Hindistanla Ermənistan arasında məxfi razılaşma: Bu silahlar 2024-cü ilin martına qədər…

0
740

Hindistandan reaktiv yaylım atəşi sistemləri və raketlər idxal edən Ermənistan indi Cənubi Asiyadakı müttəfiqindən PUA əleyhinə sistem idxal edir.

“Bu, münaqişədən məğlub ayrılan Ermənistanın Sovet dövründən qalma müdafiə texnikasını modernləşdirmə zərurətindən irəli gəlir”, – deyə xarici media xəbər verir.

Qafqaz ölkələri arasında kövrək sülh olsa belə, Yeni Dehli Ermənistana hərbi texnikanın yeni partiyasını tədarük etməyi düşünür. Hindistanın adlarının açıqlanmasını istəməyən rəsmi şəxsləri “EurAsian Times”a bildiriblər ki, Ermənistan Hindistan tərəfindən hazırlanmış Zen Anti-Dron Sistemini (ZADS) almaq üçün müqavilə bağlayıb. Hindistan Hərbi Hava Qüvvələri (IAF) bu dron əleyhinə sistemi 2021-ci ildə əldə edib və Ermənistan 2,27 milyard rupi (27,3 milyon ABŞ dolları) dəyərində 20 ədəd C-UAS sifariş edib. C-UAS-ın Ermənistan Ordusuna çatdırılmasına 2024-cü ilin martında başlanacaq.

Ermənistan həm təlim həlləri, həm də anti-dron sistemini özündə birləşdirən pilotsuz təyyarə əleyhinə sistem sifarişi üçün Heydərabadda yerləşən “Zen Technologies” şirkəti ilə 41,5 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

“Zen Technologies” anti-dron sistemi özünü doğrultmuş texnologiyadır, Hindistan Silahlı qüvvələrinə daxil edilib , Ermənistan isə başa düşür ki, Hindistan silahlı qüvvələri ondan istifadə edirsə, demək bu, yaxşı olmalıdır”, – mənbə bildirib. Belə açıqlama göstərir ki, Hindistan sadəcə Cənubi Qafqazda iştiraka, Türkiyə və Pakistanla bölgə uğurunda mübarizəyə qoşulmağa can atmır, həm də öz müdafiə sənayesinin reklamında maraqlıdır.

Qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsi müasir döyüş meydanına pilotsuz təyyarələrin gəlməsini müjdələdi və Ermənistan Türkiyənin “Bayrakter TB-2”-nin fərq yaratdığını etiraf etdi. Türkiyənin “Baykar” müdafiə şirkəti tərəfindən hazırlanıb istehsal edilən “Bayraktar TB2” kiçik bir təyyarə ölçüsündədir və dörd lazerlə idarə olunan raketlə təchiz edilib. “Zen Technologies Limited” bildirir ki, 28 oktyabr 2023-cü ildə keçirilən iclasında Ermənistanda satış, dəstək və xidmət göstərmək də daxil olmaqla, bu ölkədə biznes imkanlarından istifadə etmək üçün filialın yaradılmasını təsdiqləyib.

Hind rəsmiləri bildirirlər ki, Ermənistanı Hindistan üçün strateji tərəfdaş sayırlar. 2022-ci ildə Hindistan Ermənistana PINAKA reaktiv yaylım atəşi sistemləri (MBRL), tank əleyhinə döyüş sursatları və 250 milyon ABŞ dolları dəyərində sursat tədarükü ilə bağlı müqavilə imzalayanda, bu, Nyu Dehlinin münaqişədə mövqe tutması kimi görünürdü. Bu, PİNAKA-nın Hindistan tərəfindən ilk ixracatı idi.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistanın baş naziri Narendra Modi və milli təhlükəsizlik müşaviri Ajit Doval ilə görüşmək üçün avqustun 28-də Nyu-Dehliyə səfər edib. Bunun fonunda Hindistanın Ermənistana yeni hərbi texnika partiyası tədarükünü planlaşdırdığı bildirilir.

2022-ci ildə Hindistan Azərbaycanla uzun sürən münaqişədə Ermənistana müdafiə təchizatçısı kimi çıxış edib. İlk silah partiyası keçən il İran vasitəsilə çatdırılıb.

“Economic Times” yazır ki, Ermənistan ilk növbədə Sovet və Rusiya mənşəli hərbi arsenalını modernləşdirməkdə maraqlıdır.

Fransa da, həmçinin Ermənistana hərbi yardım göndərəcəyini açıqlayıb.

Cəmaləddin Quliyev, siyasi ekspert