ACI SİRR

0
379

(Hekayə)1

  • A sənin ayıbını qara yer örtsün, a sənə gəlinlik qismət olmasın. Mən hansı günahın sahibiyəm ki, səni Allah mənə verdi bu yaşımda? Cavan vaxtımda gözüm qucağı qundaqlı gəlinlərdə qaldı, qurbanolduğum mənə gözünün ucuyla da baxmadı. Qocalan çağımda səni mənə verdi ki, məni el içində rüsvay edəsən? A səni oda düşüb yanasan balaa, sənə bala deməyə dilim gəlmir, sən bəla oldun başıma, bu ahıl yaşımda üzümü qazan qarasından betər elədin el içində…
    Şəfiqə xalanın səsi həmişəki kimi həyəti başına götürmüşdü…
    Qınamalı da deyildi, yazıq qadın yarı yaşında ana olmuşdu. Uşaq dünyaya gələndən bir neçə ay sonra yoldaşı qəzaya düşüb dünyasını dəyişmişdi. Zülüm-zillətlə, gözündən od götürə-götürə böyütmüşdü balasını.
    Bala da nə bala, gözəl-göyçək, su sonası kimi bir qız, bir baxışla atlını atdan salırdı.
    Yazıq Şəfiqə xala vaxtlı-vaxtında namazını qılan, orucunu tutan, sakit təbiətli bir qadın idi. Qızı Nübarsa tam əksinə bütün günü əlində bir telefon, ağzında saqqız, öz aləmində idi. Telefonuna gələn zənglərin ardı-arası kəsilmirdi. Dəfələrlə sübh namazı üçün oyanarkən qızı yatağında görməyib narahat olmuş, amma eyvana çıxarkən qarşılaşmış arxayın olaraq dəstəmaz almağa getmişdi. Qayıdıb namazını qılınca qız artıq şirin yuxuda olurdu. Çox deyirdi, öyüd-nəsihət verirdi, gah ağlayırdı, gah qışqırırdı, qızınsa heç nə vecinə deyildi…
    Son günlər Nübarın əhvalındakı dəyişiklik Şəfiqə xalanın diqqətini çox çəkmişdi. Qızın rəngi avazıyır, alnına tər gəlirdi. Tez-tez hamama qaçırdı. Qadın pis şeylər düşünməyə belə qorxurdu, özünü qarğayırdı. Amma yox, deyəsən arvadın qorxduğu başına gəlirdi….
    Bir gün sübh namazına qalxıb dəstəmaz alarkən, Nübarın evdən sürətlə çıxıb həyətə düşdüyünü gördü. Maraq qadını bürüdü, Nübar isə anasının eyvanda dəstəmaz aldığına fikir verməmişdi. Qadın asta-asta qızının arxasınca getdi, qızı ağacın altlnda dayanıb bir əlini ağacdan kömək kimi tutub ögüyürdü…Yazıq ananı elə bil tok vurdu, dizləri əsməyə başladı, ağzını açdı ki, qışqırsın, səsi çıxmadı. Beləcə bir neçə dəqiqə donub qaldı, özünə gəlmişdi ki, bu vaxt qızın kiməsə zəng edərək ağlaya-ağlaya kimləsə danışdığını eşitməli oldu.
    Yazıq qadın yerindən tərpənə bilmirdi, ayrı vaxt namazını bir saniyə keçirmədiyi halda indi key kimi baxırdı…Hər şey məlum idi.
    Qorxduğu oldu, ürəyinin odu ilə, gözünün yağı ilə böyütdüyü balası, ona xəyanət etmişdi. Qız hamilə idi.
    Yazıq ana ayaqlarını sürüyə-sürüyə evə qayıtdı. Sübh namazını ötsə də, amma yenə canamazını salıb, üzü qibləyə dayandı. Allahdan bağışlanmağını dilədi, günahlarından keçməsini istədi. Ağlaya-ağlaya dualar etdi. Artıq qərarlı idi….
    Hava tamam açılmışdı, qonşuların səsi gəlir, qoyun-quzu mələməsi, inəklərin böyürməsi eşidilirdi. Həyat yoldaşı dünyasını dəyişəndən sonra yaxın qonşuları, qonşuluğa sadiq olan Saleh kişi Şəfiqənin həyət-baca işlərində hərdən köməklik edərdi. Qadın yaşlanandan sonra isə, mal-qarasını naxıra ötürməyə kömək edərdi. Adı kimi özü də əməl-saleh adam idi. Bu gün də eyni vaxtda Saleh kişi Şəfiqə xalanın həyət qapısını döydü, amma cavab verən olmadığından qapını itələyib açmağa çalışdı. Qapı arxadan bağlanmadığı üçün rahat açıldı. Saleh kişi tövləyə tərəf bir neçə addım atmışdı ki, böyük bir alovun tövlə tərəfdən çıxıb ona sarı yüyürdüyünü gördü. Əvvəl çox qorxdu, özünü itirdi, nə baş verdiyini anlamaqda aciz qaldı.

Amma qeyri-ixtiyari hiss etdi ki, kimsə özünü yandırıb, ora bura boylandı özünü itirmişdi, bilmirdi nə etsin. Birdən gözü divarın dibindəki süpürkəyə sataşdı. Cəld qaçaraq süpürgəni götürüb alovu döyəcləməyə başladı, alovdan isə qışqırlq səsi artıq zəifləmişdi,süpürkə zərbəsindən yanan adam yerə yıxıldı. Süpürgənin alışdığını görən Saleh kişi əynindəki sırıqlısını çıxarıb alovun üstünə atdı. Qışqırıb adam çağıra bilmirdi, nitqi tutulmuşdu. Yanan adamın tükürpədici səsi ətrafa yayıldı. Küçə qapısı açıq olduğundan yoldan heyvanlarını örüşə aparan bir neçə adam səsə boylanaraq, bu dəhşətli mənzərıni görüb, köməyə yüyürdü. Güc-bəla alovu söndürə bildilər. Yananın kimliyini bilmək istədilərsə də əynində paltardan bir işarə qalmamışdı, qaralıb ətinə yapışmışdı. Yəqin ki, adam özünə od vurandan sonra peşman olmuş, əlləri ilə üzünü tutmuşdu. Saleh kişi yanan adamın kimliyini bilmək üçün, yanıb piyi tökülən əllərini zorla üzündən qoparanda gözləri hədəqəsindən çıxacaqdı az qala. Şəfiqə arvadın üzü salamat qaldığından tanınırdı. Şəfiqə aravad son dəfə böyümüş gözlərini Saleh kişinin üzünə zilləyərək baxdı, sanki gözləri ilə nəsə demək istəyirdi. Gözlərindən qaynayan yaş yanmış qulaqlarına tərəf süzüldü…..
ARDI VAR…

Əfşan Yusifqızı

yazıçı, şair