Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqləndi

0
752
Nazirlər Kabineti “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nı təsdiq edib.
Dövlət standartına dair ümumi tələblər aşağıdakılardır:
–  fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarının nəzərə alınması;
–  təhsilalanların yaş, fiziki, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, onların fiziki inkişafının, sağlamlığı və təhlükəsizliyinin, idraki, estetik və yaradıcı, sosial-emosional inkişafının təmin olunması, sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara, sosial, milli və ümumbəşəri dəyərlərə yiyələnməsi;
–  uşaqların məktəb təhsilinə hazırlanmasının təmin olunması.
–  Məktəbəqədər təhsil üzrə müvafiq kurikulumlar dövlət standartı əsasında hazırlanır və həyata keçirilir.
–  Məktəbəqədər təhsilin dövlət standartı 5 il müddəti üçün nəzərdə tutulur.
– Məktəbəqədər təhsilin dövlət standartı aşağıdakıları müəyyən edir:
–  məktəbəqədər təhsilin məzmununu;
–  məktəbəqədər təhsilin idarə olunmasını;
–  məktəbəqədər təhsilin infrastrukturunu, maddi-texniki və tədris bazasını;
–  məktəbəqədər təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;
–  məktəbəqədər təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.
 Məktəbəqədər təhsilin məzmunu aşağıdakı didaktik prinsiplər əsasında müəyyənləşdirilir:
–  nəticəyönümlülük – təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsi;
–  uşaqyönümlülük – təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyil və marağının, təhsil tələbatının ödənilməsinə, istedad potensialının reallaşdırılmasına və inkişafına yönəldilməsi;
– şəxsiyyətyönümlülük – uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılması;
-. inkişafyönümlülük – uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin olunması;
– tələbyönümlülük – ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması;
– varislik – müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarilə bir-birini tamamlaması;
– inteqrativlik – təlimin məzmun komponentlərinin əlaqələndirilməsi;
– azərbaycançılıq – uşaqların vətənpərvərlik və azərbay-cançılıq ruhunda tərbiyə edilməsi, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə hörmət hissinin aşılanması;
– dünyəvilik – dünyaya aid olma, dünya ilə bağlı olma, dini olmama, dinlə əlaqəsi olmama.
Məktəbəqədər təhsilin məzmunu uşaqlarda aşağıdakı keyfiyyətlərin ilkin səviyyədə formalaşmasının təmin olunmasına yönəldilir:
– cəmiyyətə sosial uyğunlaşma;
– birgəfəaliyyət və ünsiyyət mədəniyyəti;
– müstəqillik, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam, iradi xüsusiyyətlər;
– müstəqil öyrənmə və sərbəst qərar qəbuletmə meylinin təşəkkülü;
– ətraf aləmin dərk olunması, təbiətə və insanlara həssas münasibət;
– bədii-estetik və yaradıcı dünyagörüşü;
– sağlamlığın qorunması istiqamətində gigiyenik bacarıqlar;
– özünün və digərlərinin hüquqlarına hörmət hissi.
Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş da daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsində hər bir qrupda uşaqların sayı onların yaşından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:
– 1 yaşdan 2 yaşadək                   – 15 uşaq;
-2 yaşdan 3 yaşadək                   – 15 uşaq;
– 3 yaşdan 4 yaşadək                   – 20 uşaq;
– 4 yaşdan 5 yaşadək                   – 20 uşaq;
– 5 yaşdan 6 yaşadək                   – 20 uşaq;
 müxtəlif yaşlı uşaqlar üçün qruplarda:
-1 yaşdan 3 yaşadək     – 10 uşaq;
– 3 yaşdan 6 yaşadək     – 15 uşaq.
Dövlət məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı həmin təhsil müəssisələrinin nizamnaməsi ilə müəyyən olunur. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və ya qəyyumlar şurası, valideyn şurası) yaradılır. Məktəbəqədər təhsil üzrə dövlət təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsini təmin etmək məqsədilə məktəbəqədər təhsil müəssisələrində əlverişli infrastruktur və zəruri maddi-texniki və tədris bazası yaradılır. Məktəbəqədər təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq normativlərə cavab verən binalar (yardımçı bina), həyətyanı sahə, sadə idman qurğuları, rabitə, su, istilik, elektrik sistemləri, alternativ enerji mənbələri, internet xidməti, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün müvafiq şərait daxildir. Məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasına qrup, yataq və oyun otaqları, uşaq mebelləri, musiqi və idman zalları, metodiki kabinet, tibb otağı, izolyator, yeməkxana, mətbəx, mətbəx avadanlıqları, ərzaq anbarı, yumşaq inventar anbarı, camaşırxana daxildir. Məktəbəqədər təhsilin tədris bazasına proqram (kurikulum), məşğələ cədvəli, metodik ədəbiyyat, əyani vəsaitlər, masaüstü oyunlar, didaktik, nümayişetdirici və paylayıcı materiallar, ekoloji cəhətdən təhlükəsiz oyuncaqlar, texniki təlim vasitələri, uşaq bədii ədəbiyyatı daxildir. Məktəbəqədər təhsil müəssisələrində pedaqoji işə mövcud qanunvericiliklə müəyyən edilmiş ixtisas tələblərinə uyğun ali və ya orta-ixtisas təhsilli kadrlar qəbul edilirlər. Məktəbəqədər təhsil sistemində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:
– metodiki ustalıq və səriştəlilik (uşaqların meyil və maraqlarını nəzərə alan səmərəli təlim strategiyalarını tətbiq etmək bacarığı);
– müəssisənin gün rejiminə (səhər fəaliyyəti, uşaqların qidalanması, məşğələ saatları, gündüz gəzintisi, yuxu, axşam fəaliyyəti) uyğun işini düzgün qurmaq;
– bu dövlət standartına əsasən uşaqların yaş səviyyəsinə uyğun inkişaf sahələri üzrə (fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakın inkişafı, estetik və yaradıcı inkişaf, sosial-emosional inkişaf) ümumi təlim nəticələrinə nail olmaq;
– məşğələ prosesində fəal təlim üsullarından (əqli hücum, tap-tapmaca, şaxələndirmə və s.) istifadə etmək;
– informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək (məşğələ prosesində elektron tədris resurslarından istifadə);
– sağlamlıq imkanları məhdud uşaqlarla işləmək bacarığı (müvafiq mütəxəssislər – loqoped, surdoloq tərəfindən korreksiya-edici və psixoloji dəstək).
Standarta əsasən, məktəbəqədər təhsilin yaş səviyyələrinə uyğun inkişaf sahələri üzrə ümumi təlimin nəticələri aşağıdakı kimi olmalıdır:
körpələr qrupu (1-3 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri:
– sadə fiziki hərəkətləri yerinə yetirir;
– sadə gigiyena qaydalarına əməl edir;
– masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir;
– həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır;
– özünü, ailə üzvlərini və vətənini adlandırır;
– sadə suallar əsasında danışır;
-. müşahidə etdiyi əşyaları adlandırır;
– sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir (az, çox, böyük, kiçik, uzun, qısa);
– ölçü anlayışını başa düşdüyünü nümayiş etdirir;
– dairəvi əşyaları adlandırır;
– təsvir vasitələrindən təyinatına görə istifadə edir;
– rəngləri (qırmızı, sarı, yaşıl) adlandırır;
– hərəkətlərini musiqinin melodiyasına uyğunlaşdırır;
– ilkin ünsiyyət bacarıqları  nümayiş etdirir;
– hissləri başa düşür və adekvat cavab verir.
3-4 yaş dövrü və inkişaf sahələri üzrə təlimin nəticələri:
– orta qrup (3-4 yaş) üzrə  inkişaf sahələrinə aid təlimin nəticələri:
– fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:
– fiziki hərəkətləri müvazinətini saxlayaraq yerinə yetirir;
– ilkin gigiyena qaydalarını mənimsədiyini nümayiş etdirir;
– masa arxasında yemək dəstindən istifadə bacarığını nümayiş etdirir;
– həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları əlamətlərinə görə fərqləndirir;
– özü, ailəsi və vətəni haqqında suallara cavab verir;
– əşyalar və sadə süjetli şəkillər üzrə danışır;
– müşahidə etdiyi əşyaları fərqləndirir;
– əşyalarla 3 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;
– əşyaları forma və ölçüsünə görə fərqləndirir;
– həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) adlandırır;
– sadə təsvirlər çəkir;
– təsvirlərində uyğun rənglərdən istifadə edir;
– musiqini anladığını ifa bacarığı ilə nümayiş etdirir;
– sadə ünsiyyət etiketlərinə əməl edir;
– arzu, hiss və istəklərini ifadə edir.
4-5 yaş dövrü və inkişaf sahələri üzrə təlimin nəticələri:
– böyük qrup (4-5 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri:
– fiziki hərəkətləri verilən komandaya uyğun yerinə yetirir;
– müəyyən olunmuş gigiyena qaydalarına əməl edir;
– masa arxasında mədəni-davranış qaydalarına əməl edir;
– həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyalarla təhlükəsiz davranma bacarıqları nümayiş etdirir;
– özü, ailəsi və vətəni haqqında məlumat verir;
– müşahidə etdikləri barədə danışır;
– ətraf aləmdə baş verən hadisələri adlandırır;
– əşyalarla 5 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;
– əşyaları forma, ölçüsünə və sayına görə qruplaşdırır;
– məkan və zamana görə hərəkətlərinin ardıcıllığını təyin edir;
– həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) fərqləndirir;
– verilmiş süjet əsasında təsvirlər çəkir;
– rəng çalarlarını fərqləndirir;
– musiqini xarakterinə görə fərqləndirir;
– əməkdaşlıq bacarıqları nümayiş etdirir;
– digərlərinin arzu və istəklərini dəyərləndirir.
5-6 yaş dövrü və inkişaf sahələri üzrə təlimin nəticələri:
– məktəbəhazırlıq qrupu (5-6 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri:
– fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:
– fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətləri yerinə yetirir;
– gigiyena qaydalarını özünənəzarət əsasında nümayiş etdirir;
-masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir;
– həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir;
– özü, ailəsi və vətəni haqqında kiçik təqdimatlar edir;
– verilmiş mövzu ətrafında danışır;
– ətraf aləmdə baş verən hadisələrə münasibət bildirir;
– hərfləri tanıyır, hərf və səsləri fərqləndirir;
– hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurur;
– kəsmə əlifba vasitəsilə sözlər düzür;
– əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;
– hadisələri məkan və zamana görə müqayisə edir;
– həndəsi fiqurlardan (dairə, üçbucaq, kvadrat) aidiyyəti üzrə istifadə edir;
– sadə kompozisiyalar qurur;
– təsvir prosesində rəng çalarlarından istifadə edir;
– ifaçılıq bacarıqları nümayiş etdirir;
– sosial-emosional inkişaf:
– ünsiyyətini sosial normalara əsasən tənzimləyir;
– birgəfəaliyyət bacarıqları nümayiş etdirir.
Uşaqların məktəbə qəbulu zamanı onların inkişafının dəyərləndirilməsi nəticələri əsas kimi götürülmür.. Dövlət məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirilməsi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq normativlərə uyğun həyata keçirilir.
Yeni standartın təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabineti “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 16 iyul tarixli qərarı ləğv edib