həkim və xəstəxana tapa bilməyəcəklər. Bu statistikada isə Azərbaycan yoxdur.

Maraqlıdır, görəsən ölkəmizdə vəziyyət necədir?

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata görə, ölkəmizdə əhalinin hər 100 000 nəfərinə 320 həkim düşür. Çarpayıya gəlincə isə əhalinin hər 100 000 nəfərinə 370 çarpayı düşür.

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli açıqlama verib.

O, digər ölkələrdəki göstəricilər ilə müqayisədə Azərbaycan üçün vəziyyətin elə də ürəkaçan olmadığını diqqətə çatdırıb:

“Həkim sayının az olması normal günlərlə yanaşı, çətin anlarda da müqayisə etməliyik. Bu zaman həkim sayının az olduğunu daha yaxşı görəcəyik. Rezidentlərin digər ölkələrə, xüsusən də Almaniyaya axını, regionlarda həkim çatışmazlığı, həkimlərin orta yaş rəqəmlərini götürsək 4-5 ildən sonra biz daha başqa fərqli mənzərə ilə qarşı-qarşıya qala bilərik. Bu prosesləri idarə etmək üçün addımlar atılmalıdır. Həkimlərin iş şəraiti normal vəziyyətə gətirilib çatdırılmalıdır. Hazırda həkimlər üçün iş rejimi gərgindir. Xəstə yükü həddindən artıq çoxdur. Bu da həmin işin müqabilində alınan maaşla adekvat deyildir. Həkimlərin hüquqi cəhətdən qorunması, fiziki və psixi sağlamlıqlarının qorunması istiqamətində istədiyimiz şəraitin yaradılmamasını görürük. İcbari tibbi sığortadan sonra xəstələrin müraciəti daha da çoxalıb. Bu da gənc həkimlərin xaricə axınını, orta yaşlıların isə özəl sektora axın etməsinə səbəb ola bilər.

Millət vəkili əlavə edib ki, həkim kadrlarını hazırlayıb, ölkədə saxlamaq problemi üzrə qarşı-qarşıyayıq:

“Bu da son nəticədə daha çox xidmətlər sektorunu əhatə edən dövlət sektorunda sıxıntıya səbəb ola bilər. Bunun üçün sığorta fondunda olan vəsaitlərə əl çatanlığın artırılması, xüsusən baza təhsil rolu oynayan tibb müəssələrinə qəbulu daha da asanlaşdırmaq və oradakı pedoqoji personalın maddi-texniki təminatının, o cümlədən də əməkhaqqının qaldırılması əsas şərtdir. İkincisi, regionlarda düzgün kadr siyasətinə ciddi yanaşmaqdır, bu, çox vacibdir. Bundan başqa, region gənclərinin müxtəlif karyera pillələrində irəliləmisini dəstəkləməliyik. Təəssüf ki, hazırda səhiyyə qurumlarında və TƏBİB-dəki təyinatlara daha çox mərkəzdə işləmiş şəxslər seçilir. Bu da son nəticədə regionlarda işləməyə marağı, həvəsi azaldır. Səhiyyəmizin maliyyələşməsi artıq 3 mlrd. 307 milyona yaxınlaşıb. Bu olduqca çox böyük rəqəmdir, məbləğdir. Bundan ağıllı istifadə həm səhiyyə sektorunun inkişafında, həm də kadr bazasının yaradılmasında mühüm rol oynayacaq”.

Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov bildirib ki, Azərbaycan statistika əskikliyindən də o sıralarda yer almayıb:

“Ölkəmizdə həkim və çarpayı qıtlığının olduğunu düşünmürəm. Hazırlanan statistika xəbərsizlikdən qaynaqlanır. Heç kəs bizdə şikayət edə bilməz ki, yer olmadı, xəstəxanada yatmadım. Bu vəziyyət Türkiyə və başqa Avropa ölkələrində belə deyil. Öz sahəm üzrə misal göstərə bilərəm ki, bizdə xəstəxanaya angioqrafiya və ürək əməliyyatı üzrə bir pasient müraciət etsə bütün müainələrdən keçə bilər. Türkiyədə pasientə 1 ay, Avropa ölkələrində isə 7 aya gün verilir. Buna görə də vəziyyəti qənaətbəxş hesab edirəm”.

Çukurova Universitetinin tibb fakültəsinin müəllimi Prof.Dr. Ersin Akpınarın sözlərinə görə, 2021-ci ildə həkimə edilən müraciətlərin sayı adam başına 8 ikən, 2022-ci ildə 10-a yüksəlib:

“2022-ci ildə ailə həkimlərinə edilən ümumi müraciətlər 333 milyona yaxınlaşıb. Bu əvvəlki illərin müraciətləri ilə müqayisədə yüzdə 40 artımdır. Bu, o deməkdir ki, həkimlər vaxtlarının çoxunu müayinə və dərmanların yazılmasına sərf edirlər. Bu isə müraciətlərin yerinə yetirilməsində problemləri artıran amillərdən biridir. Xəstələrin ailə həkimlərindən xəstəxanalara yönləndirilməsi kimi bir sistemə keçmədən keyfiyyətli səhiyyə xidməti göstərmək mümkün deyil. Dünyada sağlamlıq problemlərinin 85 faizi ailə həkimliyi sistemi ilə həll edilir. Ölkəmizdə bir ailə həkiminə orta hesabla 3500 nəfər düşür. Ailə həkimləri mərkəzlərini gücləndirmək lazımdır”.