Ölkədə kartof istehsalında problem nədir? İdxal edilən kartofun keyfiyyəti yoxlanılmır? – AÇIQLAMA

0
156

Son 1 ildə yerli kartofla bağlı ciddi sıxıntıların olduğu iddia edilir. Bu barədə məlumatlar sosial şəbəkədə paylaşılır. İddialara görə, fermerlər bu istiqamətdə nə toxum, nə də məhsulun becərilməsi üçün münbit şəraitin yaradılmadığını deyirlər.

Üstəlik ölkəyə gətirilən kartofun qiymətinin baha, keyfiyyətinin isə iki dəfə aşağı olduğuna dair iddialar da insanlar arasında ciddi müzakirələrə səbəb olub. Daha dəqiq desək, texniki sortun heyvanlara veriləcək keyfiyyətdə olduğu deyilir.

Əgər iddialar doğrudursa, yerli – Gədəbəy, Tovuz və s. məhsullarımızın becərilməsində mövcud problem nədir? Bu il rəsmi olaraq yerli kartof istehsalından nə qədər məhsul əldə edilib?

Mövzu ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ildə Azərbaycanda fermerlər tərəfindən 1 milyon 074 min 300 ton kartof istehsal olunub. Kartofun istehsal həcmi 2021-ci ilə nisbətən 1,2% və ya 12 300 ton çoxdur.

Azərbaycanda kartofçuluğun inkişafı dövlət tərəfindən dəstəklənir. Kartof əkən fermerlərə həm əsas, həm təkrar əkinlərə görə subsidiya ödənilir. Eyni zamanda 2023-cü ildən fermerlərə təkrar kartof əkinlərinə görə ödəniləcək subsidiyanın miqdarı artırılıb.

Məlumatda o da qeyd edilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2023-cü ildə kartof əkən fermerlərə əsas əkinlərə görə bir hektara 280 manat, təkrar əkinlərə görə isə 100 manat subsidiya ödəniləcək.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) sorğuya verilən cavabda isə bildirilib ki, ölkəyə idxal olunan kartof toxumları əsasən Rusiya Federasiyası, Ukrayna Respublikası, Gürcüstan Respublikası, Niderland Krallığı və Türkiyə Respublikasından gətirilir.

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-13-cü bəndinə uyğun olaraq idxal olunan toxum materialı ilə karantin obyekti olan bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq bitkilərinin ölkə ərazisinə daxil olmamasına nəzarət tədbirlərini həyata keçirir:

“Dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan toxumluq kartof sortları Azərbaycan Respublikasına idxal oluna bilər”.