İnam mənbəyiniz sizi məhv etməsin

0
1002

Qəlbimizdəki inam səbrin, ümidin, arzuların yaşantısıdır. Həyatı inamsız yaşamaq mümkün deyil. İnam mənbələri yüzlərlədir. Dünya, axirət, yaradan, yaradılanlar, bu günümüz, sabahımız, yaşam səbəbimiz, ailəmiz, işimiz, öyrəncilərimiz, ömür yolundakı saysız duyğular, durumlar, hadisələr, yaşantılar və sairə…
İnamsızlıqlar inancları yox etmir. Hər birinin həyatımızdakı rolu bir səhifə yazır. Ömür keçdikcə bunların sevinci də olur, peşmançılığı da…
Hər iki yaşantıdan yan keçmir ömrümüz. İnam isə yaşam zirvəsində özünəməxsus yerini tərk etmir. Hər addımız ona bağlıdır.
Aramızda inanmadığı yolla yeriyənlər çox azdır. Bu ağılsızlıq peşmançılıqla nəticələnsə də, təcrübə qazandırır. Əslində, hər bir ağıllı inam da həyat təcrübəsi tələb edir. Amma uşaqlarda həyat təcrübəsi olmadığından onları qınamaq mümkün deyil.
Uşaqlıq, gənclik inamlarının həyatda təsdiqi xoşbəxtliyin açarıdır. Bu açarın sahibləri ömür yolunda bir çox insanlara bu xoşbəxtlikdən pay verə bilər. Təsdiqini tapmış inanclar yolunda addımlar yeni inamların yolunu kəsmir. Həyat yolunda qarşılaşdığımız hər nə varsa inancımızı saxlayacaq biliklərdir. Bu biliklərə sahib olmaq təkcə oxumaqla əldə olunmur. Həyatımızdan keçənlərin çoxunu öz ömrümüzlə yazırıq.
Yuxarıda qeyd etdiyim inam mənbələri isə ömrümüzü yazır.
Yaşantılarımıza verilən və verdiyimiz qiymət də sağlam inamın açarlarından biridir.
Bacardıqlarımızın azlığına heyifslənməməliyik. Onlardan düzgün və zərərsiz istifadənin yollarını tapmalıyıq. Bu işdə də inandığımız hər nə varsa bizi peşman etməsin. İnanmadığımız deyil, yalnız inandığımız yolla irəliləyək.
Bu həyatda hər şeyə inanmaq düzgün deyil. Ən əsası öz mənliyimizə inamımız bizə qarşı olan inamların mənbəyi olsun.

Sənubər