“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür – VİDEO

0
235

Sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin 27 illiyidir və eyni zamanda Neftçilər Günü kimi qeyd olunur.

1994-cü ilin sentyabrın 20-də Azərbaycanla beynəlxalq şirkətlər arasında “Əsrin müqaviləsi” imzalanıb.

Bu, Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın iri neft şirkətləri ilə bağlanmış müqavilə idi.

Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

Müqavilənin qüvvəyə minməsinin Azərbaycanı dünya arenasında aparıcı mövqeyə çıxarıb, bu müqavilə həm də Azərbaycanın enerji təhlükəsizliyinin əsasını qoyub.

“Şahdəniz” yatağı üzrə müqavilə “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalanıb.

2017-ci ilin sentyabrın 14-də “Azəri”, “Çıraq” və “Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalanıb. 

Sazişi BP, SOCAR, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TPAO, “Itochu” və “ONGC Videsh Ltd.” OVL şirkətlərinin rəhbərləri imzalayıblar.

Müqavilə ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb.

Prezident İlham Əliyev 2019-cu ilin sentyabrın 20-də  Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə deyib ki, “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır.

“Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılıb. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var”,-deyə Prezident bildirib.

Bu gün Azərbaycan Avropanın enerji xəritəsinin dəyişməsində mühüm rola malikdir. Azərbaycanın liderliyi altında bir çox enerji layihələri gerçəkləşib, Azərbaycan qazının Avropaya çatdırılması üçün əhəmiyyətli addımlar atılıb.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatdırılıb, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib.

2012-ci ildə Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri üzrə saziş imzalanıb.

“Şahdəniz” yatağının tam miqyasda işlənilməsi üçün bu hadisənin xüsusi yeri var.

2018-ci ildə TANAP və Cənub Qaz Dəhlizini rəsmi şəkildə açılışı olub.  

2019-cu ilin noyabrın 30-da Prezident İlham Əliyev Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimidə deyib ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir.

Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir.

“Onlardan üçü – “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcək”,-deyə İlham Əliyev bildirib.

TAP istifadəyə veriləndən sonra Azərbaycan qazı Avropa ölkələrinə tədarük olunacaq.

Neftçilər Günü ilə “Əsrin müqaviləsi”nin eyni vaxtda qeyd olunması təsadüfi deyil.

Mərhum Prezident Heydər Əliyevin 2001-ci il 17 avqust tarixli fərmanı ilə Azərbaycan Respublikasında “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.

Heydər Əliyev Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək həmin fərmanı imzalayıb.