SSRİ-nin süqutu milyonlarla insanı imperiya əsarətindən azad etməklə yanaşı, onları çoxsaylı problemlərlə üzə-üzə qoydu. Problemlər sırasında ilk yerdə də sərhədlərin qeyri-müəyyənliyi durur. Üstündən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, problem nəinki həllini tapır, əksinə, qanlı qarşıdurma və toqquşmalarla davam edir. Mərkəzi Asiyanın iki dövləti – Qırğızıstan və Tacikistanın son sərhəd qarşıdurması da bunun bariz nümunəsidir.
Hər iki sərhəd ərazidə yaşayan insanların otlaq sahələrinə, yollara, su mənbələrinə girişləri yoxdur. Vəziyyətin doğurduğu iqtisadi itkilər isə milyonlarla dollarla ölçülür. Məsələnin başqa tərəfi də var. Qazaxıstanda yaşananlardan sonra baş verən bu hadisə, onun heç də təsadüfi gərginlik olmadığı qənaətinə gəlməyə əsas verir. Belə desək, Qazaxıstanda yaşanan qanlı olaylardan sonra çoxları növbədə Özbəkistanın olacağını ehtimal etsələr də, bu, baş vermədi. Qış fəsli olsa da, qırğız və taciklər su ehtiyatlarına sahib olmaq uğrunda qanlı qarşıdurmaya getdilər. Müşahidəçilərin böyük əksəriyyəti bir fikirdə həmrəydirlər ki, bölgədə vəziyyət hər an dəyişə bilər. Rusiya siyasi dairələrində, mediasında isə belə fikir daha çox yayılır ki, opponentlər Moskvanın Avrasiya layihəsini zəiflətməyə çalışır. Hətta üç tərəfdən – Qərbdən (Ukrayna, Belarus), cənubdan (Cənubi Qafqaz) və cənub-şərqdən (Mərkəzi Asiya) zərbə endirməyə çalışıldığı iddia edilir.
Beləliklə, əgər Qazaxıstanda yaşananlar elitaların mübarizəsi idisə, Qırğızıstanla Tacikistan arasında gərginlik təbii coğrafi səbəblərə görədir. Hər halda, ilk baxışda belə görünür. Bir növ digər postsovet ölkələrində baş verənlər burada da təkrarlanır. Bəllidir ki, sovet hakimiyyəti dövründə respublikalar arasında dəqiq müəyyən edilmiş sərhədlər yox idi. Lakin 1991-ci ildən buna son qoyuldu. Konkret olaraq Qırğızıstan və Tacikistana gəldikdə, onlar arasında hələ delimitasiya olunmayan 900 km-lik sərhəd var. Respublikaların yalnız nazik bir ərazi zolağı ilə birləşən anklavları mövcuddur. Məsələn, Tacikistanın Vorux anklavından Düşənbəyə getmək üçün Qırğızıstan ərazisindən keçmək lazımdır. Qırğızlar isə Tacikistan ərazisindən özlərinin Batken anklavına gedirlər.
Axırıncı gərginliyə gəldikdə, Qırğızıstan vətəndaşlarını yanvarın 27-də tacikin avtomobilini zorla saxlayıb maşınına daş atmaqda ittiham ediblər. Qırğızıstan hakimiyyəti iddia edir ki, münaqişəyə səbəb taciklərin Batken-İsfan magistral yolunu kəsməsi olub. Ardınca da məişət münaqişəsi sərhədçilərin münaqişəsinə çevrilib. Taciklər minaatan və qumbaraatanlardan, qırğızlar isə pilotsuz təyyarələrdən istifadə etməyə başlayıb. Münaqişə nəticəsində hər iki tərəfdən 17 nəfər yaralanıb, iki Tacikistan vətəndaşı həlak olub. Qırğızıstan hakimiyyəti bütün sərhəd boyu əhalini döyüş yerlərindən uzaqlaşdırmağa məcbur olub. 1,5 min nəfər dövlət müəssisələrinə və məktəblərin idman zallarına yerləşdirilib. Tacik generalı Saimumin Yatimovun sözlərinə görə, münaqişənin səbəbi tərəflərin əvvəllər əldə edilmiş razılaşmalara əməl etməməsidir. İki ölkə liderləri tezliklə münaqişənin sülh yolu ilə həlli və hətta birgə patrulların keçirilməsi barədə razılığa gəlsələr də, böyük ehtimalla, bu da problemi həll etməyəcək. 2014-cü ildən bəri iki dövlətin sərhədində artıq 10 ciddi toqquşma olub. Ötən ilin yazında baş verən toqquşmada hər iki tərəfdən 20 nəfər həlak olub, 150 nəfər yaralanıb.
Yeri gəlmişkən, Qırğızıstan-Tacikistan sərhədinin demarkasiyası və delimitasiyası üzrə hökumətlərarası komissiya gələn həftə işini bərpa etməyə qərar versə də, hər iki ölkə sürətlə silahlanmaqdadır. Yayılan xəbərlərə görə, Qırğızıstana fevral ayında yeni hərbi texnika gətiriləcək və onlar sərhədyanı Batken vilayətinə daşınacaq. Qırğızıstan Türkiyədən “Bayraktar” pilotsuz təyyarəsi də alıb. “Pul artıq ödənilib. Görəcəksiniz, bizdə əvvəllər belə texnologiya olmayıb. Biz bütün bunları Batkenə verəcəyik”, – Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçibek Taşiyev bildirib.
Maraqlı olan Rusiya mediasının mövqeyidir. Onlar diqqəti ona yönəldir ki, Rusiya iki ölkə arasındakı problemin həllində ən yaxşı vasitəçi ola bilər, çünki həm Tacikistan, həm də Qırğızıstan KTMT və Aİİ-nin üzvləridir. Hər iki ölkədə Rusiya hərbi bazaları var. Xüsusilə iddia edirlər ki, Moskvanın heç bir tərəfə açıq-aşkar simpatiyası yoxdur, Rusiyanın qərəzsizliyini qabardırlar. Diqqəti də ona yönəldirlər ki, məhz KTMT baş katibinin müdaxiləsi sayəsində son gərginlik söndürülüb. Yəni onlara yeritməyə çalışılır ki, hər an bu gərginlik güclənə bilər. Rusiya mediası Əfqanıstandakı radikal ünsürlərin bu ölkələrə mümkün müdaxilə təhlükəsini də qabardır. Diqqəti həm də ona yönəldirlər ki, Qırğızıstan və Tacikistan Rusiya ilə xüsusi münasibətlərdən yararlanmalı və onu sərhədlərin demarkasiyasına müşahidəçi və vasitəçi kimi dəvət etməlidirlər. Sübut kimi də Ermənistan və Azərbaycanın sərhədlərinin müəyyən edilməsində Rusiyanın vasitəçilik təcrübəsini önə çəkirlər.