Azərbaycanda pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə yardım göstərib

0
353

İki il əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılmasını pandemiya elan edib. Həmin vaxt planetdə ümumilikdə 114 dövlətdə koronavirusa 118 min yoluxma halı qeydə alınmışdı, gün ərzində isə təxminən 5 min yeni yoluxma halı aşkar edilirdi.

Azərbaycanda COVID-19-un yayılması 2020-il fevralın 28-də başladı, o zaman Azərbaycanın Nazirlər Kabineti yanında bir gün əvvəl yaradılmış Operativ Qərargah tərəfindən ölkədə COVID-19 koronavirus infeksiyasına ilk yoluxma halı qeydə alınmışdı. Yoluxmuş şəxs İran tərəfindən Azərbaycanın sərhədini keçən Rusiya vətəndaşı idi.

Azərbaycanda pandemiyanın ilk günlərindən COVID-19-un əhaliyə neqativ təsirinin minimallaşması və vəziyyətin nəzarətdə saxlanması üzrə praktiki tədbirlər görülmüşdü. Qısa zamanda 13 modul tipli və 1 daimi xəstəxana tikilmişdi. Ölkədə COVID xəstələrinin müalicəsi üçün ayrılan xəstəxana çarpayılarının ümumi sayı 10 mini ötür.

2022-ci il martın 10-a olan məlumata görə indiyədək Azərbaycanda ümumilikdə 790 min 153 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb, onlardan 777 min 960 nəfər müalicə olunaraq sağalıb, 9 min 575 nəfər vəfat edib, aktiv xəstə sayı 2 min 618 nəfərdir. Ötən müddət ərzində 6 milyon 617 min 758 test icra olunub.

Praktiki olaraq bütün ölkələr və qitələr infeksiya ilə əhatə olunub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 450 milyonu, ölüm hallarının sayı isə 6 milyonu keçib.

2020-ci ilin sonundan bəzi ölkələrdə koronavirus əleyhinə vaksinasiya başlanılıb. Azərbaycanda 2021-2022-ci illər üçün təsdiq edilmiş Vaksinasiya Strategiyası çərçivəsində 18 yanvar 2021-ci il tarixindən etibarən peyvənd kampaniyasına start verilib. Ölkəmizdə bu günə qədər koronavirus əleyhinə 13 milyon 202 min 557 vaksin vurulub. Birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 311 min 55, ikinci mərhələ üzrə 4 milyon 798 min 936, üçüncü və sonrakı vaksinasiya mərhələlərində vaksinlərin sayı 2 milyon 876 min 702, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 215 min 864-dür.

Azərbaycan pandemiya ilə beynəlxalq mübarizəyə mühüm töhfə verir. Ölkəmiz pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə, o cümlədən Qoşulmama Hərəkatına daxil olan ölkələrə humanitar və maliyyə yardımı göstərib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi verib ki, bunun da yarısı Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev “peyvənd millətçiliyini”, varlı və yoxsul ölkələr arasında vaksinlərə çıxışda bərabərsizliyi dəfələrlə tənqid edib. Azərbaycanın Qoşulmama Hərəkatı adından irəli sürdüyü COVID-19 vaksinlərinə bərabər, uyğun, vaxtında və universal çıxışın təmin edilməsinə dair Qətnamə ötən il dekabrın 16-da 179 ölkənin dəstəyi ilə BMT Baş Assambleyası tərəfindən qəbul edilmişdi.

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar martın 5-də Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edib. Qərara əsasən, 2022-ci il martın 6-dan etibarən aşağıdakılara icazə verilib: dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna; dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə; bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə;

ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə; masaj xidmətlərinin göstərilməsinə; sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə.

Aşağıdakı məhdudiyyətlər ləğv edilib: mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti; dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti; şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti; ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət; pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları; 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti.

Fəaliyyətinə icazə verilən xidmətlərdən (işlərdən) yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər.

Qeyd etmək lazımdır ki, məhdudiyyətlərin ləğv olunması şamil olunan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər tələblər (girişlərdə COVID-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə və s.) qüvvədə saxlanılır.