İlham Əliyev – Azərbaycan uğrunda döyüşən lider

0
185

Siyasətçilər seçkiləri, dövlət xadimləri gələcəyi düşünür. Və yalnız o ölkələr güclü olur ki, onları seçkiləri düşünən siyasətçilər yox, gələcəyi düşünən dövlət xadimləri idarə edir. Güclü Azərbaycanın təməlində də məhz bu amil dayanır.

Hələ 2003-cü ildə “Mən hər bir azərbaycanlının prezidenti olacam” deyəndə İlham Əliyev növbəti seçkilər üçün vəd vermirdi, gələcəyin inşasının ilk təməllərini atırdı. O gələcək ki, orada Qarabağın azadlığı, məğlubiyyət sindromunun qırılması, böyük Zəfər bizi gözləyirdi.

Lakin insan ömrü baxımından uzaq, tarix baxımından yaxın 2003-cü ildə Azərbaycan yenidən 90-cı illərin qaranlığına qayıtmaq təhlükəsi ilə üzləşmişdi və bizi Zəfərin gözlədiyi gələcəyə də inam zəifləyirdi. Çünki ömür, Azərbaycanı 90-cı illərin qaranlığından çıxaran milli lider Heydər Əliyevə vəfa etməyəndə, küçə tinlərindən boylanan xaos planlarının yenidən həyatımıza daxil olması riski yarandı. Və məhz bu zaman, bu məqamda tale İlham Əliyevi bizə ikinci şans olaraq bəxş etdi.

Və zaman “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək” deyən Heydər Əliyevi haqlı çıxardı…

İlham Əliyev Azərbaycana qarşı bütün xain planların qarşısına cəsarətlə çıxdı və dəf etdi. Düşmənə qarşı nə qədər sərt oldusa, xalqına o qədər humanist və qayğıkeş davrandı, bu millətin rifahı uğrunda gecə-gündüz çalışdı. Vətəndaşlarla görüşəndə ətrafında yaratdığı səmimilik və xeyirxahlıq mühiti, sadə və sıravi vətəndaşın ən xırda problemindən tutmuş, üzləşdiyi haqsızlığa qədər bütün çətinlikləri yerindəcə həll etməsi və bunu xalqının xidmətçisi kimi həyata keçirməsi çox az ölkənin liderinə xas cəhətlərdir. Və biz onun sadəliyi, incə davranışlarına paralel olaraq, müzakirə mövzusu dövlətinin və xalqının maraqları olanda nə qədər sərtləşdiyinin də şahidi olduq. Azərbaycanı və onun sərhədləri içində xalqı mütiləşdirmək, ələbaxan etmək cəhdlərini necə qətiyyətlə dəf etdiyinə də hər şeydən öncə tarixin özü şahidlik edir. Anti-Azərbaycan dairələrin məkrli oyunlarına alət olmamaq üçün zaman-zaman sinəsini qabağa verdi, hətta dünyanın supergücü hesab olunan ölkələrə qarşı çıxdı, çünki hədəfdə millətinin maraqlarının olduğunu hər birimizdən daha yaxşı anlayırdı. Lakin baş verən siyasi oyunların ağırlığını xalqının üzərinə atmadı, bizi bu ağır yükün altına vermədi, daim bu milləti əzmək istəyənlərin üzərinə yeridi. Hətta onun özünün şəxsini hədəfə alanda belə… Əsl ailə başçısı kimi, əsl lider kimi… Bizləri yalnız xoş günlərə ortaq etdi, qələbələrə daşıdı, xoşbəxt gələcəyi bu gündən inşa etdi.

Onun hədəfi vardı, hər birimizin arzusunu həyata keçirmək, işğal altındakı torpaqlarımızı azad etmək, yenidən Şuşaya qayıtmaq, Cıdır düzündə yallı getmək.

Əliyev böyük Zəfərə aparan yola çıxırdı və hər addımbaşı tramplinlərlə dolu olan bu yolu təmizləyə-təmizləyə xalqı hədəfə doğru apardı.

Biz yalnız Vətən müharibəsində anladıq ki, Prezident İlham Əliyevin atdığı hər bir addımın arxasında düşünülmüş strategiya var, yalnız o, “nəyi, nə vaxt, necə etmək lazım olduğunu” hər kəsdən yaxşı bilir.

– İqtisadi inkişafda inqilabi nəticələr əldə etdi, xüsusilə müstəqil siyasət yürüdə bilməyin əsasını təşkil edən iqtisadi müstəqillik yaratdı;

– Sosial rifahın təmin edilməsi istiqamətində mühüm addımlar atdı, bu, həm də Azərbaycanın daxili dayaqlarının güclənməsi baxımından vacib idi;

– Azərbaycanı beynəlxalq siyasətin həlledici oyuçusuna çevirdi;

– Enerji və nəqliyyat layihələrində Azərbaycanı mərkəz rolunu oynayan ölkə etdi;

– Region və dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər sistemi formalaşdırdı;

– İşğalçı Ermənistanın siyasi və iqtisadi istiqamətlərdə mühasirəsini yaratdı;

– Və bütün bunlara paralel olaraq qüdrətli ordu yaratdı: Silahlı Qüvvələrimiz həm döyüş qabiliyyəti, həm hərbi arsenalının müasirliyi və zənginliyi ilə regionun lider, dünyanın ön sıralarına yüksəldi;

İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətləri bunlar idi və proseslər təsdiq edir ki, o, hər şeyi dəqiqliklə ölçüb-biçib. Vətən müharibəsinə qədər yürütdüyü xarici siyasət istiqamətləri də məhz böyük Zəfərə hazırlıq məqsədi daşıyırdı.

– Balanslı siyasət: Heç bir geosiyasi cəbhədə yer almadan bütün tərəflərlə qarşılıqlı əlaqələr qurmaq, region ölkələri ilə mehriban münasibətlərə dayanan bərabərhüquqlu əməkdaşlıq etmək. Bu, Azərbaycana hücum diplomatiyasını uğurla həyata keçirmək üçün etibarlı tərəfdaşlar qazandırırdı.

– Hücum diplomatiyası: Ermənistanı bütün cəbhələrdə sıxışdırmaq, işğalçının “nəfəsliklərini” bağlamaq və təslim olmağa məcbur etmək.

Prezident İlham Əliyevin apardığı bu siyasət türk dövlətlərinin sınaqdan çıxmış “Aypara” hərbi taktikasının döyüşün cəbhədə deyil, masada aparıldığı şərtlərdə müasir diplomatiyaya uğurla köçürülməsi idi: düşmən bütün tərəflərdən mühasirəyə alınır və zərərsizləşdirilir.

Balans siyasəti və hücum diplomatiyasına əsaslanan bu strateji taktika bölgədə yeni reallığın yaranması ilə nəticələndi: Bütün ölkələrlə bərabərhüquqlu faydalı əməkdaşlıq quran və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən güclü Azərbaycan və ənənəvi tərəfdaşlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər burulğanında boğulan Ermənistan.

Azərbaycanın regionda qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı, tərəfdaşı və icraçısı olan ölkəyə çevrildi:

– Avropa bazarında əhəmiyyətli paya sahib olan neft kəmərləri;

– Cənub Qaz Dəhlizi;

– Bakı-Tbilisi-Qars dəmiryolu xətti;

– “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi;

– Şərq-Qərb nəqliyyat dəhlizi və s;

Azərbaycan Şərqlə Qərbin, Asiya ilə Avropanın körpüsünə, qapısına çevrildi. Və iqtisadi əlaqələr fonunda siyasi əlaqələr də inkişaf etdi.

İkitərəfli, üçtərəfli və çoxtərəfli siyasi əlaqələr sistemi formalaşdırdı: region ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Azərbaycan, Uzaq Şərqdə Çin, Uzaq Qərbdə ABŞ daxil olmaqla bütün ölkələrlə qarşılıqlı etibara əsaslanan əlaqələr qurdu. O cümlədən, Avropa İttifaqı və ittifaq ölkələri ilə strateji tərəfdaşlıqlar yaradıldı. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi gücləndi.

Bu strategiya regionda və beynəlxalq aləmdə Ermənistanın təcrid olunması ilə nəticələndi, hətta güclü erməni lobbisi belə çox çalışsa da, Əliyevin strateji siyasətinin önünü kəsə bilmədi.

Vətən müharibəsinə qədər atılan addımlar və bunun nəticəsinin müharibəyə öz təsirini göstərməsi Azərbaycan liderinin böyük strateq olduğunu bir daha təsdiqlədi.

İlham Əliyev 2018-ci ildə keçirilən Hərbi Paradda elan etdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Əliyevin Azərbaycanı hazırladığı o gün gəldi. 27 sentyabr, 2020-ci il tarixi. Bu, tarixin yenidən yazıldığı, yaxud yanlış yazılmış tarixin düzəldildiyi təqvimdir. Bu, həm də Azərbaycanın son iki əsrdə üzləşdiyi məğlubiyyət sindromunun sındırılması idi.

İşğalçı Ermənistan danışıqlar masasında vəziyyəti xeyrinə dəyişmək məqsədilə genişmiqyaslı təxribatçı hücuma başladı. Hesab edirdilər ki, bununla Azərbaycanı geri çəkilməyə məcbur edəcək, İlham Əliyevin illərdir həyata keçirdiyi Zəfər strategiyasını pozacaqlar. Amma qarşılarında dayananın strategiya ustası olduğunu hesablaya bilməmişdilər.

27 sentyabrda Azərbaycan Ordusu tam şəkildə döyüşə hazır idi. İlham Əliyev bu günün bir gün gələcəyini bildiyi üçün Silahlı Qüvvələri Vətən müharibəsinə tam hazırlamışdı.

Azərbaycan Ordusunun cəmi 44 gün ərzində həyata keçirdiyi əməliyyatlar da diplomatik masada işğalçı ölkənin oyunlarını pozan və qələbə əldə edən Prezident İlham Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qüdrətli sərkərdə olduğunu isbatladı.

Müharibənin ilk günündən Ermənistanı kapitulyasiyaya məcbur edən tarixi Şuşa əməliyyatına qədər İlham Əliyev Ali Baş Komandan olaraq döyüşlərə rəhbərlik etdi.

Və Ermənistanın 4 ilə işğal etdiyi torpaqlarımız cəmi 44 günlük müharibə ilə azad olundu, düşmən diz çökdürüldü. İlham Əliyev hələ ilk prezident seçkilərində torpaqlarımızın azad ediləcəyini deməklə gələcəyi düşünən və onu inşa edən lider olaraq Azərbaycan tarixinə adını yazdırdı. Bununla təkcə işğala son qoyulmadı, həm də, iki əsrlik məğlubiyyət tariximiz dəyişdi.

Azərbaycan xalqı bu yola İlham Əliyevlə başladı və onun liderliyi altında onilliklər boyunca yoxa çıxan ədaləti yenidən diriltdi. Bütün bunlar – Zəfərimiz, məğlubiyyət tarixinin qələbəyə çevrilməsi – Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın bəhrəsidir.

Qaranlıq 90-cı illərdən işıqlı gələcəyə doğru. Azərbaycan insanı bunun olacağına inanmır, ümid bəsləmirdi, amma oldu, torpaqlarımız işğaldan azad olundu, bölgədə yeni siyasi reallıqlar yaradıldı.

Bu əsərin müəllifi Prezident, Ali Baş Komandan İlham Əliyevdir. O, Vətəni naminə masa arxasında peşəkar diplomat, cəbhədə məğlubedilməz sərkərdədir.