“Biz anlayırıq ki, heç bir düşmənçilik əbədi ola bilməz və sülh sazişi nə qədər tez imzalanarsa, bölgədə əməkdaşlıq mühiti nə zaman qurularsa, tərəflər də prosesdən bir o qədər uduşlu çıxar. Ona görə də Azərbaycanın qalib tərəf olmasına baxmayaraq Prezident İlham Əliyev müharibə başa çatdığı gündən sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, habelə, kommunikasiya xətlərinin açılması və xalqlar arasında etimadın yaradılması üçün çağırışlar edir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, Ermənistan üçtərəfli sazişə, o cümlədən Brüsseldə üzərinə götürdüyü öhdəliklərə zidd olaraq sülh prosesini ləngidir, eyni zamanda revanşist davranışlar sərgiləyir: “Təəssüf ki, bu işdə erməni diaspora təşkilatları ilə yanaşı bəzi Qərb dövlətləri də revanşizm meyllərini bu və ya digər formada dəstəkləyərək yeni təxribatlara rəvac verir. Yalnız bu yay ərzində Ermənistan 3 dəfə təxribat törədib və hər dəfə də yerlə – yeksan edilib. Amma kənar təşviqlər ermənilərə reallığı anlamağa imkan vermir, nəticədə İrəvan da, erməni xalqı da uçuruma doğru yuvarlanmaqdadır”.
Deputat qeyd edib ki, hər şeyə rəğmən, biz ən qısa müddətdə yekun sülhün bərqərar olmasını arzulayırıq və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının aktivliyini zəruri hesab edirik: “Lakin yayılan son müraciətin niyyətini sülhə yönəlik çağırış yox, Azərbaycana qarşı informasiya müharibəsinin bir hissəsi hesab edirəm. Azərbaycanı təcavüzdə ittiham edərək “Sülh çağırışı” na imza atan hər bir azərbaycanlı xəyanətkar nihilistdir, revanşist erməni maraqlarına xidmət etməklə sülh və sabitlik üçün təhdiddir. Vətəndaş cəmiyyəti nümayəndəsinin vəzifəsi qarşılıqlı etimad mühitini formalaşdırmaqdır, bu insanlar isə torpağını qoruyub şəhadətə ucalanların özünü təcavüzkar hesab etməklə bağışlanmaz xainlik edirlər. Əlbəttə, bu tip dalğaların olacağı aydın idi. Xatırlayırsınızsa, müharibə zamanı antimilli ünsürlər bu istiqamətdə, eyni tezis üzrə açıq şəkildə Azərbaycan dövlətinə, ordusuna böhtanlar yağdırıb bizi təcavüzkarlıqda günahlandırırdılar. Bu gün isə daha hiyləgər taktika seçərək sülh çağırışı fonunda Azərbaycan ordusu təcavüzkar ordu adlandırılır. Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu məsələyə dair mövqeyini ifadə etməlidir”.