Elina faciəsinin yükünü üzərimizdən atmadan Zaqatalada intihar edən 16 yaşlı qızın hekayəsindən qanımız dondu. Yayın bu cırhacırında qanımız, bədənimiz dondu rəsmən. Musiqili vida videosu çəkib, sonra da dünyadan köçmə qərarı verən uşağın hekayəsi isə hələ ki, tam açıq deyil. Amma ilkin eskizlər cızılıb: nişanına bir gün qalmış intihar edib, oxumaq istəyib, ailəsi qoymayıb, qızın başqa sevdiyi olduğu üçün bu nişana etiraz edib… Bunlardan hamısı düz də ola bilər və ya biri düz ola bilər. Yaxud bütün versiyalar yanlışdır. Gerçək isə təkdir: bu ölkədə hələ də azyaşlı qızların məcburi evlilik, təhsildən yayındırma kimi problemləri var və onlar həll edilmədikcə cana qəsdlər də olacaq.
Necə ola bilər ki, 21-ci əsrdə yaşayasan və məmləkətində gəncəcik qızlar, nəfəslərindən süd qoxusu çəkilməmiş balalar sırf istəmədikləri izdivaclara görə canına qıysınlar? Hansı məntiqlə 15-16-cı əsrlərə sürətli qayıdış olsun, “qız yükü, duz yükü” təsəvvürü ilə ailənin qızları tez ərə vermək üçün can atılsın? Nə haqla “qız uşağı oxumaz” təfəkkürü gənc ömürlərin qırılmasına səbəb olsun? İntihar üçün heç bir səbəb əsaslı deyil, bunu bilirik. Amma sənin ölkənin mərkəzi məktəbində oxuyanı bir cür intihara sürükləyirlər, ucqar kəndində oxuyanı başqa cür. Elinanı məktəbindəki müəllim-şagird təzyiqinə və sonra da məktəb rəhbərliyi vicdansızlığına görə itirdik, zaqatalalı yeniyetməni isə valideyn anlayışsızlığından, erkən nikah məcburiyyətindən… Yəni, biz sanki övladlarımızla necə davranacağımızı bilmirik. Ərə gedən kimi gözünü sənə dikib, “bir şey-mir şey var” deyə sual edən ağbirçəklər də anlatmır uşaq tərbiyəsinin detallarını. Bir çox hallarda bilmirlər çünki.
Hamının əlində televizor ekranı boyda bir dünya var – telefon. Bir Allahın bəndəsi orda açıb, uşaq tərbiyəsi, yeniyetmə psixologiyası ilə bağlı mütəxəssis rəyi, məsləhəti ilə tanış olmur. Sanki şadlıq sarayına girib, “a bəxtəvər qayınana” mahnısına oynamaqla bunlara valideynlik sertifikatı da verilib. Ya da 500 manat verib, gəlin saçı-makiyajı düzəltdirmək belə bir diploma bərabərdir. Hamının təcrübəsi özündən əvvəlki nəsillərdən gördükləridir: “Atam deyirdi, qızı özbaşına qoysan, ya davulçuya gedər, ya zurnaçıya…” Bu da olur uşaq tərbiyəsinin əsasnaməsi. Bundan başqası yalan-dolan… Bunlar oxumur, öyrənmir, övlad dərdi dinləmirlər. Nəticə: o cocuqların itkisi, axıdılan göz yaşı, çıxarılmayan dərslər… Şəxsən balaca uşaqlar tanıyıram ki, valideynləri onlarla söhbət etmədiyi üçün uşaq dil açıb, normal danışa bilmir. Bəli, ata-ananın başı telefonun içindədir bütün gün. Uşağa yeməyi də telefonda cizgi film göstərməklə yedirdirlər. Ünsiyyət yox, söz öyrətmə, danışdırma, uşaq oyunları oynamaq yox. Hardan öyrənəcək bu uşaq danışmağı? Cizgi filmindən. İndi balaca uşaqların əksərinin Osmanlı türkcəsində danışmasının yeganə səbəbi var: dili Türkiyə kanallarındakı cizgi filmlərindən öyrənirlər.
Hərdən məktəb qapılarında bir neçə dəqiqə dayanmaq kifayət edir ki, müasir şagirdlərin dünyasına bir qədər bələd olasan. Məktəb həyətinə çatanda ətəyinin belini bir neçə qarış qaldıran qızlar, qarnının içinə iki dəftəri pərçimləyib, “dərs oxumağa” gələn oğlanlar, tinlərdə siqaret çəkən balacalar, sinif rəhbərləri tərəfindən mağazaya nəsə almağa göndərilən aşağı sinif şagirdləri… Bunlar bəlkə də üzdə görünənlər, ən məsum günahlardır. Bir də bunun telefonda baxılan videoları, vatsap mesajları, qruplarda aparılan müzakirələri var. Şeytan bax, o detalların içində gizlənib. Normalda hər məktəbin bir neçə psixoloqu olmalıdır. Dediyimiz problemlərlə onlar maraqlanmalıdır. Bizim məktəblərdə isə psixoloq ştatını kiməsə əlavə maaş yazmaq üçün açırlar. Halbuki indi bütün uşaqların həssas bir psixoloqa ehtiyacı var. Çünki valideynlər ağır imtahan qarşısındadır: uşaqları dolandırmaq, geyindirmək, oxutmaq və ətraf mühitin təhlükələrindən qorumaq… Buna psixoloq funksiyasını əlavə etmək olmur.
Uşağı intihar edən atanın açıqlamasını oxudum. Erkən nikahla bağlı deyib ki, uşaq mənimdir, özüm bilərəm… Mən təəccüblənmədim. Uşağına əşya münasibəti göstərən atanın ailəsində belə itkilərin olması qaçılmazdır. Hardasa nəsə qırılır. Bu dəfə insan həyatı…
Sevinc Telmanqızı