Gözümün önündən getməyən foto – Rafael Hüseynov yazır

0
229

Rafael HÜSEYNOV
Akademik

Çox təəssüf!

Bakıdan xəbər acı gəldi – daha bir əbədi ayrılıq soyuq üzünü göstərdi.

Jurnalist Şakir Yaqubovu itirdik.

Həmişə az olan yaxşılardan hər birinin gedişi yandırandır, ağrıdandır.

2022-ci il oktyabrın 16-da Bakıda həmkarları, yaxınları, doğmaları Şakirlə vidalaşacaq.

Şakir Yaqubov əsl peşəkar qəzetçiliyin və xalis jurnalistikanın son ən parlaq təmsilçilərindən idi.

“Xalis jurnalistika” deyimini səbəbsiz işlətmirəm. Ali təhsil diplomunda ixtisası “jurnalist” kimi yazılanlar ha çox. Hansısa qəzetdə, radio-televiziyada, informasiya agentliyində çalışdığı üçün özünü “jurnalist” deyə təqdim edənlərsə saysız-hesabsız. Ancaq bu gün Azərbaycanda qələminə, yazısına (təbii ki, kompüter epoxasında bu sözlər artıq bir qədər rəmzi məna daşıyır), biliklərinə, səriştələrinə, universal özünüifadə və mətbuatçılıq keyfiyyətlərinə görə inamla kamil jurnalist saya biləcəyimiz neçə nəfəri taparıq?

Saymağa qoşa əlin barmaqları yetər, ya belələri var, sadəcə, üzdə deyillər, biz görmürük? Ümumən hər il ali məktəblərimizə zəruri ehtiyacın miqyasları dəqiqliklə araşdırılmadan, müxtəlif ixtisaslar, o sıradan jurnalistika üzrə sonra iş tapa bilməyəcək tələbələri bir ucdan qəbul edib bir ucdan da hey çiy məzunlar buraxılmasına nə lüzum! Az yetişdirək, amma keyfiyyətli yetişdirək ki, onlar sonra iş axtarmasın, mütəxəssis (!) olduqları üçün onları arasınlar!

Şakir məhz MÜTƏXƏSSİS idi – sənətini, peşəsini sevən və mahircə bilən jurnalist idi.

Ömrünün heç olmazsa son 20 ilində belə daxilən zəngin və mükəmməl təcrübə məktəbi olan bir Mütəxəssisdən – Şakir Yaqubovdan, – başqa oxşar təmayüllü təhsil məkanlarını bir kənara qoyaraq əsas mərkəzi deyirəm – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi nə dərəcədə səmərəli istifadə etdi?

Ən əlverişli imkanları qaçıra-qaçıra qaneedici nəticələrə ümid bəsləmək əbəsdir.

Şakir Yaqubov yaxşı məktəb keçmiş və özü də məktəbə çevrilmiş, ömrü boyu öz üzərində işləməkdən usanmamış jurnalist idi.

Dili, üslubu, yazısının tərzi, qəzetçiliyin umduğu istənilən janr və formada çevikliklə qələm işlədə bilməsi Şakiri hətta yetkin jurnalistlərin çox olduğu 1970-80-ci illər mətbuatımızda da seçdirirdi. İndi adama nağıl kimi gəlir. 100 min, 300 min, yarım milyon tirajla qəzet çıxırdı və əl-əl gəzirdi. “Azərbaycan gəncləri” bütün idarəçilik və bəlli siyasi konyunktur məhdudiyyətlərinə baxmayaraq, 1980-ci illərin əvvəllərində Azərbaycanın bir nömrəli oxunaqlı, aranan qəzetinə çevrilmişdisə, əsas səbəblərdən birincisi elə Şakir Yaqubov idi. Qəzetin daşıyıcı çiyni məhz o idi! Həm öz yazılarıyla, həm də seçib, işləyib, ya sifariş verib hazırlatdırdığı məqalələr, onlardan qurduğu bəyənimli qəzet kompozisiyası ilə.

Anlayıram, indi internet erasıdır, qəzetlər küncə sıxılan təhərdir. Ancaq dünyaya baxaq. İnternet fəzası da öz yerində, yaxşı qəzetlər də yaşamaqda. Bəs bizdə neçə qəzet var?

Təbii, söhbət QƏZETdən gedir.

Bütün bu qüssəli düşüncələri əziz Şakirin gedişi oyadır.

Böyük bir mətbuat xadiminin yasında bunlardan deyil, nələrdən ötrü, hansı ağrılı mətləblərdən dolayı vaysınaq?!

Şakir Yaqubovu bir jurnalist olaraq səciyyələndirən başlıca cəhət gərək olan təqdirdə istənilən mövzuda, istənilən həcmdə və ustaca yaza bulməsi idi. Zatən, əsl qəzetçi elə bu deməkdir. Lakin ictimai-siyasi palitradan tutmuş portret oçerklərə və adi xəbərədək hər türlü yazını məharətlə və operativ şəkildə ortaya qoymağa daim hazır olsa da, idman jurnalistikasına, illah da futbola meyli məxsusi idi. Futbolu indisi və bütün tarixi ilə həm yaxşı bilirdi, həm də bu mövzuda qəşəng yazırdı. Futboldan onun kimi şövqlə, zövqlə, həm də bu oyuna şairanə gözlə baxaraq yazanlar arasında Şakirdən savayı mənim döşümə ən çox yatan Şamil Şahməmmədovun reportajları olub.

Elə Şakirlə qiyabi tanışlığım da hələ məktəbliykən onun “Azərbaycan gəncləri”ndə çıxan Pele haqqındakı yazılarıyla başlanmışdı. Yəni o yazıların müəllifi Şakir deyildi, Pelenin xatirələrini, yaddaşlarını bir rusca nəşrdən çevirmişdi. Amma elə səlis, rəvan bir dillə, həm də sevərək tərcümə etmişdi ki, mətn elə əvvəldən azərbaycanca yazılıbmış kimi birnəfəsə oxunurdu.

Pele demişkən, vaxtilə unudulmaz dostumuz, üstün şair Eldar Baxışın içərisi əngin olan belə misraları vardı ki:

Dünya bir futbol topu ola,

Atasan Pelenin qabağına,

Vura həqiqətin qapısına.

Həqiqətə sadiq, hədəfi saxtakarlıqsız-riyasız düz nişan ala bilənlərə hər yerdə hər zaman ehtiyac var – o sıradan futbolda da, jurnalistikada da!

Qapıya topu əli ilə dürtərək kəlləylə vurdum iddiası ilə qol qazananlara futbolda gen-bol rast gəlindiyi kimi, jurnalistikada da həmin işə xirtdəyəcən tuş düşülüb.

Şakir vurğunu olduğu Pele kimi qolu həqiqətin qapısına yönəltməyə daim bütün vicdanı və saf qəlbi ilə hazır olan yaradıcı idi…

…Şakir Yaqubovun yaradıcı ömrünün bir hadisəsi də mənə rəmzi görünür. O, bəlkə də yeganə jurnalistdir ki, həm sovet dönəmində, həm də müstəqillik dövründə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Tam ədalətli qiymətləndirmədir. Çünki Şakirin həm o, həm bu dövrdə mətbuatımızın yüksək səviyyəsini qorumaq yolundakı əməkləri həqiqətən ən yüksək təriflərə layiqdir.

Sovet çağlarında Azərbaycanda “Kommunist” birinci qəzet sayılırdı. Nüfuzu yüksək idi, respublikadakı ən çoxsaylı nəşr idi, sözükeçər idi, əməkdaşlarının müəyyən imtiyazları da vardı.

Və Şakir həmişə o qəzetdə işləməyi arzulamışdı.

Hərçənd bu onun yetərincə sərbəst ruhlu qələmi üçün zahirən sən deyən münasib məkan sayılmaya da bilərdi. Ancaq Şakir Yaqubov əsl professional olduğundan uyğunlaşmağı, hansı qəzetin hansı tələbləri olduğunu həssaslıqla tutaraq məhz o cür işləməyi bacaran idi. Onsuz da ürəyi istəyən mövzudakı yazını örtülü imza ilə başqa qəzetlərdə də dərc etdirə bilərdi. Və etdirirdi də.

Nəhayət ki, bu niyyətinə də çatdı, “Kommunist”in də əməkdaşı oldu.

Di gəl, istər sovet əyyamları olsun, istər müstəqillik illəri, istər Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin orqanı olan “Azərbaycan gəncləri”, ya Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Kommunist”də, istərsə də tariximizin keşməkeşli keçid parçası və müstəqillik dövrü mətbuatımızın qaranquşlarından hesab etdiyimiz “Səhər”dəki fəaliyyət illəri – Şakir Yaqubov harada işləməsinə rəğmən ilk növbədə sağlam milli mətbuatımızın siması olan qələm sahiblərindən idi.

…O fotonu mən görməmişəm.

Ümumən belə bir foto, yəqin ki, heç yoxdur.

Bu xronikanı da seyr etməmişəm.

Şübhəsiz, heç belə bir kino, ya videolent də çəkilməyib. Fəqət həmin mənzərəni mən dəqiqliyi ilə görürəm.

Əhvalatı mənə unudulmaz jurnalistimiz, Şakirin də xətrini çox istəyən, onun peşəkarlığına da böyük hörmətlə yanaşan, əlbəttə ki, özü də jurnalistikamızın son mogikanlarından olan Rəfail Nağıyev söyləmişdi.

1990-cı ilin qanlı 20 Yanvar hadisələrinin ardınca “Kommunist”in əlavəsi kimi və bütün mətbuat tariximizin ən rekord sayında – 2 milyon tirajla buraxılmış “Səhər”i mətbəədən götürərək tanklar, zirehli maşınlarla dolu və qan ləkəli küçələrdən keçərək Şəhidlər xiyabanına aparırlar.

Rəfail Nağıyev o anları qəhərlənərək yada salırdı: “Gözü yaşlı insanlar axın-axın hələ torpağı nəm şəhid məzarlarına doğru irəliləyirdilər. Biz də qəzetlərlə dolu üstüaçıq maşındaydıq. Şakir qucağına aldığı iri qalaqdakı “Səhər”ləri topa-topa adamlara sarı atırdı ki, mətbuatın, radio-televiziyanın susdurulduğu həmin müdhiş günlərdə böyük faciənin görüntülərini və gerçəkləri əks etdirən, yaralı ürəklərə bir təsəlli olacaq qəzet hər kəsə çatsın”.

…Şakirin yeri həmişə görünəcək.

Şakiri gərək çox danışdıraydılar, yazaydılar, çünki o, mətbuatımızın bir neçə qaynar onilinin son dərəcə maraqlı təfərrüatlarını yaddaşı və sinəsində daşıyan, həm də bu haqda iştahla, cəlbediciliklə, doymadan danışa bilən həmsöhbət idi. Şakiri unutduq, barı həmin yaş nəslindən olan tarix və təcrübə daşıyıcısı jurnalistlərimizin, qəzetçilərimizin yaşamaqda davam edənlərinə biganə qalmayaq. Bu iş də görülsün, sonra həmin yazılardan jurnalistika tədrisində də əyani vasitə kimi yararlansın.

Güman edirəm, Mətbuat Şurası Şakir Yaqubovun xatirəsinin və qələminin əbədiləşdirilməsi səmtində nəcib bir iş görə bilər. Onun haqqında xatirələrin, fotoların, özünün müxtəlif illərə aid seçmə yazıları və tərcümələrinin qovuşduğu bir toplu hazırlamaq məsləhətdir. Sözdə rəhmət demək nə asan! Belə bir kitabsa həm Şakirə əlavə ömür verər, həm də hər dəfə oxuyanları bu istedadlı qələm sahibini sayğı ilə anmağa yönəldər, rəhmət dedirdər.

…Bakıdan uzaqdayam, Fransadayam. Heç Şakirlə vida mərasimində də iştirak edə bilməyəcəyəm. Ona görə də sadəcə rəhmət oxumayıb təskinlik üçün bəzi onlu düşüncələrimi də bölüşməklə ürək boşaltdım.

Neyləməli, ömür Allahın əmri, hər gələn bir gün gedəsidir. Amma əbədi gedişi çox könüldə göynək, xiffət oyadanlar hər halda həyatı, bütün eniş-yoxuşlarına rəğmən bihudə yaşamayanlardır.

Şakir iz qoyub gedənlərdəndir. Həm mətbuatımızın yaddaşında, həm dostların, tanıyanların hafizəsində…

 15 oktyabr 2022, Strasburq