İkinci Dünya müharibəsinin iştirakçılarından biri, 1926-ci il təvəllüdlü İbrahimov Əzim Əlisgəndər oğludur. O, Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.
Ə.İbrahimov deyir ki, 1941-ci ilin oktyabrında onları böyük heyətlə Qori şəhərinə aparıblar:
“Üç ay Qori şəhərində təlimlərdə qaldıq, müharibəyə getdiyimizi də bilmirdik. Almaniyada gedən qızğın döyüşlərdə iştirak etdik. Döyüşdə fərqlənən iki nəfərdən biri bir mən idim, biri də Qərbi Azərbaycanın Nüvədi kəndindən olan zabit idi. Komandirimiz naxçıvanlı Məmmədov idi, adını unutmuşam. Biz xidmətdə həmişə soyad ilə xitab edirdik deyə adını bilmirəm. Heyət ilə birlikdə Almaniyada zavodlardan birinə girmişdik. Bizim kənddən müharibədə 3 nəfər vardı, Əli Hacıyev, Abdullayev Nəcəfalı, bir də Vəli Abdıyev. Bir kənddən olsaq da, müharibədə bir-birimizdən ayrı düşmüşdük”.
Əzim dayı deyir ki, Berlində müharibə bitəndən sonra biz heyətin yarısını itirdik:
“Mən artilleriyada olmuşam. Zabitlərdən biri dağa çıxıb koordinat verirdi, biz isə onun koordinatları ilə topu tənzimləyirdik. Top atəşini 3 nəfər idarə edirdi. Hədəfi bir atışla vurmaq olmurdu, həm məsafə uzaq idi, həm də silah-sursatlar tez bitirdi”.
Əzim dayı deyir ki, 1950-ci ilin oktyabr ayına qədər “Salyanski kazarma”da (Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi) qalıb:
“Bizim komandir deyirdi ki, müharibənin qaydalarını bilmək lazımdı. Həmin vaxtlar qızğın döyüşlər gedirdi, irəliyə yalnız sürünə-sürünə gedirdik. Müharibə gedən əraziyə yemək də gec gəlirdi. Elə olurdu bir gün yemək gətirmirdilər, ac, taqətsiz olurduq. Səyyar yeməkxana yaratmışdılar, yeməyə şorba verirdilər. Yemək gələndə gözümüzə işıq gəlirdi. Müharibə bitəndən sonra bizi qaytardılar. Mən də Qobustana qayıtdım”.
Nazim dayı Qobustanda polis idarəsində çalışıb:
“Qobustanda 10 il polis idarəsində çalışdım, işimi rəis bəyəndi və 1956-ci ildə Kalininqrada oxumağa göndərdi. Oxuyub bitirəndən sona leytenant rütbəsi ilə qayıtdım. 10 il də Qobustanda işlədikdən sonra məni Qərbi Azərbaycana göndərdilər. Rəislərimdən biri rusiyalı, biri erməni idi. Göyçə mahalında 22 il polis işlədim. Kapitan rütbəsinə qədər yüksəldim, amma mayor rütbəsini qərəzli şəkildə vermədilər. Orada çalışdığım müddətdə çoxsaylı təltiflər medallar almışam. Bəlkə də Azərbaycanda xidmət etsəydim indi polkovnik rütbəsini də alardım. Bu gün mənim silah yoldaşlarımdan həyatda çox az insan qalıb. Amma qələbənin 77-ci ildönümüdür, qürurluyuq. Bizi yad etdiyiniz üçün sizə də təşəkkür edirəm”.