Bəşəriyyətin ciddi sosial problemlərindən olan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizə günün ən aktual vəzifələrindən sayılır. Problemin ciddiliyini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev 1997-ci ilin fevralında Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət və bununla bağlı problemlər üzrə Yardımçı Komissiyanın 32-ci sessiyasının açılışında söylədiyi nitqində qeyd etmişdir ki, “narkotiklərə nəzarət, narkomaniya və narkobiznes ilə mübarizə əsrimizin son illərində dünyada ümumbəşəri bir problem olmuşdur. Bu mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir”.
Son 20 ildə ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi və praktik tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı” buna əyani sübutdur. Bu Proqramın icrası ümumən respublikada olduğu kimi rayon miqyasında da uğurla həyata keçirilmişdir.
Narkotik maddələr bir növ tələ kimidir. Bu tələyə bir dəfə düşən insanın oradan qurtulması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Həmçinin narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur, yaddaş və təfəkkür pozulur. Dünyada bu bəla ilə mübarizə üçün atılmış beynəlxalq mübarizə addımları da var. Belə ki, narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Ayrı-ayrı dövlətlər narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və müalicə metodlarını təkmilləşdirmək sahəsində səylərini artırıb. Dövlətlər insanları ölümə aparan bu bəlaya istər fərdi şəkildə, istərsə də beynəlxalq əməkdaşlıq çərçivəsində mübarizə aparsalar da, dünya üzrə narkomaniyaya düçar olanların sayı ilbəil artmaqdadır. Qeyd edim ki, ölkəmiz də müstəqilliyini bərpa etdikdən sonra “ağ ölüm”ə qarşı mübarizə üsullarını artırıb. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbul edilib. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir.
Təəssüflə qeyd etmək lazımdır ki, narkomaniyaya qarşı mübarizə üsulları genişlənsə də, bu bəlaya qurşananların sayı getdikcə artır. Bu da cəmiyyəti problem ətrafında ciddi düşünməyə vadar edir. İndi artıq narkomaniyanın satışı və təbliği formaları da dəyişib. Son zamanlar ölkəmizdə və dünyada sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin satışının sürətlə yayıldığının şahidi oluruq. Rəqəmsallaşmanın geniş vüsət aldığı və həyatımızdakı rolunu nəzərə alıb, xüsusilə uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə nəzarət etməliyik. Uşaqlarımıza sərbəstlik verməklə yanaşı, həm də onların asudə vaxtlarının təşkili istiqamətində müəyyən fakultativ addımlar atmaq daha məqsədəmüvafiqdir. Əgər gənclərimiz, uşaqlarımız elmə, idmana, incəsənətə və digər sahələrə maraq göstərərlərsə, narkomaniyanın necə bir bəla olduğunu dərk edərlərsə, əlbəttə, bu bəladan uzaq durar və ətraflarını da “ağ ölüm”dən qorumağa çalışarlar.
Narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri də maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Bəs maarifləndirmə işləri necə aparıla bilər? Yaxşı olar ki, məktəblərdə və ali təhsil ocaqlarında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilsin. Şagird və tələbələrə narkotik maddələrin ziyanları, istifadəsindən sonra baş verə biləcək fəsadları barədə informativ məlumatların verilməsi çox vacibdir.
2.(mövzunun ardı) Təqdirəlayiq olardı ki, Təhsil Nazirliyi maarifləndirmə işlərini tədris planına əlavə edərək bu yöndə daha effektiv nəticə əldə etməyə şərait yaratsın. Ali təhsil ocaqlarında isə “Ağ ölüm”, “Sintetika”, “Narkomanlıq əsrimizin bəlasıdır”, “Gənclər narkotikə yox deyir!” və s. kimi mövzularda elmi-praktik konfranslar keçirilməlidir ki, gənclərə daha çox təsirli olsun. Bu yöndə ən yaxşı təbliğat formalarından biri də mövzuya dair videoçarxlardır. Unutmaq olmaz ki, vizual görüntü müasir dövrdə təhlətşüura daha tez təsiretmə metodu kimi geniş istifadə edilir. Şübhəsiz ki, ən böyük təbliğat və örnək ailədən başlayır. Ailələr nə qədər sağlam bağlara sahib olarsa, valideynlər övladları ilə nə qədər dostluq bağı qura bilərsə, o ailədə böyüyən uşaqlar da düzgün mühitdə böyüyüb formalaşacaq. Çünki valideynlər uşaqlar üçün ən təsirli mayak rolunu oynayır. Bu gün valideynlərin necə davranması və uşaları üçün hansı təsirə malik olması, sabah həmin uşaqların gələcəyinə bilavasitə təsir edir.
Allah hər birimizi və doğmalarımızı belə bir bəladan qorusun inşallah!
Əli İbrahimov,
hüquqşünas