Hər bir dövlət insan hüquqlarını və azadlıqlarını təmin etməyə borcludur

0
211

İstiqamət:  insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması 

Əli İbrahimov: “Bu məsələdə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti subyektlərinin, o cümlədən siyasi partiyaların, vətəndaşların özünün üzərinə məsuliyyət düşür”

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması  Azərbaycan dövlətinin daim diqqət yetirdiyi məsələlərdən biridir. Xüsusilə, son iyirmi ildə qeyd edilən sahələrdə kifayət qədər işlər görülüb, islahatlar həyata keçirilib. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir. Onun sözlərinə görə, hər bir dövlət insan hüquqlarını və azadlıqlarını təmin etməyə borcludur. Hüquqşünas bildirib ki. bu məsələdə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti subyektlərinin, o cümlədən siyasi partiyaların, vətəndaşların özünün üzərinə məsuliyyət düşür. Söhbət ondan gedir ki, hər kəs ilk növbədə öz hüquqlarını öyənməli, bilməlidir. Belə olan halda hüquq pozuntusu faktları ciddi şəkildə azalır:

“Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və qəbul etdiyi əvəzsiz nailiyyətdir. Tarixi hadisələr də təsdiq edib ki, insan hüquqlarına hörmət və bu sahəyə dövlət səviyyəsində diqqət yetirmək müasir dünyaya qovuşmağın əsas yoludur. Demokratik proseslərin və milli inkişafın, ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir. Bu gün Azərbaycanın dünya birliyində müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi, habelə müdafiə olunması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu öndərin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. İlk dəfə olaraq, həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Konstitusiyanın 71-ci maddəsində təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəlmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan ərazisində insan və vətəndaş hüquq və azadlıqları birbaşa qüvvədədir”.

əLİ Ibrahimov deyib ki, insan hüquqları sahəsində tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün Heydər Əliyevin təşəbbüsü ilə respublikamız dünya birliyinin tamhüquqlu subyekti kimi 200-ə qədər, o cümlədən, insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox mühüm beynəlxalq konvensiyaya qoşulub:

“Bu konvensiyalardan 1966-cı il Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt, 1966-cı il İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt, BMT-nin 1989-cu il Uşaq Hüquqları Konvensiyası, BMT-nin Qadınların Siyasi Hüquqlarına dair 1952-ci il Konvensiyası, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1979-cu il Konvensiyası, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1965-ci il Beynəlxalq Konvensiyasını və digərlərini göstərmək olar. Hazırda Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezidentimiz cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də qətiyyətli addımlar atır. Sözün həqiqi mənasında dövlət başçısının insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün dünya birliyində də yüksək dəyərləndirilir. Azərbaycan Prezidentinin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə respublikamızda hər il 18 iyun – İnsan Hüquqları Günü kimi qeyd olunur”. 

Hüquqşünasən sözlərinə görə, insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir:

“Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk” – deyən cənab Prezidentin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir”.

Əli İbrahimov deyib ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə kifayət qədər iş görülüb:

“Bu istiqamətdə həyata keçirilən layihələr və onların icrasına xərclənən vəsaitlər öz bəhrəsini verməkdədir. Əvvəlki illərlə müqayisədə artıq insanlar öz hüquq və azadlıqlarını daha aktiv müdafiə edə bilirlər. Azərbaycanda ictimai-siyasi həyatda gənclərin fəal iştirakının təmin edilməsi, gənclər təşkilatının fəaliyyətlərinin daha da gücləndirilməsi, seçkili və dövlət idarəetmə orqanlarında gənclərin daha da geniş kütləsinin təmsil olunması, regionlarda yaşayan gənclərin təşkilatlanması, gənc liderlərin və gənclərin siyasi düşüncə tərzinin formalaşması, gənclər sahəsində qeyri-formal təhsil metodlarının tətbiq edilməsi məqsədilə bir sıra işlər görülüb və görülməkdədir. Görülən işlərin sayının çoxalması Azərbaycanda gənclərinin ictimai-siyasi və sosial aktivliyi xeyli artıb.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində xeyli işlərin görülüb bu istiqamətdə Milli Fəaliyyət Proqramının qəbulunu xüsusi qeyd etmək lazımdır. Bu proqram insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi önəmli sənədlərdən biridir. Bildiyimiz kimi, proqramın preambula hissəsində göstərilir ki, Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qəbul olunub. Proqramın qəbul olunmasında 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyanı proqramın əsas mənbəsi hesab etmək olar. Belə ki, Konstitusiyanın əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Bu proqram qəbul edildikdən sonra bir çox qanunlarda dəyişikliklər olub və bir neçə yeni qanunlar qəbul edilib”.

Hüquqşünasın sözlərinə görə, iftixar hissi ilə qeyd etmək yerinə düşərdi ki, həqiqətən ölkəmiz demokratik dəyərlərin mənimsənilməsi, Avropaya inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlara nail olub. Bütün bunlar isə gələcəyə daha inamla baxmağa imkan verir.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.